“Beləcə qızıma nəvaziş göstərməyi yadırğadım…” – JALƏ ƏLİYEVA XOCALI DƏHŞƏTLƏRİNDƏN YAZDI

20-ci əsrin ən dəhşətli faciələrindən olan, Xoloxost, Xatın, Xirosima cinayətləri ilə müqayisə edilə biləcək Xocalı qətliamından 28 il ötür…

Həmin gecənin harayını nə qədər ört-basdır etməyə, gizlətməyə çalışsalar da, qorxunc xəbərlərin Bakıya çatdığı günü indiki kimi xatırlayıram…

İnanmaq istəmirdik, evdə mərhum anamla bir birimizi təskin edirdik, ola bilməz, bu günahı yer göy götürməz deyirdik…

Amma olan olmuşdu…

Bir gecədə doğma yurd, vətən torpağı alt üst olmuşdu, insanlıq adına silinməz bir qara ləkə vurulmuşdu…

Qızım o zamanlar 2 yaşındaydı.

Mən onun hər saçını tumarlamaq, üzünü hər oxşamaq istəyəndə həmin gecənin heç vaxt böyüməyəcək uşaqları gözümün önünə gəlirdi…

Və… əlim havada asılı qalırdı… Onu öpsəm, qucaqlasam həmin gecənin həyatı qəfil qırılan məsum varlıqlarına sanki bir haqsızlıq, bir xəyanət etmiş olaram kimi gəlirdi mənə.

Beləcə qızıma nəvaziş göstərməyi yadırğadım…

Evimizdən gəlin köçdüyü gün, ana gedirəm, bəlkə heç olmasa bu gün məni öpəsən, dedi mənə qızım incə bir tənəylə.

Bəlkə də haqlı idi… Adı hər çəkiləndə qəhərləndiyim, göz yaşıma, səbrimə hakim ola bilmədiyim Xocalı!

Əbədi yaram!

Bir bilsən, sənə nə qədər ağılar deyilib, laylalar çalınıb, şeirlər söylənib, əsərlər yazılıb.

İndi onların sayı hesabı yoxdur.

O ağılardan biri də elə həmin günlərdə bizim evimizdə deyilib, bizim evimizfə çalınıb o laylalardan biri, o şeirlərdən biri bizim evimizdə söylənib, bizim evimizdə yazılıb o əsərlərdən biri.

Anam Nurəngiz Günün böyük ağrıyla, əzabla qələmə aldığı, hər misrasını göz yaşıyla islatdığı “Xocalı simfoniyası” poeması!

Həmin gecənin ilk poetik inikası! Müəllifinin qəlbini sözün əsil mənaslnda çatladan əsər!

Ruhu dərbədər olan Xocalılı atam, anam, bacım, qardaşım, övladım! Bu gün Nurəngiz xanımın əvəzinə mən oxuyacağam bu laylanı sizin üçün bir daha…

Allahın bütün rəhmətləri sizinlə olsun! Amin!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Hələ də dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə istənilən səviyyədə təpki vermir…” – ADİL ƏLİYEV

Read Next

Daha 7 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib – RƏSMİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir