“Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur…Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür…”-AZƏRBAYCAN PREZİDENTİ – ƏLİYEVLƏ LUKAŞENKO YENİDƏN BİR ARADA – FOTOLAR – YENİLƏNİB – (5)

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verdi.

Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Belarus Prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u imzaladılar.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarus Respublikasının antiinhisar tənzimləmə və ticarət naziri Aleksey Boqdanov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzaladılar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarus Respublikasının “Milli İnvestisiya və Özəlləşdirmə Mərkəzi” Dövlət Müəssisəsinin direktoru Dmitri Krasovski “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”nu imzaladılar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzaladılar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzaladılar.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda salamlayıram. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və ölkəmizə dövlət səfərinə gəlmisiniz.

Bir çox məsələlər – ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub. Həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə, nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərlə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.

Aleksandr Qriqoryeviç, bir daha Sizi salamlayıram.

Sizə dost ölkə olan Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram.

X X X

Prezident Aleksandr Lukaşenko dedi:

– İlham Heydər oğlu, çox sağ olun. Həqiqətən bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Biz müzakirə aparırıq, hətta kimsə hansısa məsələlər barədə eşidirsə, onlar münasibətlərimizin necə olduğu barədə düşünürlər. Münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, problemlər, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, – onların bəziləri şəhərdə anadan olub, – lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.

İlham Heydər oğlu, ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır.

Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər.

Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.

***

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

16:20

***

Mayın 16-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycan və Belarus musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Etikxeber.az

Read Previous

“Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir…Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır…Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Axırıcı dəfə bizimlə Şəhidliyindən dörd öncə danışmışdı…”-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, SUBAY, ALİ HƏRBİ MƏKTƏBİN KURSANTI, ÜÇ MEDALLI, HƏM AĞDAMLI, HƏM DƏ SUMQAYITLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, QARŞIDAN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜ GƏLƏN VÜSAL MURADOVUN ATASI CƏSARƏT MURADOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir