“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılır – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncam Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilir.

Dövlət Turizm Agentliyinə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etmək tapşırılıb. Nazirlər Kabineti Dövlət Turizm Agentliyi, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməli, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Sərəncamda qeyd olunur ki, Azərbaycanın nadir təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir. İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilib.

Etikxeber.az

Read Previous

“Ölkəmizdə hər şey ideal deyil, müəyyən qüsurlar var, onlarla mübarizə aparılır…”-ADİL ƏLİYEV

Read Next

“İstefalara səbəb nə ola bilərdi?”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir