Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında-BİR NEÇƏ SAZİŞ MÜZAKİRƏ OLUNDU, DİASPOR KOMİTƏSİ İLƏ ƏMƏKDAŞLIQ ÖNƏ ÇƏKİLDİ – YENİLƏNİB

Bu gün – mayın 20-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olacaq.

Bu haqda Etikxeber.az-a MM-dən məlumat verilib.

Qeyd edilib ki, iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında”,  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə,  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə və  “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə məsələlərə baxılacaq.

Gündəlikdəki bu dörd qanun layihəsinə dair  deputatların rəy və təklifləri dinləniləcək.

Sonra komitə üzvləri cari məsələlərlə əlaqədar fikir mübadiləsi aparacaqlar. 

09:07

***

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında 7 məsələyə baxıldı.

 Gündəlik barədə məlumat verən komitənin sədri Səməd Seyidov öncə VI çağırış Milli Məclisdə xanım Spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük islahatlar aparıldığını vurğuladı, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdı, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətə başladığını bildirdi.

Səməd Seyidov qarşıdan gələn Ramazan bayramı və Respublika günü ilə əlaqədar deputatlara təbriklərini çatdırdı.

 Sonra iclasa dəvət olunmuş Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov çıxış etdi.

Bildirdi ki, yeni tərkibdə fəaliyyətə başlamış Milli Məclisdən həm cəmiyyətin, həm də ölkə rəhbərinin gözləntiləri çox böyükdür. Bu gözləntilər arasında parlamentin beynəlxalq fəaliyyəti ilə əlaqədar məqamlar da var və bu, mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti VI çağırış Milli Məclisin ilk iclasında parlamentarlardan beynəlxalq arenada çox fəal olmalarını istəmişdir. Bu baxımdan bütün deputatların, xüsusilə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin, eləcə də Beynəlxalq münasibətlər şöbəsinin üzərinə böyük məsuliyyət düşür. 

Çıxışında parlament diplomatiyasının əhəmiyyətini xüsusi vurğulayan İlkin Məmmədov qeyd etdi ki, parlament diplomatiyamızın cənab Prezidentin qarşıya qoyduğu hədəflər istiqamətində daha fəal və təsirli formada qurulması işində millət vəkillərimizlə bərabər fəaliyyət göstərməyə tam hazırıq. 

Sonra Səməd Seyidov gündəlikdəki qanun layihələrini şərh etdi. Öncə bu il fevralın 25-də Azərbaycan və Türkiyə hökumətləri arasında Bakıda imzalanmış Sazişlər və Əlavə Protokol barədə məlumat verdi. Bildirdi ki, bu sənədlər Azərbaycan-Türkiyə əlaqələrinin yeni mərhələyə yüksəlməsi üçün çox vacibdir. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ölkəmizin iqtisadi maraqlarına uyğundur. 

Qeyd olundu ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Saziş vacib və əhəmiyyətli məsələləri əhatə edir. Belə ki, bu sənəd ölkələrimiz  arasında dostluq və əməkdaşlığı möhkəmləndirməklə yanaşı, Azərbaycan və Türkiyə vətəndaşlarının səfərlərini də asanlaşdıracaq. Saziş hər iki tərəfin etibarlı pasport sahiblərinə şamil ediləcək. Yəni tərəflərin vətəndaşlarına məxsus pasportların ölkəyə giriş tarixindən etibarən ən azı 6 ay etibarlılıq müddəti olmalıdır və qonşu ölkədə vizasız maksimum qalma müddəti 90 gün nəzərdə tutulur. 

Komitə üzvlərinə məlumat verildi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin məramı uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirməkdir.Nəzərə çatdırıldı ki, 2013-cü ilin 13 noyabrında Ankarada imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”də 2020-ci ilin 25 fevralında zəruri dəyişikliklər edilib. Müasir çağırışlardan irəli gələn həmin dəyişikliklərə dair Bakıda imzalanmış Əlavə Protokoldakı müddəalar mühüm əhəmiyyətə malikdir. 

Sonra Səməd Seyidov Azərbaycan və Türkmənistan hökumətləri arasında bu il martın 11-də Bakıda imzalanmış sənədlər barədə məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Saziş ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini daha da inkişaf etdirmək, qarşılıqlı olaraq  diplomatik nümayəndəliklərin fəaliyyəti üçün əlverişli şərait yaratmaq məramına xidmət edir. 

Deputatların diqqətinə çatdırıldı ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolda ehtiva olunan əlavə və dəyişikliklər ölkələrimiz arasında avtomobil əlaqəsinin asanlaşdırılmasına, həmçinin bu iki dövlətin ərazisindən üçüncü ölkələrə tranzit üçün əlverilşli şəraiti təmin etməyə yönəldilib. Sənədlər barədə məlumat dinlənildikdən sonra iclasda fikir mübadiləsi aparıldı.

Müzakirələrdə Sabir Rüstəmxanlı, Ramil Həsən,  Elman Nəsirov rəy və təkliflərini bildirdilər. Vurğulandı ki, komitəyə təqdim olunmuş bütün sənədlər Azərbaycanın milli maraqlarına uyğundur.Komitədə baxılan Azərbaycanla Türkiyə və Azərbaycanla Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Sazişlərin və Protokolların təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu. 

Sonra iclasda cari məsələlərə baxıldı.

Məzahir Əfəndiyev, Elman Nəsirov, Asim Mollazadə, Cavanşir Feyziyev, Ramil Həsən beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, parlament  və hökumət arasında əməkdaşlığın vacibliyi,

Azərbaycan XİN və Diaspor Komitəsi ilə birgə iş aparılması zərurətini və s. önə çəkdilər.

Yekunda komitə sədri səslənən fikirlərə münasibətini bildirdi.

Etikxeber.az

Read Previous

Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi-HƏBS ETDİ

Read Next

“ABŞ-ın maraqları Azərbaycanla strateji tərəfdaşlığı diqtə edir”-ADİL ƏLİYEVİN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir