Bibi oğlu və dayı oğlu Şəhidlər-BİR AİLƏNİN İKİ ŞƏHİDİ: İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, 22 YAŞLI XƏYAL HƏSƏNOV VƏ SENTYABR ŞƏHİDİ 22 YAŞLI MURAD RƏSULOV… – FOTOLAR – YENİLƏNİB

Bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun anası Mərifət Həsənova ilə birlikdə Şabran rayonundan olan Şəhid ailələrini ziyarət etdik…

Onunla birgə həm Şabranın İkinci Vətən Müharibəsi Şəhidlərinin, həm də son sentyabr döyüşləri Şəhidinin ailəsinə baş çəkdik…

Qeyd edim ki, Şəhid Vüsal Həsənov da əslən Şabranlı, Zeyvə kəndindəndir…

Nəşi də elə atasının yanında, Zeyvə kənd qəbiristanlığında dəfn edilib…

Mərifət xanımla birlikdə öncə iki qohum (qardaş və bacı) Şəhid ailəsində olduq…

İkinci Vətən Müharibəsi Şəhidi Xəyal Əliyulla oğlu Həsənov və sentyabr Şəhidi Murad İlqar oğlu Rəsulovun ailə üzvləri ilə bir araya gəldik…

Öncə sentyabr Şəhidi Murad Rəsulovun evində, ocağında olduq…

Həmçinin, Şabran Şəhidlər Xiyabanını, Şəhidlərimizin və Murad Rəsulovun məzarını ziyarət etdik…

Ruhu, ruhları qarşında baş əydik, dualar etdik…

Onu da bu yerdə qeyd edim ki, Xəyalla Murad dayı oğlu-bibi oğludurlar…

Həm də iki dost, qardaş olublar Muradla Xəyal

Ailənin 3 oğlan övladından biri olan Xəyal İkinci Vətən Müharibəsində, Füzuli istiqamətində qanlı döyüşlərdə Şəhidlik məqamına ucalıb…

Nəşi doğulub boya-başa çatdığı Surra kəndində torpağa tapşırılıb…

Şəhidliyindən sonra isə bir orden və 5 medalla təltif olunub…

Dayısı oğlu, iki qardaşdan biri-22 yaşlı Murad isə son sentyabr döyüşlərində, Laçında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ali təhsilli, peşəkar hərbçi və Leytenant olan Muradın nəşi 14 sentyabr tarixində Şabran Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Murad İkinci Vətən Müharibəsinin və düşmən-erməni təxribatı nəticəsində baş vermiş daha iki döyüşün iştirakçısı olub…

Qəhrəmanlıqlara imza imza atıb, kəllə-beyin travması alıb, ölümlərdən dönüb…

İkinci Vətən Müharibəsində göstərdiyi İgidlik və Qəhrəmanlığıa görə, Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub…

Bir müharibədən, iki döyüşdən sağ-salamat qurtulsa da, sentyabr döyüşlərində ömrü, ömür yolu yarımçıq qalıb, Şəhidlik zirvəsinə ucalıb…

Arzuları, xəyalları da ömrü kimi yarım və yarımçıq qalıb…

Hər iki Şəhidimizin ailəsinə-Muradın valideynləri İlqar kişiyə, anası Oksana xanıma, Şəhidlər nənəsi Reyhan nənəyə, Şəhid anası və Şəhid bibisi, Xəyal Həsənovun anası Zərnişan xanıma, atası Əliyulla kişiyyə, qardaşı Cəmilə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, “Şəhidlərimizin-həm Xəyalın, həm də Muradın məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Ruhları qarşısında baş əydiyimizi bildirdik…

Hər iki Şəhidimizin ailə üzvləri, bir ailədən olan Şəhid ailələri ilə söhbətləşdik, dərdləşdik…

Kövrək, təsirli anlar yaşandı, yaşadıq…

Qardaş və bacı, ikisi də Şəhid valideyni və cəmi iki ilin içində iki Şəhid…

Şəhid anası və Şəhid bibisi Zərnişan xanımın dediklərindən:

“Əvvəl qardaşım mənə təsəlli verirdi…İndi də mən qardaşıma təsəlli verməyə çalışıram…Qardaş və bacı…Doğum günlərimiz də üst-üstə düşür, qardaşım mayın 18-i, mən də mayın 20-si…Balalarımız da 22 yaşlarında Şəhid oldular…Xəyal da 22 yaşımda dünyaya gəlmişdi… Rəqəmlərə, günlərə fikir verin…Bunlar heç biri təsüdüfi deyil (gözləri dolur)…Çox çətindir, çox…İki ilin içində iki itki, iki acı… Allah heç kimə yaşatmasın…” .

Zərnişan xanım sonra deyir:

“Xəyal Şəhid olmazdan əvvəl yuxuma girmişdi…Gördüm ki, əlində “lapatka” indi onun muzeyinə çevirdiyimiz otağın divarlarını qaşıyıb, yerə tökür…Sən demə, Şəhidliyi balamın ürəyinə damıbmış…Özü üçün otaq, muzey hazırlayırmış (göz yaşlarını saxlaya bilmir)…Uşaq vaxtı həmin otaqda böyümüşdülər…İndi isə həmin otaq onun muzeyinə dönüb…”.

Sözün də, kəlmələrin də bitdiyi yer idi…

Təsəlli verməyə sözlər, kəlmələr belə yetmirdi…

Nə deyəsən, necə təsəlli verəsən?!

Allah bir daha və bir daha səbrlərini, dözümlərini versin!

Övladlarının, həyatdan nakam getmiş balalarının dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

13:20

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava necə olacaq?-SABAH

Read Next

Sabranın Nur üzlü Şəhidləri: Qohum Şəhidlər-3 QARDAŞDAN BİRİ XƏYAL HƏSƏNOV VƏ 3 DÖYÜŞDƏN SALAMAT ÇIXAN MURAD RƏSULOV… NƏŞİ YUXUDA VƏ 4 AYDAN SONRA TAPILAN, AİLƏNİN TƏK VƏ 18 YAŞLI OĞLU ƏMİRAĞA AĞAYEV…ATASINI VƏ İKİ KÖRPƏ QARDAŞINI İTİRƏN, HƏM ZEYVƏLİ, HƏM DƏ BADAMDARLI VÜSAL HƏSƏNOV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir