Sabranın Nur üzlü Şəhidləri: Qohum Şəhidlər-3 QARDAŞDAN BİRİ XƏYAL HƏSƏNOV VƏ 3 DÖYÜŞDƏN SALAMAT ÇIXAN MURAD RƏSULOV… NƏŞİ YUXUDA VƏ 4 AYDAN SONRA TAPILAN, AİLƏNİN TƏK VƏ 18 YAŞLI OĞLU ƏMİRAĞA AĞAYEV…ATASINI VƏ İKİ KÖRPƏ QARDAŞINI İTİRƏN, HƏM ZEYVƏLİ, HƏM DƏ BADAMDARLI VÜSAL HƏSƏNOV – FOTOLAR – YENİLƏNİB – (1)

21 sentyabr 2022-ci il tarixində Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüsal Ariz oğlu Həsənovun anası Mərifət Həsənova ilə birlikdə Şabran rayonundan olan Şəhid ailələrini ziyarət etdik…

Onunla birgə həm Şabranın İkinci Vətən Müharibəsi Şəhidlərinin, həm də son sentyabr döyüşləri Şəhidinin ailəsinə baş çəkdik…

Qeyd edim ki, Şəhid Vüsal Həsənov da əslən Şabranlı, Zeyvə kəndindəndir…

Nəşi də elə atasının yanında, Zeyvə kənd qəbiristanlığında dəfn edilib…

Mərifət xanımla birlikdə öncə iki qohum (qardaş və bacı) Şəhid ailəsində olduq…

İkinci Vətən Müharibəsi Şəhidi Xəyal Əliyulla oğlu Həsənov və sentyabr Şəhidi Murad İlqar oğlu Rəsulovun ailə üzvləri ilə bir araya gəldik…

Öncə sentyabr Şəhidi Murad Rəsulovun evində, ocağında olduq…

Həmçinin, Şabran Şəhidlər Xiyabanını, Şəhidlərimizin və Murad Rəsulovunməzarını ziyarət etdik…

Ruhu, ruhları qarşında baş əydik, dualar etdik…

Onu da bu yerdə qeyd edim ki, Xəyalla Murad dayı oğlu-bibi oğludurlar…

Həm də iki dost, qardaş olublar Muradla Xəyal

Ailənin 3 oğlan övladından biri olan Xəyal İkinci Vətən Müharibəsində, Füzuli istiqamətində qanlı döyüşlərdə Şəhidlik məqamına ucalıb…

Nəşi doğulub boya-başa çatdığı Surrakəndində torpağa tapşırılıb…

Şəhidliyindən sonra isə bir orden və 5 medalla təltif olunub…

Dayısı oğlu, iki qardaşdan biri-22 yaşlı Murad isə son sentyabr döyüşlərində, Laçında qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ali təhsilli, peşəkar hərbçi və Leytenant olan Muradın nəşi 14 sentyabr tarixində Şabran Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Murad İkinci Vətən Müharibəsinin və düşmən-erməni təxribatı nəticəsində baş vermiş daha iki döyüşün iştirakçısı olub…

Qəhrəmanlıqlara imza imza atıb, kəllə-beyin travması alıb, ölümlərdən dönüb…

İkinci Vətən Müharibəsində göstərdiyi İgidlik və Qəhrəmanlığıa görə, Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub…

Bir müharibədən, iki döyüşdən sağ-salamat qurtulsa da, sentyabr döyüşlərində ömrü, ömür yolu yarımçıq qalıb, Şəhidlik zirvəsinə ucalıb…

Arzuları, xəyalları da ömrü kimi yarım və yarımçıq qalıb…

Hər iki Şəhidimizin ailəsinə-Muradın valideynləri İlqar kişiyə, anası Oksana xanıma, Şəhidlər nənəsi Reyhan nənəyə, Şəhid anası və Şəhid bibisi, Xəyal Həsənovun anası Zərnişan xanıma, atası Əliyulla kişiyyə, qardaşı Cəmilə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, “Şəhidlərimizin-həm Xəyalın, həm də Muradın məkanı cənnətlik, məqamı Uca olsun!”-dedik…

Ruhları qarşısında baş əydiyimizi bildirdik…

Hər iki Şəhidimizin ailə üzvləri, bir ailədən olan Şəhid ailələri ilə söhbətləşdik, dərdləşdik…

Kövrək, təsirli anlar yaşandı, yaşadıq…

Qardaş və bacı, ikisi də Şəhid valideyni və cəmi iki ilin içində iki Şəhid…

Şəhid anası və Şəhid bibisi Zərnişan xanımın dediklərindən:

“Əvvəl qardaşım mənə təsəlli verirdi…İndi də mən qardaşıma təsəlli verməyə çalışıram…Qardaş və bacı…Doğum günlərimiz də üst-üstə düşür, qardaşım mayın 18-i, mən də mayın 20-si…Balalarımız da 22 yaşlarında Şəhid oldular…Xəyal da 22 yaşımda dünyaya gəlmişdi… Rəqəmlərə, günlərə fikir verin…Bunlar heç biri təsüdüfi deyil (gözləri dolur)…Çox çətindir, çox…İki ilin içində iki itki, iki acı… Allah heç kimə yaşatmasın…” .

Zərnişan xanım sonra deyir:

“Xəyal Şəhid olmazdan əvvəl yuxuma girmişdi…Gördüm ki, əlində “lapatka” indi onun muzeyinə çevirdiyimiz otağın divarlarını qaşıyıb, yerə tökür…Sən demə, Şəhidliyi balamın ürəyinə damıbmış…Özü üçün otaq, muzey hazırlayırmış (göz yaşlarını saxlaya bilmir)…Uşaq vaxtı həmin otaqda böyümüşdülər…İndi isə həmin otaq onun muzeyinə dönüb…”.

Sözün də, kəlmələrin də bitdiyi yer idi…

Təsəlli verməyə sözlər, kəlmələr belə yetmirdi…

Nə deyəsən, necə təsəlli verəsən?!

Allah bir daha və bir daha səbrlərini, dözümlərini versin!

Övladlarının, həyatdan nakam getmiş balalarının dərgahları mübarək olsun!

Nur içində yatsınlar!

***

Sonra Surra kəndindən olan daha bir İkinci Vətən Müharibəsi Şəhidinin-Əmirağa Mahir oğlu Ağayevin ailəsini, valideynlərini ziyarət etdik…

Xatırladım ki, Əmirağa 2002-ci ilin may ayının 29-da sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirəndən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun, cəmi 3 ayın Əsgəri kimi iştirak edib…

Və müharibənin 17-ci günündə, oktyabrın 13-də Füzuli rayonu istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına yüksəlib…

Ancaq onun nəşini uzun müddət əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 4 aydan sonra, 2021-ci ilin fevral ayında tapılıb, ailəsinə təhvil verilib və həmin ayın 11-də Şabran rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Əmirağa ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub…

Hər iki bacısı hazırda ailəlidir…

Və kiçik bacısı bir gecə yuxuda Əmirağanı görüb və qardaşı deyib ki, dünyaya gələcək övladına-bacısı balasına Səid adını qoysun…

Bacısı da onun arzusunu yerinə yetirərək, 40 günü yenicə çıxmış övladına-körpəsinə Səid adını qoyub…

Dayısının torpağı sanı yaşasın, ruhu kömək olsun, balaca-körpə Sədiə!

Şəhidin valideynləri-anası Hədiyyə xanımavə atası Mahir kişiyə Allahdan bir daha səbr arzuladıq, övladlarının məkanının cənnətlik olmasını Böyük Yaradandan dilədik…

Onlarla da bir xeyli söhbətləşdik, dərdləşdik…

Anası Hədiyyə xanımın göz yaşları içində dediklərindən:

“Balam, tək oğlum oktyabrın 13-də 11 nəfər döyüş yoldaşı ilə birlikdə eyni yerdə, eyni səngərdə Şəhid olmuşdular…Ancaq uzun müddət oğlumun nəşini tapa bilmirdik…Hər dəfə tapılmadıqca, ümid edirdim ki, oğlum, bəlkə də sağdır, əsirlikdədir, haçansa xəbər çıxacaq…Yoldaşım, bacım oğlu olan kürəkənim, qardaşım dəfələrlə oğlumun nəşini tapmaq üçün Füzulidən tutmuş çox yerə baş çəkmiş, müraciət etmişdilər… Amma balamın nəşi tapılmırdı ki, tapılmırdı…

Bir gün oğlumla bir yerdə Şəhid olmuş Göygöllü Elnurun qardaşının yuxusuna Əmirağa girər, deyər ki, atam deyin, neçə dəfə gəlib mənim yanımdan keçib, amma məni görməyib…Bunu da Elnurun qardaşı bizimkilərə söyləyər…Yoldaşımla birgə qardaşım yenidən həmin yerə gedərlər…Qardaşım yoldaşımdan bir az qabağa gedər və görər ki, bir cüt “batinka” görsənir torpağın altından…Həmin yeri qurdalayar və görər ki, balamın nəşi oradadır, yuxuda söylədiyi yerdə…Balamın nəşi haradasa fevralın 5-də tapıldı, amma 11-i torpağa tapşırıldı…”.

Şəhidimizin valideynləri, ailə üzvləri ilə söhbətləşdikdən, dərdləşdikdən sonra bir daha səbr diləyib, sağollaşıb ayrıldıq onlardan və Mərifət xanımla Zeyvə kəndinə üz tutduq…

***

Zeyvə kəndinə axşam saatlarına yaxın çatdıq…

Şabranın demək olar ki, ən ucaqr kəndi olan Zeyvədə, kənd qəbiristanlığında 4 oğlan övladından 3-nü itirmiş Mərifət xanımla Şəhid balasının-Vüsal Həsənovun və həyat yoldaşının məzarını ziyarət etdik…

Onların ruhlarına dualar oxuduq…

Ziyarətimiz təxminən yarım saat çəkdi və sonra Mərifət xanımla birlikdə onların Zeyvədə qaldığı evə getdik…

Allah səbr və dözümünü versin-Yaralı, Dərdli, Dik duruşlu Qəhrəman Şəhid anasının-Mərifət xanımın!

Şəhidinin, iki körpəsinin, cavan həyat yoldaşının ruhları qarşısında və özünün qarşısında bir daha baş əyirəm!

Şəhidlər ölməz, Vətən bölünməz!

Xatirələri daim qəlblərdə, qəlblərimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bibi oğlu və dayı oğlu Şəhidlər-BİR AİLƏNİN İKİ ŞƏHİDİ: İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, 22 YAŞLI XƏYAL HƏSƏNOV VƏ SENTYABR ŞƏHİDİ 22 YAŞLI MURAD RƏSULOV… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Torpaqlarınızın işğaldan azad olunması dərin sevinc hissi bəxş edir”-TÜRKİYƏLİ NAZİR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir