“Bilməli olan hər kəsə agah oldu ki, Prezidentin işğaldan azad olunmuş ərazilərə səfəri “Qarabağ Azərbaycandır və nida” sözlərindəki həmin o nidanıdır…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

28 ildir ki, 17 noyabrı-rəsmən Milli Dirçəliş gününü qeyd edirik.

Həqiqətən qürur dolu bir gündür.

Lakin etiraf edək ki, dirçəliş məfhumunun əsl mahiyyətini əməli olaraq cəmi 9 gün öncə, Şuşa alınarkən başa düşdük, Prezident İlham Əliyev Qələbə nitqində “Şuşa Biz səni dirçəldəcəyik” deyəndə, biz xalq olaraq bu sözün tam fəlsəfəsinə vardıq.

Yox, əlbəttə, bu günə qədər anlamırdıq demirəm, sadəcə, ərazisi düşməndə, kəndləri, şəhərləri əsarətdə olub dirçəlişdən danışmaq, dirçəlişin tamını duymaq mümkün deyildi.

Bu mənada biz dirçəlişə  Şuşa ilə vardıq, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci Vitse-Prezident  Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına 16 noyabr tarixində etdikləri səfərlə isə biz dirçəlişi yaşadıq.

Bu səfər hərb meydanında darmadağın edilmiş düşmənin arxa cəbhədəki ruhunu məhv etdi, ön cəbhəddə baş verənlərin hələ də əsl mahiyyətini anlamayan erməniləri qəflət yuxusundan oyatdı.

Bilməli olan hər kəsə agah oldu ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə bu səfəri “Qarabağ Azərbaycandır və nida” sözlərindəki həmin o nidanıdır.  

Bu səfəri əhəmiyyətli edən həm də reallaşdığı zaman kəsiyidir. “Məğlubedilməz” ermənilərin komandanı, iki il ərzində az qala hər çıxışında “Qarabağ Ermənistandır və nöqtə”  deyib hayqıran Paşinyan bu gün xalqından gizlənir.

“Sülh naminə” hərəkat başladıb prosesə cəlb etdiyi “sülhsevər” qadınların əlinə silah verən Anna Akopyan “könüllü” olaraq “cəbhəyə” yola saldığı oğlu ilə birlikdə aradan çıxaraq hər kəsdən izini itirib.

Bu gün Ermənistada hər kəs əli çıraqlı ölkənin hərbi siyasi rəhbərliyini axtararkən, Azərbaycanın lideri müharibə şəraitindən doğa biləcək bütün mümkünm riskləri gözə alaraq avtomobil karvanını saxlayıb əhali ilə görüşür, onun hər jesti, hər addımı xüsusi coşqu və izdihamla qarşılanır.

Paşinyan və onun rəzil ordu komandanlığı rüsvayçı kapitulyasiyalarına haqq qazandırmağa çalışarkən, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş  ərazilərimizə zəfər triumfu edir.

Prezident, müzəffər Ali Baş Komandan kimi, qalib ordu ilə qələbəni elə döyüş meydanında qeyd edir.

Bu gün qərəzli, qərəzsiz, məqsədli, məqsədsiz, fərq etməz – dünya mediasının səhifələrinin iki qəhrəmanı var, bir tərəfdə miskin, məğlub və rəzil duruma düşmüş, vətəndaş müharibəsi astanasında olan, ordusunu və bütün hərbi vasitələrini  itirib ağ bayraq qaldırmış Ermənistan,  digər tərəfdə isə qalib, bölgədə şərtləri diqtə edən, möhkəm daxili siyasi sabitliyi, ordu-xalq və dövlət birliyi tam mənada təmin edilmiş, 28 illik işğala son qoyaraq hazırda təcavüzün və barbarlığın nəticələrini aradan qaldırmaq, vəhşicəsinə dağıdılıb talan edilmiş əraziləri yenidən dirçəltməkdə olan Azərbaycan!

Bax, dirçəliş budur.

Qələbən və qələbədən güc alaraq dirçəlmən mübarək Azərbaycan!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı-50 MİLYON MANAT VƏSAİT AYRILDI…

Read Next

“Bir çox evlər su altında qalıb, mənim özümün valideynlərimlə birgə yaşadığım evə də yağış suları dolub…”-ELDƏNİZ SƏLİMOV XAÇMAZLILARA SƏSLƏNDİ, ONLARI SƏBRLİ OLMAĞA ÇAĞIRDI, YARANMIŞ VƏZİYYƏTİN ARADAN QALDIRILACAĞINA ƏMİNLİYİNİ BİLDİRDİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir