“Bir dəfə qayıdıb dedi ki, ana, istəmirsən məndən yadigar qalsın?!… Sən demə, balam Şəhid olacağını bilirmiş, ona görə tələsirmiş…Cəmi 4 ayın bəyi oldu balam…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, MAXE, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN, DAYISI İTKİN ŞƏHİDLƏRİMİZDƏN OLAN İSMAYILLILI ANTİTERROR ŞƏHİDİ CAHAN QASIMOVUN ANASI TAHİRƏ QASIMOVA – FOTOLAR

Cahan Xəqani oğlu Qasımov…

Vətən sevdalısı, Vətən fədaisi…

İgid, Qəhrəman Azərbaycan övladı…

İsmayıllı Antiterror Şəhidi…

Nur üzlü, cəmi 22 yaşlı Şəhidimiz…

***

Qeyd edim ki, Cahan Qasımov 2001-ci ilin mart ayının 19-da, Novruz bayramında İsmayıllı rayonunun Qalınçaq kəndində sadə, zəhmətkeş və kasıb ailəsində dünyaya göz açıb…

Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…

Hazırda tək bacısı və qardaşı, İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Fərahim Qasımov ailəlidir…

Bacısının iki övladı, qardaşının isə bir övladı var…

Cahan 2007-2018-ci illərdə Qalınçaq kənd tam orta məktəbində oxuyub…

18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

2021-ci ilin aprelində də Əsgərliyini başa vurub, evinə, ailəsinə dönüb…

Düz bir il sonra, 2022-ci ilin aprelində isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

MAXE kimi “Komando”da fəaliyyətə başlayıb…

2023-cü ilin 19-20 sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Xocalı istiqamətində ölümcül yaralanıb…

Bakıda yerləşən Hərbi Hospitalda 10 gün komada qalıb…

Ancaq həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb, Şəhadətə qovuşub…

Nəşi oktyabrın 1-də Qalınçaq kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Cahan həm də ailəli olub…

Şəhidliyindən cəmi dörd ay öncə, may ayının 28-də Tamam adlı qızla ailə həyatı qurub…

Şəhidliyindən 4 ay 19 gün sonra isə üzünü görmədiyi, ancaq əvvəlcədən adını qoyduğu qızı-körpə Zərifəsi dünyaya gəlib…

Balaca Zərifəsi Vətəninə, ailəsinə əmanət qalıb…

Həmçinin, Cahanın dayısı da Şəhiddir…

Şirvan şəhərindən, 1970-cı il təvəllüdlü və ailənin 10 övladından biri olan dayısı Məhəmməd Yədulla oğlu Zeynalov 1994-cü ilin aprelində Şəhid olub, daha doğrusu, itkin Şəhidlərimizdəndir…

30 ildir ondan xəbər yoxdur…

***

Onu da qeyd edim ki, bu gün-13 sentyabr 2024-cü il tarixində, axşam saatlarında İsmayıllılı İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və subay oğlu Vüsal Dəmirovun anası Nüşabə Dəmirova ilə Şəhidimizin Qalınçaqdakı ocağını, ailəsini, məzarını ziyarət etdik…

Şəhidimizin ailəsinə, valideynlərinə-anası, itkin-Şəhid bacısı Tahirə xanıma və atası Xəqani Qasımova Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Bir ömür boyu Şəhidlərimizə borclu olduğumuzu dilə gətirdik…

Təxminən bir saat çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik, nə qədər çətin və ağır da olsa, onlara təsəlli verməyə çalışdıq…

Şəhidimizin anası, həm də Şəhid bacısı Tahirə xanımın dediklərindən:

“Cahan tamam başqa cür övladı idi…Bizimlə nəfəs alırdı…Çox qayğıkeş, çox diqqətçil, çox istiqanlı idi…Onu da deyim ki, Cahanın toyundan cəmi 7 ay əvvəl Fərahimin toyunu etmişdik…Cahan isə elə deyirdi ki, tez toyumu edin, birdən mənə nəsə olar…Biz də deyirdik ki, qardaşına yenicə toy etmişik, bir az gözlə…O isə bir dəfə qayıdıb dedi ki, ana, istəmirsən məndən yadigar qalsın?!…Sən demə, balam Şəhid olacağını bilirmiş, Şəhidliyi ürəyinə damıbmış, ona görə tələsirmiş…Cəmi 4 ayın bəyi oldu balam…(Səsi titrəyir, gözləri dolur)…Balasının, adını əvvəlcədən qoyduğu Zərifəsinin üzünü görmədən cəmi 22 yaşında bu həyatdan köçdü, Şəhid oldu…”

Ziyarətimizin sonunda isə Qalınçaq qəbiristanlığına getdik, Şəhidimizin məzarını ziyarət etdik…

Məzarı önündə, ruhu qarşısında baş əydik, ruhuna dualar etdik…

Məkanı cənnətlik, məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu-QƏBUL ETDİ – FOTO

Read Next

Ailənin üç oğlan övladından biri, ali təhsilli, Leytanant, “Azərbaycan Bayrağı” ordenli-“QİSAS” ƏMƏLİYYATI ŞƏHİDİ ÖMƏR ŞİRİNOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇİR…ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir