Bir daha cərimələr haqqında – İQTİSADÇININ NÖVBƏTİ BAXIŞI

Gələn il yalnız sahibkarlara və ayrıca fərdlərə tətbiq olunan maliyyə sanksiyaları 280 milyon manat olacaq.

Bu məbləğə cərimələr daxil deyil, yenidən hesablamalara görə, onu da nəzərə alanda gələn il toplanılacaq cərimə və sanksiyların büdcəsi 400 milyon manatı ötəcək.

İnzibati xətalar, maliyyə sanksiyaları nəticəsində daxilolmaların bir hissəsinin xərclənməsi təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərmanı ilə müəyyənləşdirib. Yeni qaydalara görə, əsas cərimə yazan təşkilat Dövlət Yol Polisinin topladığı vəsaitin 95 faizi yol hərəkəti təhlükəsizliyini təmin etmək və yol-patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin, 5 faizi isə Prezident Adminstrasiyasının hesabına köçürülür. Bu isə o deməkdir ki, sürücülərin və piyadaların ödədiyi cərimələrdən dövlət büdcəsinə 1 qəpik də vəsait daxil olmur.

Həmin qaydalarla, vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləği vergi orqanları ilə büdcə arasında bərabər bölünür. Sadəcə evrgi orqanlarına çatan 50 faizin 5 faizi Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Prezidentinin Administrasiyasının hesabına köçürülür. Bundan əvvəlki yazımda qeyd etmişdim ki, növbəti ilin büdcəsində maliyyə sanskiyaları 140 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, 2018-ci ildə vergi və digər dövlət orqanları tərəfindən 280 milyon manatlıq sansiya tətbiq edilməlidir ki, onun da 50 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın. Bu sanskiyaların “xərcini” isə sahibkarlıq fəaliyyəti məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək.

Prezident Aparatının- Administrasiyasının cərimə və sanskiyalardan pay götürən üçüncü tərəf olaraq bu prosesdə iştirakına gəlincə, bunları bildirmək istərdim.  İqtisadi mahiyyətinə görə, bütün növ cərimə və sanksiyalar 2 təyinat üzrə istifadə oluna bilər. Cərimə və sanksiyalar bu xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanları ilə büdcə arasında bölüşdürülə bilər. Çünki cərimələr də digər məcburi ödəniş olaraq ikili finksiya daşıyır: fiskal və həvəsləndirmə. Fiskal funksiyaya görə onun daha çox hissəsi büdcəyə köçürülməli, həvəsləndirmə və ya stimulladırma funksiyasına görə onun bir hissəsi hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarına yönəldilməlidir. Burda üçüncü tərəfin iştirakı nəzərdə tutulmur.

Cərimələrin Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə istifadə olunması “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa və “Büdcə təsnifatı haqqında” Nazirlər Kabinetinin qərarına ziddir. Görünür ki, bu qərar prezident aparatında aparılan son struktur dəyişikliklərindən sonra orda çalışan qulluqçuların əmək haqlarının artırılması zamanı maliyyə mənbəyi olmaması səbəbindən verilib. Hesab edirəm ki, yanlışdır. Həmin vəsaitlər dövlət büdcəsinə toplanmalı və ordan mərkəzləşdirilmiş qaydada bölüşdürülməlidir. Yalnız bu halda Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidməti büdcə vəsaiti kimi ordan pay götürə bilərdi.

Qubad İBADOĞLU

Etikxeber.az

Read Previous

Türkiyənin yarısı və KKTC “Ermənistan”ın tərkibinə “daxil” edildi – NÖVBƏTİ ERMƏNİ HƏYASIZLIĞI

Read Next

Gökçek də istefa verir – ŞƏNBƏ GÜNÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir