“Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa, onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim…”-JALƏ ƏLİYEVA YAZIR – FOTOLAR

Karantin dövründə mübarək Ramazan bayramı münasibətilə növbəti dəfə Zərdaba və Ucara səfər etdim.

Uşaqlığımdan bəri mənə hakim olan bir düşüncə bu gün də məni tərk etməyib…

Bayramlar sanki uşaqlar üçündür.

Bayramlar sanki ilk növbədə uşaqların sevinməsi və bizim də onları sevindirməyimiz üçün düşünülüb…

“Dünyanı verək uşaqlara bir günlüyünə” , deyirdi böyük Nazim Hikmət.

Bir uşağın üzünün gülməsi nə qədər gözəldirsə, bir uşağın ağlaması min o qədər üzücüdür…

Hər gedişimdə müəyyən kateqoriya ailələrlə görüşürəm.

Bu səfər isə sırf uşaqlarla görüşməyi planlaşdırdım.

Amma bir məqamı vurğulamaq istəyirəm.

Uşaqlı ailələrlə deyil, AİLƏSİZ UŞAQLARLA görüşəcəkdim.

Bəli, kiçik yaşlarından ana, ata nəvazişindən məhrum olan, ən yaxşı halda nənəyə, babaya, onlar yoxdursa dayıya, xalaya sığınan, tale üzlərinə heç gülməyibsə hansısa bir qohuma pənah aparan uşaqları görəcək, onları təbrik edəcəkdim…

Etdim də…

Bir günlük deyil, heç olmasa bir saatlıq da olsa, onları anaları kimi qucaqlamaq, öpmək, əzizləmək istədim…

Və… karantin məhdudiyyətlərinə, tələblərinə maksimum riayət etməyə çalışsaq da təəssüf ki, məhz yuxarıda qeyd etdiyim məlum səbəblə bu tələblərə tam əməl edə bilmədik…

Zərdabın Gəlmə, Aşağı Seyidlər, Şıxbağı, Dəliquşçu, Hüseynxanlı, Gödəkqobu, Məmmədqasımlı, Çallı, Ucarın Lək, Bərgüşad kəndlərində oldum. Müxtəlif yaşlarda olan, müxtəlif şəraitlərdə yaşayan 21 gözəl göyçək, ağıllı-kamallı balayla görüşdüm.

Zəhra, Xəyalə, Səbinə, Mədinə, Elməddin, Sevinc, Eltun, Soltan, Nuray, Vüsal, Elmir, Malik, Leyla, Səlminaz, Şəhla, Vüsalə, Bahar, Aygün, Turan, Ceyhun və daha bir Səbinə…

Yaşları və şəraitləri kimi, özləri, davranışları da fərqli idi. Bəzisi utancaq və çəkingən, bəzisi qayğısız və şən…

Bəsisi özü, məktəbi haqqında danışır, gələcəkdə kim olmaq istədiyini deyirdi, bəzisi də gözlərini gizlədir, fikirli baxışlarını elə hey uzağa dikirdi…

Amma hamısını birləşdirən və bundan sonra heç kimin heç vaxt dəyişdirə bilməyəcəyi bir həqiqət var idi!

Acı bir həqiqət!

Bu uşaqlar heç bir zaman heç kəsə Ana, Ata deyə bilməyəcəklər, heç kimin qucağına Ana, Ata deyə qaçmayacaqlar.

Mərhum anamın bir beytini xatırladı bu anda:

Sənə verəcəyim –

Hələlik bunlardır:

Çörək, su, yataq…

Anan da ola bilərəm.

Amma nə dadını, nə qoxusunu verə bilərəm ananın

heç cürə.

İllərdir mən özüm gəzirəm itirdiyim o tamı, o duyğunu.

İçimdəki bir tərəfdən nisgil qarışıq kövrək hisslərlə birlikdə, digər tərəfdən isə bu uşaqların gələcəyinə bəslədiyim xoş bir ümid və inamla, sonu mütləq yaxşılıqla bitəcəyinə inandığım hekayələrinin xəyalıyla hələlik ayrılıram onlardan…

Bayramınız bir daha mübarək olsun, balacalar!

Təkcə bayramlarda yox, həmişə xoşbəxt olun!

21:10

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil…”-ANAR MƏMMƏDOV

Read Next

“Toyların olmasına, insanların sevincinə sevinmək lazımdır…”-NİYAMƏDDİN MUSAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir