Bir neçə medal və orden Haqqı tanınmayan Xüsusi Təyinatlı-ƏLİ SEYİDOVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, ŞƏHİDİN 24 YAŞI TAMAM OLUR…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan “Yırtıcı” ləqəbli Xüsusi Təyinatlı-kəşfiyyatçı, çavuş Əli Rahim oğlu Seyidovun doğum günüdür.

Əli Seyidovun bu gün 24 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əli Seyidov 1999-cu ilin iyul ayının 11-də Bakı şəhərində, Ramana qəsəbəsində dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

Anaları Lalə Səlimova tərəfindən təkbaşına böyüdülüblər.

Lalə xanım onlara həm ana, həm də ata olub.

2006-2017-ci illərdə 90 saylı orta məktəbdə təhsil alıb.

Əli idmanla məşğul olub,  kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub və həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE, Xüsusi Təyinatlı-kəşfiyyatçı, çavuş kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günündən də ağır döyüşlərdə olub.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib və Suqovuşan istiqamətində ağr döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi bir neçə gün sonra, 2020-ci ilin oktyabr ayının 10-da Bülbülə Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə “Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Anası Lalə xanım isə övladının Haqqı olan daha bir neçə medal və ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir, tələb edir və həmin günü səbrsizliklə gözləyir.

Eyni zamanda, Cənnətdəki ilk doğum günündə, 2021-ci ilin 11 iyul tarixində adını daşıyan “Şəhid bulağı”nın izdihamlı açılışı olub.

O, həm də subay idi.

Qeyd edək ki, Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Sonra, saat 12:00-da Şüvələn qəsəbəsində xatirəsinə həsr olunmuş idman turniri- ikinci dəfə respublika birincliyi keçiriləcək.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Noyabrın 4-də elçi getdim, 2 gün sonra isə balamın Şəhidlik xəbəri gəldi…Bu xəbəri alarkən nişan yaylığı da əlimdəydi…Nə mən balam doydum, nə də balam məndən doydu…”-TƏKBAŞINA, “PODVAL”DA BÖYÜTDÜYÜ İKİ OVLADINDAN BİRİNİ ŞƏHİD VERMİŞ ANA-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TOĞRUL AĞALARLININ ANASI ÇİÇƏK AĞALAROVA – FOTOLAR

Read Next

Xəzər dənizində zəlzələ olub-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir