“Bircə dəfə olsun belə “ana, nə deyirsən ey…”-demədi…Bircə dəfə səsini yüksəltmədi…Başqa bir övlad, başqa bir oğul idi…”-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, LEYTENANT, 2 ORDEN VƏ 11 MEDALLI, 2014-CÜ İL VƏ 2016-CI İL APREL DÖYÜŞLƏRİNİN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI VƏ 2022-Cİ İL QANLI SENTYABR DÖYÜŞLƏRİNİN ŞƏHİDİ ELNUR SƏMƏDOVUN ANASI SƏNUBƏR SƏMƏDOVA – FOTOLAR

Vətən yolunda canını fəda edən İgidlərimizdən, Qəhrəmanlarımızdan biri də İsmayıllı rayonundan olan Elnur Sədaqət oğlu Səmədovdur.

Canından çox sevdiyi Vətənini ailəsindən-valideynlərindən, övladlarından üstün tutan və cəmi 34 yaşında Şəhidlik zirvəsinə ucalan Elnur Səmədov…

Ali təhsilli, Leytenant, Xüsusi Təyinatlı, iki övlad atası Elnur Sədaqət oğlu…

Nur üzlü Şəhidimiz, Vətən sevdalımız…

Bu gün-10 sentyabr 2023-cü il tarixində, axşam saatlarında Şəhidimizin ailəsini, valideyinlərini, ata ocağını ziyarət etdim…

Elə bu yerdə xatırladım ki, bir il öncə, 16 sentyabr 2022-ci il tarixində Mingəçevirli Şəhidimiz Təbriz Cüməzadənin valideynləri ilə Şəhidimizin ocağında olmuş, ailəsini ziyarət etmişdim…

Və qarşıdan gələn birinci ildönümü ilə bağlı bu gün bir daha Şəhidimizin ocağına baş çəkərək, ailə üzvləri, valideynləri ilə bir araya gəldim…

Şəhidimizin ailə üzvlərinə, valideynləri-anası Sənubər xanıma və atası Sədaqət Səmədova, o cümlədən ali təhsilli-kiçik qardaşı Seymur Səmədova bir daha Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin müqəddəs ruhu qarşısında baş əydiyimi bildirdim…

Bir ömür boyu Elnurlara, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Və Şəhidlərimizə, onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələrə, Şəhid valideynlərinə borcumu, borcumuzu ödəyə bilməyəcəyimi, bilməyəcəyimizi söylədim…

Sonra Şəhidimizin valideynləri, doğmaları ilə söhbətləşdim, dərdləşdim…

Şəhidimizin anası, tanınmış riyaziyyat müəllimi Sənubər xanımın dediklərindən:

“Elnur mənim övladım, həm də şagirdim olub…Son günəcən, Şəhidliyinəcən bir an olsun belə milli-mənəvi dəyərlərimizə, böyük-kiçik, valideyn-övlad münasibətlərinə sayğızsızlıq göstərmədi…Bircə dəfə olsun belə “ana, nə deyirsən ey…”-demədi…Bircə dəfə səsini yüksəltmədi, səsini qaldırmadı…Başqa bir övlad, başqa bir oğul idi…Övladım olduğu üçün demirəm, çox mərifətli, çox tərbiyəli, çox istiqanlı, çox ailəcənlı, çox Vətənpərvər bir övlad idi…Onun haqqında heç cür keçmiş zamanda danışa bilmirəm, mənim üçün çox çətindir…”

Yeri gəlmişkən qeyd edim ki, Elnur Səmədov 1988-ci ilin mart ayının 30-da İsmayıllı şəhərində, ziyalı ailəsində dünyaya gəlib…

Ailənin 3 oğlan övladından biri, ortancıl qardaş olub…

Orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetində ali təhsil alıb…

Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb və o gündən də həyatını Ordu, hərb ilə bağlayıb…

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Leytenant rütbəsini daşıyıb…

Xüsusi Təyinatlı (XTQ) kimi 2014-cü il və 2016-cı il Aprel döyüşlərində, o cümlədən tarixi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

2022-ci ilin Qanlı sentyabr döyüşlərində-Kəlbəcər istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi 15 sentyabr tarixində Sumqayıt şəhər Səhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə müdadiə naziri və Ali Baş Komandan tərəfindən bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

Şəhidliyindən sonra isə ikinci ordenlə-3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrinda” medalı ilə təltif edilib…

Elnur həm də ailəli, iki övlad-bir oğul, bir qız atası olub…

Cavidi və İncisi ailəsinə, Vətəninə əmanət qalıb…

Bir müddət öncə ailəsinin-valideynləırinin yaşadığı küçəyə Onun adı verilib…

Eyni zamanda, valideynləri övladlarının adına İsmayıllıdakı məktəblərdən birinin verilməsini istəyir və tələb edirlər…

İstəklərində də, tələblərində də haqlıdırlar…

Şəhidimizin ailəsini ziyarətim iki saatdan çox çəkdi və bir daha valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm diləyib, onlardan ayrıldım…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Erməni silahlı dəstələrinin təxribatı nəticəsində hərbi qulluqçumuz minaya düşdü-MN MƏLUMAT YAYDI – YENİLƏNİB

Read Next

Qeyri-qanuni erməni silahlıları Ağdam istiqamətində səngərlər qazmağa cəhd göstəriblər-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir