Birinci çağırışın üzvləri-Əli Kərimli, Etibar Hüsənli, ADİP-dən YAP-a,YAP-dan ADP və AMİP-ə keçənlər, QƏTLƏ YETİRİLƏNLƏR, TOĞRUL İBRAHİMLİNİN “NAMUS”U…

Azərbaycanda Milli Məclisə (MM) ilk çağırış seçkilər 1995-ci ilin 12 noyabr tarixində keçirililib.

Etikxeber.az-ın xəbərinə görə, həmin gün həm də ölkədə müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə bağlı referendum baş tutub və 12 noyabr təqvimə Konstitusiya Günü kimi düşüb.

1996-cı ildən də 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.

Qeyd edək ki, birinci çağırış seçkilər bir neçə yeniliyi ilə yadda qalıb.

Belə ki, həmin vaxt millət vəkillərinin sayı təxminən 3 dəfə azaldılıb, əgər sonuncu çağırış Ali Sovetdə (əvvəlcə Milli Şura, sonra Milli Məclisə çevrilib) 360 deputat təmsil olunurdusa, ilk çağırışda deputatların sayı 125-ə endirilib.

Eyni zamanda, həmin vaxt Azərbaycanda ilk dəfə olaraq, proporsional seçki sistemi tətbiq olunub.

Belə ki, 25 deputat proporsionaldan, 100 deputat majoritardan seçilib.

Xatırladaq ki, 1995-ci ildə keçirilən seçkilərdə 3 partiya proporsional seçki sistemi üzrə deputat yerlərinə sahib olub.

Bunlar 25 yerdən 19-nu əldə edən hakim Yeni Azərbaycan Partiyası (YAP), hər birinə 3 yerlə kifayətlənən Etibar Hüsənlinin (Məmmədovun) AMİP-i və mərhum Əbülfəz Elçibəyin AXCP-si olub.

YAP-ın proporsional seçki siyahısına akademik, Sovet İttifaqı Qəhrəmanı, məhrum Ziya Bünyadov başçılıq edib.

AMİP-dən Etibar Hüsənli, iqtisad elmləri doktoru (sonradan partiyadan uzaqlaşıb) Nazim Müzəffərli (İmanov) və məhrum Şadman Hüseyn, AXCP-dən o vaxt sədrin birinci müavini olan Əli Kərimli, sədr müavini Mirmahmud Mirəlioğlu (Fəttayev) (sonradan Əli Kərimliyə etiraz əlaməti olaraq AXCP-dən gedib, Klassik Xalq Cəbhəsi Partiyasını yaradıb) və hazırda Aydınlar Partiyasının (AP) sədri olan hüquq elmləri doktoru Qulamhüseyn Əlibəyli deputat mandatı əldə ediblər.

Qeyd etmək yerinə düşər ki, seçkilər ərəfəsində AXC kimi fəaliyyət göstərən və sonradan AXCP olan bu təşkilat Ədliyyə Nazirliyi (Südabə Həsənovanın nazirliyi dövründə) tərəfindən terrorçu təşkilat elan edilib və bu, böyük etiraza səbəb olub.

Həmçinin, o vaxt ən güclü və əsas müxalifət partiyası olan Müsavat Partiyası son anda proporsionaldan seçkilərə buraxılmayıb, əvəzində AXC-dən AXCP-yə çevrilən partiya seçkilərə buraxılıb.

Bununla yanaşı, Müsavatdan şamaxılı Şirzad Əyyub, AXCP-dən mərhum Nizami Quliyev (sonradan AXCP-dən Aydınlar Partiyasına keçdi) Gədəbəydən majoritat seçki sistemi üzrə parlamentə üzv seçiliblər.

Eyni zamanda, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Azərbaycan Demokratik İstiqlal Partiyasının (ADİP) həmsədrləri Mübariz Qurbanlı ilə Vilayət Quliyev ilk çağırışın üzvü olublar.

Sonradan ADİP-çilər (1999-cu ildə) istefa verərək, YAP-a keçiblər və beləliklə, Mübariz Qurbanlı YAP rəhbərliyinə gətirilib. İcra katibinin o zamankı 3 müavinindən biri olub və bu gün də bu vəzifəsini icra etməkdədir.

Vilayət Quliyev isə istefa verən Tofiq Zülfüqarovun yerinə Xarici işlər naziri təyin olunub.

Bundan əlavə, Xalq artisti, mərhum Mikayıl Mirzə və qusarlı iş adamı Zeynəddin Xasmetov sahibkar Mahmud Məmmədovun Azərbaycan Demokratik Sahibkarlar Partiyasının (ADSP), Muradaxan Babayev Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) təmsilçisi, ikinci dəfə deputat olan “İstiqlal”çı millət vəkilləri- Mətləb Mütəllimli Sosial Ədalət Partiyasının (SƏP), Sabir Rüstəmxanlı isə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri kimi birinci çağırışın üzvü olublar. Sabir Rüstəmxanlı sonradan 3 dəfə MM-in üzvü olub, eyni zamanda, 6-cı çağırışda deputat seçilib.

1999-cu ildə professor, prezidentliyə sabiq namizəd, Azərbaycan Sosial-Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlı YAP-çı-mərhum Səfir Musayevin yerinə Goranboydan parlamentə üzv seçilib. Eyni zamanda, sonrakı 4 çağırış MM-in üzü olub.

Birinci çağırışda ilk vaxtlar majoritar üzrə YAP-çılarla bitərəflərin sayı təxminən eyni olub.

İstər YAP-çıların, istərsə də bitərəflərin sayı qırxı ötüb.

Maraqlıdır ki, bitərəflər arasında indiki dövlət başçısı ilham Əliyev, əmisi-akademik mərhum Cəlal Əliyev və Heydər Əliyevin kürəkəni, Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də olub.

İ. Əliyev 1999-ci ildə YAP-ın qurultaytında sədr müavini seçilib.

Həmçinin, Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib.

Belə ki, hüquqşünas Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər.

Z. Əsgərov sonra bütün çağırışlarda MM-in üzvü seçilib, vitse-spiker və birinci vitse-spiker vəzifəsinə yüksəlib.

Birinci çağırışın üzvlərindən “İstiqlal”çı deputat, Xalq yazıçı Yusif Səmədoğlu və YAP-çı Zakir Sərdarov xəstəlikdən dünyasını dəyişib, balakənli iş adamı, sonuncu Ali Sovetin üzvü Əli Ansuxski Bakıda qətlə yetirilib və nəticədə hər üçü öz səlahiyyətlərini sonacan başa çatdıra bilməyib.

Bundan başqa, YAP-çılardan Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mahir Əsədov, Şamil Yusifov, Akif Şahbazov, bitərəflərdən Yusif Bağırzadə və balakənli Umar Əfəndiyev (Əli Ansuxskinin qohumu) Rəsul Quliyevin o zamankı ADP-sinə, YAP-çı Cəbrayılı Əhmədov və sonuncu çağırış Ali Sovetin üzvü Gülnarə Qurbanova AMİP-ə keçiblər. Sonra Y. Bağırzadə AMİP-ə keçib və bir müddət onun sədri olub.

Mərhum Toğrul İbrahimli isə YAP-dan gedərək özünün partiyasını-“Namus”u təsis edib…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Uydurma “erməni soyqırımı”nı tanıyan Suriyaya-TÜRKİYƏDƏN KƏSKİN CAVAB

Read Next

Avropa çempionatında mübarizə aparacaq sərbəst güləşçilərimizin rəqibləri-MÜƏYYƏNLƏŞDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir