“Birinci katibimiz günlərin birində pencəyimin yaxasını düymələmədiyimə görə mənə iradını çatdırdı…”-JURNALİST HACI RAFİQ KEÇDİYİ YOLDAN, MƏNZİL PROBLEMİNDƏN YAZDI

Siz deyin, mən buna haqq edirəmmi???

Sözün düzü, ilin-günün bu çağında, koronavirusun tüğyan etdiyi bir zamanda bu mövzuya heç toxunmaq istəməzdim.

Amma, məcburam…bundan yazmağa… Bəlkə də elə bir neçə gündən sonra bu sətirlərin müəllifi də həyatda olmayacaq. Kim bilir ki, başına nələr gələcək…

Söhbət mənzil problemindən gedir. Neçə illər 11,5 kv metrlik gün işığı düşməyən bir otaqda yaşamışıq. Artıq 6 ildən çoxdur kirayədə yaşayırıq. Jurnalist fəaliyyətimə 1994-cü ildən Xaçmaz teleradio şirkətində radio üzrə redaktor kimi başlamışam. Sonrakı dönəmdə “Yeni Müsavat”, “Paralel” qəzetlərində, “Ekspert” jurnalında və AFN.az saytında müxbir kimi fəaliyyət göstərmişəm.

Ona yaxın kitabı tərcümə etmişəm. Bir neçə il bundan əvvəl prezident aparatına Əli Həsənovun qəbuluna getmişdim. Onun birinci müavini Tahir müəllim məni qəbul etdi və dinlədikdən sonra dedi ki, sənə həmin binalardan mənzil verilməlidir. Hətta tərcümə etdiyim “Bağçada artıq gecdir” kitabı satışda qurtardığına görə, öz köməkçisi üçün istədi. Özümdə olan kitabı onlara verdim. Amma, çifayda!!! Siz deyin, jurnalistlər üçün tikilən üçüncü binadan mənzil almağa mənim də haqqım çatırmı? Oğlum 27 yaşın içindədir. Artıq evləndiriləsi zaman gəlib çatmaqdadır.

Özüm də ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Gözlərimdən biri demək olar ki, görmə qabiliyyətini itirib (3-cü qrup gözdən əliləm) Həyatım boyu heç vaxt özümü gözə soxmağı bacarmamışam. İstedadım, qabiliyyətim imkan versə də bunu etməmişəm. Daim soyuqqanlı və təmkinli olmağa çalışmışam.Bir hadisəni sizlər üçün nəql edim. Onu oxuduqdan sonra yəqin ki, nə demək istədyim daha yaxşı anlaşılacaq…

Vaxtilə universitet təhsilini başa vurduqdan sonra Xaçmaz rayonunda kənd məktəblərindən birində tarix müəllimi kimi çalışmağa başladığım dönəmlər idi. Cəmi dörd ay idi həmin məktəbdə işlədiyim. Bir gün məni rayon partiya komitəsinə dəvət etdilər. O vaxt birinci katib Aslan Nəsibov idi. Məni qəbul etdi və bildirdi ki, səni rayon “Bilik” cəmiyyətinin məsul katibi təyin etmək istəyirik.

Və həmin gündən söylənilən işdə çalışmağa başladım. Aslan Nəsibovla cəmi 4 aya yaxın işlədim. Sonra rayona Azərbaycan KP MK-da kənd təsərrüfatı şöbəsinin müdiri müdiri işləmiş Zakir Abdullayev 1-ci katib göndərildi. Xatirimdədir, 1983-cü ilin sentyabr ayı idi. Bakıda kənd təsərrüfatı ilə bağlı hansısa Ümumittifaq müşavirəsi keçirilmişdi. Moskvadan gəlmiş akademik Tarakanov və digərləri bizim rayona təşrif buyurmuşdular. Kənd təsərrüfatı sahəsində işlərlə tanışlıqdan sonra qonaqlar üçün Nabran tərəfdə bulaq başında ziyafət təşkil olunmuşdu.

Qonaqlarla yalnız 1-ci katib əyləşmişdi. Qalan işçilər hamısı ayaqüstə qalmışdılar. Konyakdan, araqdan, bahalı şərablardan vuran və hallanan qonaqlar və bizim 1-ci katib tostu tosta calamaqdan yorulmurdular. Hər tost bitdikdən sonra Abdullayev Marlboro siqaretini damağına qoyub tüstlədirdi. Bizlərə isə kababların və digər təamların qoxusunu hiss etməkdən başqa bir şey qalmırdı.

Həmin anda baxdım ki, 1-ci katib düz mənə sarı baxır və işarə ilə yanına çağırır. Elə getmək istəyirdim ki, yanımda dayanan şöbə müdirlərində biri qaçaraq Abdullayevə yanaşdı, sən demə, 1-ci katibin siqareti qurtarıbmış. Sözügedən şöbə müdiri özü siqaret çəkən olmasa da, tez həmin siqaretdən tapdı və cibində gəzdirdiyi alışqanla katibin siqaretini yandırdı.

Sözün düzü, yaşda məndən xeyli böyük olan həmin şöbə müdirinin bu hərəkətindən az qala mən utanc hissi keçirdim. Nə isə… Həmin hadisədən sonra 1-ci katib mənimlə tərs düşdü. Yəni, mən “işarədən qananlardan” deyilmişəm. Günlərin birində pencəyimin yaxasını düymələmədiyimə görə mənə iradını çatdırdı. Beləliklə, məsələ böyüməyə başladı…

Bir gün də yanına çağırıb dedi ki, mənimlə işləmək istəmir. Guya mən ona qarşı “etinasızlıq” nümayiş etdirmişəm və s. Cavabında dedim ki, elə mən də sizinlə işləmək istəmirəm. Bu sözləri dedikdən sonra kabinetindən çıxdım və “raykom”u tərk etdim. 3 gündən sonra məni yanına çağırdı və söylədi ki, sənin şəxsi işini araşdırmışam, ilişmək üçün (?!) hansısa bir nöqsan və ya başqa nəsə tapmamışam.

Sonda isə sən mərd oğlansan, söylə, səni istdiyin idarəyə göndərim, dedi. Mən həmin hadisədən sonra10 il təhsil aldığım Xaçmaz şəhər 1 saylı orta məktəbində direktor müavini vəzifəsində işləməyə başladım.

Katibin qabağına qaçaraq gedən şöbə müdiri isə partiya komitəsində daha yüksək vəzifəyə irəli çəkildi.

Dostlar, siz deyin, jurnalistlər üçün tikilən 3-cü binadan mən də mənzil haqq edirəmmi?

Hacı RAFİQ,

Etikxeber.az


Read Previous

“İlk növbədə özümüz-özümüzün sağlamlığının qeydinə qalmalı, həm özümüzü qorumalı, həm də başqalarının həyatını risqə atmamalıyıq”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Read Next

Millət vəkilləri növbəti dəfə testdən keçirilirlər-ONLARDAN ANALİZLƏR GÖTÜRÜLÜR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir