Birinci vitse-prezidentin Rusiya səfərinə – ÜÇ BAXIŞ

Elmira AXUNDOVA:”Bütün Azərbaycan Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda Rusiyaya ilk rəsmi səfərini maraqla və diqqətli izləyirdi. Hesab edirik ki, bu səfər həm Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı, həm də Birinci vitse-prezidentin özü üçün çox mühüm idi…”

Rusiya-Azərbaycan münasibətləri tarixi köklərə və qarşılıqlı əməkdaşlığa, dostluğa söykənməklə hər iki xalqın gələcək inkişafı üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm verir və bunu xarici siyasətimizin başlıca istiqamətlərindən biri hesab edir. Qonşu olmaqla bərabər dünyanın ən böyük və aparıcı dövlətlərindən biri olan Rusiya ilə əlaqələrin möhkəmlənməsi əlbəttə ki, həm iqtisadi, həm də təhlükəsizlik, eləcə də milyonlarla soydaşımızın qonşu ölkədə yaşamasını nəzərə alsaq onların gələcək firəvan həyatı üçün önəmlidir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Birinci vitse-prezident M. Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri, səfər zamanı Prezident Vladimir Putinlə, Baş nazir Dmitri Medvedevlə görüşləri, səmimi danışıqlar, keçirilən mühüm əhəmiyyətli tədbirlər deməyə əsas verir ki, dövlətlərarası əlaqələr möhkəmlənməkdə davam etməkdədir. Bunu ölkəmizin başçısına, eləcə də, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən hörmət, ehtiram, uğurlarımıza, iqtisadi və sosial sahədə inkişafımıza verilən qiymət bir daha sübut edir.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında genişlənən ticarət, iqtisadi, investisiya, elmi-texniki, kənd təsərrüfatı, humanitar əlaqələr keçirilən görüşlərin mövzusu olmaqla bərabər həm də gələcək mühüm istiqamətlərin araşdırılması bir daha sübut edir ki, dövlətimiz rus şirkətlərinin sayının çox olmasında, sərmayə qoyuluşunun artırılmasında, turizmin inkişafında maraqlıdır:

“Mehriban xanım Əliyevanın çıxışlarında mədəni əlaqələrin genişlənməsinə verilən önəm də çox əhəmiyyətlidir. Mədəniyyətlərin, sivilizasiyaların qovuşması əlbəttə ki, intellektual səviyyənin yüksəlməsi, milli mənəvi dəyərlərin mənimsənilməsi, qorunması, təbliğ edilməsi baxımından vacib olduğu kimi həm də humanizmə, vətənvərliyə, xeyirxahlığa yollar açır. Mehriban xanım Əliyevanın xeyirxahlığı, vətənpərvərliyi nəinki ölkəmizin vətəndaşları, eləcə də Rusiya, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bir çox xarici ölkələrdə inşa etdirdiyi məktəblər, saldığı parklar, təmir etdirdiyi mədəniyyət ocaqları, tibb müəssisələri göstərir ki, xeyirxahlıq unudulmur, yaddan çıxmır. Sözsüz ki, bu insani keyfiyyətlərin əsasında Azərbaycan xalqının milli dəyərlərə sadiqliyi, sahibliyi, bütün xalqlara, millətlərə hörmət və ehtiramı, Vətənə şərəf gətirmək inamı, inadı, bacarığı dayanır. Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına səfərinin nəticələri xalqımızı tanıtmaq, ölkəmizə şöhrət qazandırmaq və iki dövlət arasında əlaqələri möhkəmləndirmək baxımından uğurludur. Məhz buna görə, istər Rusiya, istərsə də yerli KİV-də, informasiya şəbəkələrində bu səfərin nəticələri geniş şərh olunmaqdadır”.

“Bütün Azərbaycan Mehriban Əliyevanın Birinci vitse-prezident statusunda Rusiyaya ilk rəsmi səfərini maraqla və diqqətli izləyirdi. Hesab edirik ki, bu səfər həm Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı, həm də Birinci vitse-prezidentin özü üçün çox mühüm idi. Mehriban xanım tez-tez səfərlərdə olur, o, müxtəlif ölkələrdə Azərbaycan mədəniyyətinin səlahiyyətli nümayəndəsi qismində çıxış edir, yüksək vəzifəli şəxslərlə görüşlər keçirir. Lakin qeyd etmək istəyirəm ki, onun Birinci vitse-prezident kimi dövlət xadimi qismində dost ölkəyə rəsmi səfəri ilk dəfədir ki, həyata keçirilir”.

Bunu isə  deputatı, Xalq yazıçısı Elmira Axundova “Moskva-Bakı” portalına müsahibəsində deyib.

Millət vəkili müsahibəsində sonra qeyd edib:

-Bu səfər Mehriban Əliyevanın dünya siyasət arenasında təqdimatı qismində çox mühüm oldu. O, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini nümayiş etdirdi. Hərçənd Mehriban Əliyeva Azərbaycanın ikinci şəxsidir, bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev kimi, onu ehtiram və hörmətlə qarşıladılar. Bu, birincisi, ölkələrimizin liderləri İlham Əliyev və Vladimir Putinin əsasını qoyduqları dövlətlərimiz arasında etimadın, əməkdaşlığın, dostluğun yüksək göstəricisidir.

İkincisi isə Mehriban Əliyevanın özünün dünyanın siyasi xəritəsində qazandığı nüfuzun mühüm göstəricisidir. Birinci vitse-prezidentin həm Baş Nazir, həm Prezident, həm də Rusiyanın Federasiya Şurasının sədri tərəfindən qəbul edilməsi unikal hadisədir. Düşünürəm ki, heç bir dövlət xadimi həmin vəzifədə bu cür yüksək səviyyəyə layiq görülməyib. Bu səfər göstərdi ki, Azərbaycanın siyasi üfüqündə yeni lider meydana çıxıb və güclü dövlət olan Rusiyanın xadimlərinin də bunu etiraf etməsi olduqca mühümdür.

Səfərə gəldikdə, o, özünün zəngin proqramı, dinamizmi, dörd gün ərzində keçirilən tədbirlərin bolluğu ilə seçildi. Səfər rəsmiyyət çərçivəsində həyata keçmədi və Azərbaycan-Rusiya əlaqələrinə öz töhfəsini verdi, gələcək perspektivləri müəyyən etdi. Əlamətdar hadisələrdən biri Moskvada mühüm ikitərəfli görüşlər keçirən ölkəmizin aparıcı nazirlərinin iştirakı ilə təşkil olunan X Azərbaycan-Rusiya Regionlararası Forumu oldu.

Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində əhəmiyyətli hadisələrdən biri XTNS-də “Azərbaycan” pavilyonunun açılışı oldu. RF Federasiya Şurasının sədri Valentina Matviyenkonun qeyd etdiyi kimi, bu pavilyon Azərbaycanın Moskvada qeyri-formal mədəniyyət nümayəndəliyi olacaq. Baş verən hadisənin miqyasını tam qiymətləndirmək çətindir, çünki 80 ildən sonra biz Moskvaya yeni keyfiyyətdə qayıtdıq. XTNS-i ildə milyonlarla insanın ziyarət etdiyini nəzərə alsaq, o, bizim uğurlarımızı, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlərimizi nümayiş etdirmək üçün böyük beynəlxalq meydançaya çevriləcək. Bütün bunlar Azərbaycanın unikal milli pavilyonunun bərpasında ən fəal şəkildə iştirak edən Heydər Əliyev Fondunun sayəsində baş verib.

Səfərin gedişində baş vermiş ən xoş hadisə isə Mehriban Əliyevaya ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeninin təqdim edilməsi oldu. Mehriban xanımı təltif edən Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, bu, formal mükafat deyil, Birinci vitse-prezident böyük xidmətlərinə, Azərbaycan və Rusiya arasında əməkdaşlığa, hər şeydən əvvəl humanitar sahədə əlaqələrə böyük töhfəsinə görə bu mükafata layiq görülüb. Biz Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının açıldığını bilirik, bütün bunlar isə Azərbaycanın birinci xanımının iştirakı olmadan həyata keçirilə bilməzdi. Onun rus dilinin qorunub saxlanılması, ölkəmizdə rus mədəniyyətinin və eyni zamanda, Rusiyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində səyləri göz qabağındadır.

-Valentina Matviyenko XTNS-da “Azərbaycan” pavilyonunun bərpa olunmasında və Moskvada aparılan unikal işlərdə Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etdi…

-Heydər Əliyev Fondu ən nüfuzlu və mötəbər beynəlxalq təşkilatlardan birinə çevrilib. Fond Azərbaycanın hüdudlarından kənarda da tanınır və onun xidmətləri yüksək qiymətləndirilir. O, Rusiyanın müxtəlif regionları da daxil olmaqla, mühüm xeyriyyə layihələri də həyata keçirib. Mənə Həştərxanda akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin rekonstruksiya və təmirdən sonra açılışında iştirak etmək nəsib olub. Həştərxanda, həmçinin Dostluq Parkı, abidələr açılıb ki, bütün bunlar Heydər Əliyev Fondunun vəsaiti hesabına həyata keçirilib. Əlbəttə, görülən işlər ən yüksək səviyyədə təqdirəlayiqdir və nəhayət, bu, baş verdi. Ona görə də Mehriban Əliyevanın Moskvaya səfərini həm Azərbaycan, həm də Rusiya üçün məhsuldar və əlamətdar olaraq qiymətləndirmək olar.

-Bu il Azərbaycan-Rusiya münasibətləri üçün zəngin olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı, Mehriban Əliyevanın Moskvaya səfəri. Gələn ildən gözləntiləriniz nədir? Azərbaycan-Rusiya münasibətləri necə inkişaf edəcək?

-Əslində, ölkələrimiz arasında bütün məsələlər artıq öz həllini tapıb. Samur çayı üzərindən yeni sərhəd körpüsünün tikintisi başa çatır, Bakıdan Rusiyanın sərhədinə aparan yeni yol inşa edilir. Ölkələrimiz arasında əmtəə dövriyyəsi artıb. Belə ki, əgər ötən il o, 19 faiz artıbsa, Mehriban xanımın çıxışında qeyd etdiyi kimi, təkcə bu ilin 9 ayı ərzində artım 26 faiz təşkil edib. Turizm fəal inkişaf edir. Ötən il Azərbaycana 1 milyona yaxın rusiyalı gəlib, bu isə ölkəmizə gələn xarici turistlərin demək olar ki, yarısıdır. Bunların hamısı onu göstərir ki, bizim münasibətlərimiz bütün sahələrdə dinamik inkişaf edir.

Bizim hamımızı narahat edən yeganə problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri və Ermənistana müəyyən təsir vasitələri olan ölkə kimi vasitəçi qismində daha aktiv çıxış etmək və münaqişənin nizamlanmasına köməklik göstərmək imkanına malikdir.

“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas faktorlardan biri də qonşu dövlətlərlə siyasi-iqtisadi və humanitar əlaqələrin genişləndirilməsidir. Beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına öz töhfəsini verən Azərbaycanın mühüm tərəfdaşlardan biri, dost və mehriban qonşusu Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf edir. İki dövlətin başçıları arasında dostluq əlaqələri ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlığın dinamik inkişafına müsbət töhfəsini verir”.

Bunu isə digər millət vəkili Pərvin Kərimzadə deyib.

Millət vəkilinin dediyinə görə, Birinci vitse-prezidentin Rusiya Federasiyasına rəsmi səfəri də yüksəliş mərhələsində olan Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına xidmət edib.

“Səfər çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Federasiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşlər, hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə xidmət edən ikitərəfli əlaqələrin perspektivlərinin müzakirəsi, X Rusiya – Azərbaycan regionlararası forumu, imzalanan sazişlər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət daşıyıb.

Rusiya Federasiyasının ali mükafatının “Dostluq” ordenin Azərbaycanın yüksək dəyərlərinin, humanizm prinsiplərinin beynəlxalq aləmdə təbliğində əvəzsiz rol oynayan Mehriban xanım Əliyevaya təqdim edilməsi hər iki ölkə arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərin yeni inkişaf mərhələsində olduğunun təsdiqi oldu.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri cərçivəsində Moskvada keçirilən X Azərbaycan-Rusiya Regionlararası Forumu da beynəlxalq arenada bir-birini dəstəkləyən Azərbaycan və Rusiya dövlətlərinin əməkdaşlığı genişlənməsi baxımından əhəmiyyətli olub. Mehriban xanım Əliyevanın Forumda çıxışı zamanı qeyd etdiyi kimi: “Regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır. Keçən ilin sentyabrında Bakıda bundan əvvəlki forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət edir. Budəfəki forum çərçivəsində rəqəmsallaşma, kənd təsərrüfatı, turizm sahələrində, humanitar sahədə ikitərəfli qarşılıqlı fəaliyyətin perspektivləri ətraflı müzakirə edilib. Ümidvaram ki, əvvəlki illərdə olduğu kimi, bu forumun da nəticələri bizim ikitərəfli münasibətlərin möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri, səfər çərçivəsində keçirilən görüşlər, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaradan X Rusiya-Azərbaycan Regionlararası Forumu hər iki ölkə arasında dialoqun genişləndirilməsinə, dostluğun, strateji tərəfdaşlığın möhkəmlənməsinə yeni təkan oldu…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Həyətimiz qarajlar tərəfindən zəbt olunub…” – FÜZULİ KÜÇƏSİNİN SAKİNLƏRİNDƏN LEYLA ƏLİYEVAYA MÜRACİƏT – FOTOLAR

Read Next

“Müəllim peşəsi mənim üçün yad peşə deyil…” – İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir