Birmənalı qəbul edilməyən, etirazlara səbəb olan-“MEDİA HAQQINDA” YENİ QANUN LAYİHƏSİNİN MM-DƏ BİRİNCİ OXUNUŞDA MÜZAKİRƏLƏRİ BAŞLADI, ELMAN NƏSİROV SOSİAL ŞƏBƏKƏLƏRİN QANUNLA TƏNZİMLƏNMƏSİNİ TƏKLİF ETDİ, VAHİD ƏHMƏDOV “REKET JURNALİSTLƏR”İN ARXASINDA BƏZİ NAZİRLƏRİN DAYANDIĞINI DEDİ – YENİLƏNİB – (2)

Milli Məclisdə (MM) “Media haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi başlayıb.

Etikxeber.az xəbər verir ki, spiker Sahibə Qafarova Azərbaycan mediasının son illərdə böyüş inkişaf yolu keçdiyini bildirib.

Əlavə edib ki, Azərbaycan mediası öz üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilib,

“İkinci Vətən Müharibəsi zamanı Azərbaycan mediasının fəaliyyəti bunun əyani sübutudur”-deyə, o, əlavə edib.

Sonra qanun layihəsi barədə MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Orucun məlumatı dinlənilib.

Komitə sədri ölkə Prezidentinin İkinci Vətən Müharibəsi zamanı fəaliyyətinə toxunaraq, dövlət başçısını “İnformasiya savaşının Xüsusi Təyinatlısı” adlandırıb.

Z. Oruc sonra qeyd edib ki, ölkələrin suverenliyinin artıq rəqəmsal terror və hücuma məruz qalması hər bir dövləti, o cümlədən Azərbaycanı özünün informasiya məkanını qorumağa vadar edir.

“Bu baxımdan, 5000-dən rəsmi qeydiyyatdan keçən KİV-in, 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri, 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, bölgələrdə 100-ə yaxın media subyektinin fəaliyyət göstərdiyi Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 11 regional və 49 kabel televiziyası, 25 internet televiziyası, 11 radio, Naxçıvanda 2 televiziya, 2 radio, 9 qəzet, 1 jurnalın nəşr olunduğu, mətbuat yayımını həyata keçirən müstəqil 23 kommersiya şirkətlərinin varlığı şəraitində, sizə təqdim edilən yeni “Media qanun”u layihəsini müzakirə edərkən bir neçə məqamı nəzərə almağınızı xahiş edirik. Bir çox rəylərdə keçmişlə paralellər aparılır, mənfi ənənələrin davam etdirilməsi üçün hüquqi zəmin hazırlandığı iddia edilir.

İstərdik bildirək ki, əsla belə bir məqsəd yoxdur, çünki ondan ötrü qanunvercilikdə dəyişikliyə ehtiyac qalmazdı.Dövlət medianın problemlərini hazırda keçirilən məhkəmə prosesi ilə qəbul edir və uğurlu dəyişikliklər davam etdirməyə çalışır. Yeni qanun medianın texniki, təşkilati, sosial və peşəkar fəaliyyətləri ilə bağlı bütün problemləri həll etməyə iddialı deyil, lakin ondan ötəri mühüm hüquqi bazadır və qarşıdakı aylarda dövlətimiz tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağı gözlənilir…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Z. Oruc eyni zamanda qeyd edib ki, layihədə ifadə azadlığına, İnsan haqlarına dair Avropa konvensiyasının təməl prinsiplərinə, xüsusilə 10-cu maddəsinə zidd hər hansı hüquqi qadağalar, azad mətbuat əleyhinə gizli və dolayı normalar nəzərdə tutulmayıb, əksinə, dövlət medianın inkişafında və güclənməsində maraqlıdır:

“Layihə sosial medianı, Youtube kanallarını, bloqosfer və digər platformaları tənzimləmir. Ona görə də Azərbaycan dövlətini internet resurslarında bütün növ fəaliyyətlərə məhdudiyyət qoymaq niyyətində olmaqda günahlandırmaq yanlışdır. İnternet televiziyalarını məcburən lisenziyalaşdırmaq, yaxud efir məkanına senzura tətbiq etməyə dair də sənəddə hər hansı müddəa yoxdur. Kiçik vaxt rejimində fəaliyyət göstərən internet audiovizual resursların qanunun qəbul olunduqdan sonra da fəaliyyəti olduğu kimi davam edəcək. Üstəlik, dövlətin məramı iqtisadi, sosial, vergi və digər xarakterli güzəştlərlə onları inkişaf etdirməkdir.

Ali təhsili olmayan şəxslərin Media Reyestrinə alına və vəsiqə ilə təmin oluna bilməyəcəyi müddəası da diksriminasiya niyyəti güdmür. Çünki bu şərt istənilən dövlət qulluğu və hər hansı vəzifənin tutulmasına dair digər sahələrdə mövcud olan meyarlara oxşardır. Lakin dövlət media təhsili və media peşəkarlığının artırılması üçün öz güclü məramını bəyan edir və proqramları ilə o sahədə güclü təhsilli media ordusu formalaşdırmaq niyyətindədir”.

Z. Orucun məlumatı dinlənildikdən sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb.

15:40

***

“Media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələri davam etməyi düşünürük”.

Bunu Birinci vitse-spiker, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə. Hüseynli bildirib ki, hazırda yeganə məqsədimiz Vətən müharibəsi ərəfəsində və bundan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.

S. Qafarova isə bildirib ki, biz bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Z. Orucla danışıb:

“Tarix müəyyənləşdiriləcək və yenə də media nümayəndələri ilə müzakirələr davam etdiriləcək”.

15:56

***

Millət vəkili Elman Nəsirli qanun layihəsini Qalib Azərbaycanın reallıqlarına uyğun gələn sənəd adlandırıb.

Eyni zamanda, sosial şəbəkələrdə anarxiyanın, özbaşınalığın hökm sürdüyünü iddia edərək, bu şəbəkənin də qanunla tənzimlənməsinə ehtiyac olduğunu bildirib.

Millət vəkili bununla yanaşı, mediada bir-birin təkrarlayan məlumatların yayınlanmasından narazılığını dilə gətirib.

“Bəzən baxırsan ki, bir informasiya onlarla media qurumunda gedib, yayımlanıb. Ancaq bilmək olmur ki, birinci kim yayıb bu məlumatı. Ona görə bu məsələləri tənzimləmək üçün yeni qanun layihəsinin qəbulu vacibdir”-deyə, o, əlavə edib.

16:10

***

“Media haqqında” qanunun parlamentə təqdim edilməsi zəruridir. Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn zaman bir neçə qərarlar vermiş oldu. Onlardan biri də senzuranın ləğv edilməsi ilə bağlı idi”.

Bunu isə deputat Vahid Əhmədov deyib.

Millət vəkili qeyd edib ki, sabiq dövlət başçısı-mərhum Heydər Əliyevə kim yaxınlaşırdısa, həmişə cavab verərdi:

“İmkan yaradırdı ki, mətbuat azad olsun. 44 günlük müharibədə medianın ağırlığını İlham Əliyev öz üzərinə götürdü. Belə götürəndə Azərbaycan mediası da müəyyən iş gördü. Qanundakı maddələr ətrafında müəyyən mübahisələr etmək olar. Biz istəyirik ki, jurnalistlər azad olsun istədiyi şəxsdən informasiya ala bilsin. Bunun üçün də əsas məsələ medianın maliyyələşməsidir. Bu da reklamla bağlıdır. Reklam və maliyyələşmə məsələsi bu qanunda öz əksini tapmalıdır. Medianın dövlət tərəfindən maliyyələşdirilməsi öz effektini vermir. Jurnalistlər də şikayətlənirlər ki, reket jurnalistlər çoxalıb. Əlbəttə, çoxalıb. Çünki onları saxlayan məmurlar, nazirlər var. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam, amma jurnalistlərin ali təhsil məsələsi şərt olmalı deyil”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MM-in iclası: ZAHİD ORUC QARAKƏND TERRAKTI İLƏ QARAHEYBƏT QƏZASINI EYNİLƏŞDİRMƏK CƏHDLƏRİNİ PİSLƏDİ, DÖVLƏT TURİZM AGENTLİYİNİN RƏHBƏRİ HOTEL XİDMƏTLƏRİNİN KEYFİYYƏTİNDƏN ŞİKAYƏTLƏNDİ, SPİKER İSƏ SABİR RÜSTƏMXANLININ FİKİRLƏRİNƏ ETİRAZ ETDİ – YENİLƏNİB – (4)

Read Next

Daha 922 yeni yoluxma-DAHA 19 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir