“Biz 27 illik gözləntimizdən xeyli irəlidəyik…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN NARAHATÇILIQ DOĞURAN SUALLARA ÖNƏMLİ CAVABLAR…

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dayandırılması barədə saziş Azərbaycanın tarixi qələbəsi və müzəffər Azərbaycan ordusunun düşməni sülhə məcbur etməsidir.

Saziş tam mənada yekun sülh müqaviləsi anlamına gəlməsə də bu sənədin bölgədə hərbi-siyasi proseslərin sonrakı mərhələsi üçün yol xəritəsi olacağı aydındır və onun imzalanması Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bərabər həm də Cənubi Qafqazın güc mərkəzinə çevrilməsinin rəsmiləşməsi deməkdir. 

Lakin təəssüf ki, bəzi hallarda bu sənədə skeptik yanaşmalar müşahidə etməkdəyik, baxmayaraq ki, bunun üçün ciddi və real əsaslar yoxdur. Razılaşmanın şərtləri ilə bağlı narahatlıqlar ifadə edərkən əvvəlcə bu narahatlıqların nədən ibarət olmasını aydınlaşdırmalıyıq.

Sual doğuran məqam nələrdir və ümumiyyətlə, həqiqətən də hansısa narahatlığa ehtiyac varmı?

Suallara cavab verməzdən əvvəl 30 il öncəyə dönək – münaqişə başlayarkən vəziyyət necə idi, bu illər ərzində israrla davam etdirdiyimiz danışıqların predmeti nə idi və biz nə istəyirdik?

Münaqişə başlayarkən, 1991-ci ilin 26 noyabrınadək Dağlıq Qarabağın yüksək statuslu bir muxtariyyəti var idi.

Ermənistan və bu dövlətin dəstəklədiyi Qarabağdakı separatçılar da məhz bu yüksək muxtariyyətdən ilhamlanaraq münaqişəni başladılar, Azərbaycanın o zamankı mürəkkəb daxili siyasi vəziyyətindən istifadə edərək nəinki Dağlıq Qarabağ, habelə ətraf rayonları ələ keçirdilər.

Etiraf edək ki, atəşkəsdən sonra başlanan uzun bir danışıqlar prosesində biz çox da məqbul olmayan şərtlə – ermənilərə ən yüksək muxtariyyət verməklə sülhə hazır idik. Nəinki hazır idik, hətta azı 25 il ərzində biz özümüzü erməni hərbi-siyasi rəhbərliyinin ərköyünlüyünə dözməyə məcbur edirdik.  Bu uzunmüddətli danışıqlarda nəyə ümid edirdik?

Torpaqlarımızın işğaldan azad edilməsinə, əvəzində isə Dağlıq Qarabağ ermənilərinin ən yüksək statusla muxtariyyətinə.  Bəs bu gün, barəsində danışdığımız sazişlə nəyə nail olduq? Bütün ərazilərimizin işğaldan azad olunmasına! Dağlıq Qarabağın hər hansı statusundan isə söhbət getmir və cənab Prezidentin də dediyi kimi gedə də bilməz. Bir sözlə, biz 27 illik gözləntimizdən xeyli irəlidəyik.

Üstəlik, prosesə  diplomatik səylərlə yox, döyüş meydanında, 30 illik intiqamımızı artıqlaması ilə al-ala, şərəfli bir yolla, qisasımızı qiyamətə qoymadan  nail olmuşuq. Burada başqa bir sual meydana çıxa bilər ki, irəliləyən ordumuza  bu məqamda dayanmaq lazım idimi? Əvvəlcə ondan başlayaq ki, qarşıdan qarlı qış gəlir, əlbəttə heç bir amil müzəffər Azərbaycan ordusu üçün maneə deyil və əsgərimiz hara qədər lazımdır irəliləyəcəkdi, lakin, Kəlbəcər və Laçın istiqamətində qış şəraitində irəliləmə orumuzun itkilərini bir neçə dəfə artıra bilərdi. Əgər biz Kəlbəcər və Laçın kimi çətin relyefli böyük rayonları döyüşsüz və tam itkisiz ala biliriksə niyə bundan imtina etməliyik?

Unutmayaq ki, insan potensialımız bizim ən qiymətli nemətimizdir, üstəlik hər oğul bir evin çırağı, bir nəslin işığıdır, onların varlığını təhlükəyə atmadan lazımi nəticəni əldə edə biliriksə məncə mübahisəyə yer olmamalıdır.  Digər tərəfdən,  biz sonrakı mərhələdə ermənilərin özlərini necə aparacağını bilmirik. Lazım gələrsə Ali Baş komandan orduya yenidən “vur” əmri verərsə bu razılaşma ilə qoruya bildiyimiz həmin igidlərin hər biri sonrakı mərhələdə bir tarix yazacaq. 

Geniş müzakirə olunan başqa bir məqam, Azərbaycan ərazisinə Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlıdır. Təəssüflə qeyd edim ki, nədənsə bəzi dairələr bu məsələləri erməni və muzdlu rus mediasının təbliğatı prizmasından qiymətləndirir. Lakin, ondan başlayaq ki, bu, Azərbaycan ərazisində rus hərbi bazasının qurulması deyil, yalnız müvəqqəti sülhməramlı missiyadır və bu missiyanın fəaliyyəti üzərində beynəlxalq nəzarət olacaq. Missiyanın qarşısında tapşırıqlar konkretdir, özfəaliyyət və suverenliyimizə hörmətsizlikdən söhbət gedə bilməz.

Üstəlik regionda güclü Türkiyə amili var – həm Azərbaycanın ən vacib müttəfiqi kimi, həm də atəşkəs nəzarət mərkəzinin fəaliyyətində mühim rola malik iştirakçı kimi. Daha da vacib olanı Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan Prezidentinin də açıq formada dediyi kimi heç kimi bizi heç nəyə məcbur edə bilməz.

Bir sözlə, ölkəmizin suveren hüquqları barədə son söz yalnız bizimdir və bizim olaraq da qalır. Sülhməramlılar yalnız postmüharibə dövrü adaptasiya prosesi üçün lazımdır, üstəlik, erməni xüsusi xidmət orqanlarının Xankəndi yaxud bölgədə hər hansı başqa bir yaşayış məskənində  ikinci Sumqayıt hadisələrinin törətmə ehtimalını sıfıra endirir və yaxud  bu məsələdə Azərbaycanın məsuliyyətini ortadan qaldırır. 

 Daha bir məqam, bölgədə ermənilərin mövcudluğunun davam etdirməsinə gəlincə, biz indiyə kimi nə zaman “bölgədə erməni yaşaya bilməz” iddiasında olmuşuq ki? Dövlət başçısının özü dəfələrlə birgəyaşayışın mümkünlüyünə inandığını dilə gətirib və buna hazır olduğumuzu bəyan edib. Lakin, burada yaşamaq hüququ olan  ermənilərin buna hazır olub olmaması, yəni bölgəyə qayıdıb-qayıtmaması onların öz qərarıdır.

Biz, sadəcə, bunun üçün müvafiq şəraiti yaradacağımızı Laçından dəhliz imkanı yaratmaqla göstəririk.  Yeri gəlmişkən, hesab edirəm ki, Laçın dəhlizi məsələsində də populizmdən uzaq durmalıyıq.  Birincisi biz bu dəhlizi kiməsə vermirik, bu ərazi Azərbaycanın suveren torpağı olaraq qalır.

Sadəcə, post-müharibə dövründə əraziyə gəlmək hüququ olan ermənilərin sülhməramlıların nəzarətində gediş gəlişi üçün bu koridoriun mövculuğu beynəlxalq hüquqa uyğun zəruri prosedurdur. Lakin Azərbaycan bu prosedurdan da qazanclı çıxaraq əvəzində Naxçıvanla Azərbaycanın qərb rayonları arasında dəhlizin açılmasına nail oldu

Hesab edirəm ki, Naxçıvana dəhliz Ermənistanla təslimçi razılaşmada Prezident İlham Əliyevin məharətli diplomatik manevrinin ən vacib nəticələrindən biridir. 

Əlbəttə, Laçın və Naxçıvan dəhlizlərinin əhəmiyyətlərini müqayisə etsək, aydın görünür ki, heç bir statusu olmayan və hətta əvvəlki sayda erməninin yaşamaq istəyib-istəməyəcəyi sual altında olan bir bölgə üçün uzun vədəli bir prespektivi olmayan Laçın dəhlizindən fərqli olaraq Naxçıvan dəhlizi bütövlükdə Türk dünyası üçün taleyüklü əhəmiyyət daşıyacaq. 

 Bütün bunları ümumiləşdirərək, bir daha əminliklə demək olar ki, razılaşma Azərbycanın hərbi qələbəsini və düşmənin kapitulyasiyasını rəsmiləşdirən sənəddir.

Buna başqa don geydirmək, yaxud siyasi mübarizə arqumentinə çevirmək şanlı Azərbaycan ordusunun 44 günlük şərəfli zəfər yürşünə kölgə salmağa cəhd kimi qiymətləndirilə bilər.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Hansı “kraska”dan danışırsınız?! Bəsdirin, yetər artıq!”-AYGÜN BAYRAMOVADAN KƏSKİN ETİRAZ

Read Next

Həsənovla Akar-BİR ARADA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir