Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Cəmi saatlar öncə daha bir və sonuncu rayonumuzun-Laçının işğalına da son qoyuldu.
28 il, 6 ay, 13 gündən sonra Laçın rayonu bir güllə atılmadan və bir Şəhid verilmədən erməni işğalından azad olundu.
Müzəffər Ali Baş Komandan və onun rəşadətli Ordusu, igid Azərbaycan Əsgəri növbəti Tarix, növbəti Zəfər yazdı, Laçını laçınlılara, əzəli-əbədi sahiblərinə, bütün Azərbaycan xalqına qaytardı və qovuşdurdu.
Beləliklə, müharibə tam mənada başa çatdı, 10 noyabr bəyanatının şərtlərinə uyğun olaraq, torpaqlarımızın işğalına bütövlükdə son qoyuldu, həmçinin, BMT Təhlükəsizlik Şurasının 27 il öncə qəbul etdiyi, ancaq icra etmədiyi 4 qətnaməsini özümüz bir-bir təmin etdik, yerinə yetirdik.
İşğal altında olan ərazilərimizin böyük bir hissəsini döyüşlə, 44 günlük Şanlı İkinci Vətən Müharibəsi, qalan hissəsini isə sülhlə, 10 noyabr bəyanatına sadiqliyimiz ilə qaytardıq.
Bəli, çox təəssüflər olsun ki, 28 il öncə Azərbaycan üçün çox strateji əhəmiyyətə malik olan Laçın rayonunu itirmək məcburiyyətində qaldıq.
Laçın erməni təcavüzünün, onun arxasında dayanan çirkin dairələrin fitnə-fəasadlarının, eləcə də, Azərbaycandakı hərc-mərcliyin, hakimiyyət davasının qurbanı oldu.
O vaxtkı hadisələr bugünkü kimi gözümün qabağındadır.
Laçın işğal olunan günü Bakıda hakimiyyət mübarizəsi gedirdi.
18 may tarixində Ali Sovetin sessiyası keçirildi və İsa Qəmbər Ali Sovetin sədri seçildi.
Əgər həmin gün Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi və o günlərdə hakimiyyət davası getməsəydi, torpaqlarımız işğal olunmaz və ya işğal dövrü bu qədər uzanmazdı.
Çox təəssüflər olsun ki, bizlər bunları, bu ağır təcrübəni yaşadıq.
Ancaq çox şükürlər olsun ki, artıq həmin günlər geridə qalıb və qaldı.
Biz artıq torpaqlarımızın işğalına son qoymuşuq, məğlub edilmiş xalqdan Qalib xalqa çevrilmişik, Zəfər, Qələbə qazanmışıq.
Bu, çox böyük tarixi, möhtəşəm Zəfər, Qələbədir.
Bu, dünya hərb elminə düşəcək, qızıl hərflərlə həkk olunacaq bir Qalibiyyətdir.
Bunu hələ çoxları öyrənəcək, bundan hələ çoxları istifadə etməyə çalışacaq.
Bunları bizə yaşadanlara-Müzəffər Ali Baş Komandana və onun rəşadətli Ordusuna minnətdarıq, onlara borcluyuq, qanları torpaqlarımıza qarışmış Şəhidlərimizə vəfa borcumuz var.
Eşq olsun, Müzəffər Ali Baş Komandana, eşq olsun, rəşadətli Azərbaycan Ordusuna!
Ruhları qarşısında baş əyirik, Şəhidlərimizin!
Qanları yerdə qalmadı, qisasları yerdə qoyulmadı.
Bütün işğal olunmuş və artıq işğaldan azad olunmuş ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız uçaldıldı və ucaldılmaqdadır.
Necə deyərlər, bir kərə yüksələn bayraq, bir daha enməz!

Biz Qalib ölkəyik, artıq kimsə bizimlə zor, təhdid, güc dilində danışa bilməz, şərtləri diktə edən bizlərik.
Düşmənin və havadarlarının dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü.
Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi.
Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək.
Ali Baş Komandanın Laçının işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına bugünkü tarixi müraciətində deyildiyi kimi, bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bunun üçün də bütün göstərişlər verilib. İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə.
“İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”-deyərək, Ali Baş Komandan həmçinin dedi ki, ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü.
Və hamımız əminik ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.
Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir.
Bəli, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaq.
Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Eşq olsun, Azərbaycan xalqına! Yaşasın, Azərbaycan!
Eldar İBRAHİMOV,
Milli Məclisin (MM) İntizam Komissiyasının sədri
Etikxeber.az





