“Biz ayrılıqda, ayrıca adada yaşamırıq…” – ELDAR İBRAHİMOV

“Qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin tərkib hissəsi olmaqla, milli təhlükəsizlik kimi önəmli bir məsələdir”

Eldar İbrahimov:“Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ölkəmizdə qida təhlükəsizliyinə necə böyük önəm verildiyini əyani şəkildə ortaya qoyur”

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu günlərdə imzalanan “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çox yüksək və çox müsbət qiymətləndirirəm. Belə demək mümkünsə, bu Fərman əhəmiyyətinə, mahiyyətinə və məzmununa görə, hətta, tarixi və inqilabi bir sənəddir. Buna çoxdan ehtiyac duyulurdu və bu, əslində həm də cəmiyyətdən gələn istək, sosial sifariş idi. Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev də hər zaman cəmiyyətdən gələn təşəbbüslərə çox böyük həssaslıq və diqqətlə yanaşır, onları daim fəaliyyətində nəzərə alır və buna uyğun olaraq da zaman-zaman müvafiq addımlar atır. Məlum Fərman da məhz bu istiqmətdə atılmış və çox düşünülmüş bir addımdır. Bu, hər kəs tərəfindən də müsbət qarşılanır və təqdir edilir. Bunun əksini də düşünmək mümkün deyil”.

eldar-2

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov dilə gətirib.

Komitə sədrinin dediyinə görə, bütövlükdə hər bir cəmiyyətin sağlam inkişafı, gələcək nəsillərin sağlam böyüməsi, yetişməsi üçün ən vacib məsələlərdən və məqamlardan biri də ərzaq təhlükəsizliyi və onun şərtlərindən biri olan qida təhlükəsizliyidir. E.İbrahimov belə hesab edir ki, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyinin tərkib hissəsi olmaqla, insan genefondunun təhlükəsizliyi, hətta, milli təhlükəsizlik kimi önəmli bir məsələdir: “Çünki insan normal qidalanmadan, qida təhlükəsizliyi təmin olunmadan onun normal inkişafı, sağlam həyat tərzi sürməsi və cəmiyyətə faydalı olması çox çətindir və bəzi hallarda da mümkünsüzdür. Odur ki, dünyadakı çağırışlara uyğun olaraq, mövcud reallıqları göz önünə gətirərək, indi belə bir məsələnin aktual və önəmli məsələ kimi diqqətə alınması, bu istiqamətdə görülən işlərin əhatə dairəsinin genişləndirilməsi çox müsbət və olduqca əhəmiyyətli haldır”.

Komitə sədri deyib ki, bəlkə də 20-25 il öncəyə kimi bu məsələyə indiki kimi diqqət ayırmamaq anlaşılan və qəbuledilən bir hal sayıla bilərdi. Ona görə ki, həmin dövrdə ölkə əhalisinin ərzaqla təminatı çox aşağı səviyyədə idi. Bu səbəbdən də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) digər İttifaq respublikaları ilə yanaşı Azərbaycanı da ərzaq təhlükəsizliyinə görə risk qrupuna aid etmiş, xarici dövlətlərə ölkəmizə humanitar yardım göstərmək tapşırığı verilmişdi: “Ona görə həmin dövrdə əsas məsələ kənd təsərrüfatı məhsulları istehsalını artırmaqdan ibarət idi. Hazırda isə respublikamız taxıl və süd məhsulları istisna olmaqla, digər ərzaq məhsulları ilə əhalini yerli istehsal hesabına təmin  və bəzi məhsulları da xarici ölkələrə ixrac edir. Taxıl və süd məhsulları istehsalının artırılması üçün həyata keçirilən əsaslı tədbirlər yaxın vaxtlarda bu məhsullara olan ehtiyacı da tam ödəməyə imkan verəcək.  Yəni, demək istəyirəm ki, indiki şəraitdə bu məsələyə diqqət ayırmamaq, onu ciddiyə almamaq mümkün hal sayıla bilməz və bu, çox ciddi fəsadlara səbəb ola bilər”.Komitə sədrinin fikrincə, digər tərəfdən dünya getdikcə qloballaşır, 2008-ci ildən başlanan və bütün dünyanı başına götürən maliyyə-iqtisadi böhranın sonu hələ də görünmür. Eyni zamanda dünyada, bölgəmizdə müharibələr, qanlı qarşıdurmalar, terror hadisələri bir-birini əvəzləyir və günü-gündən artır:

“Bunun da nəticəsində təbiətimiz, ekologiyamız korlanır, çirklənir, ekoloji tarazlıq pozulur və bütün bunlar da sonuc etibarı ilə insanlarımızın sağlamlığına, onların sağlam böyüməsi üçün lazım olan qida məhsullarının keyfiyyətinə öz mənfi təsirini göstərir, qida təhlükəsizliyinə ciddi problemlər törədir. Məhz bu baxımdan da, ölkə rəhbərliyinin, dövlət başçısının bu məsələyə zamanında, anında diqqət ayırması hər birimizin ürəyincədir”.

eldar-5

E.İbrahimov xatırladıb ki, rəhbərlik etdiyi komitənin də yaxından iştirakı ilə hazırlanan və parlament müzakirələrdən keçirilərək, qəbul edilən, qüvvəyə minən bir sıra qanunvericilik aktları mövcudddur ki, onlar da ölkəmizdə qida təhlükəsizliyinin təminatına öz müsbət töhfələrini verə bilər və verəcək:

“Məsələn, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” 2008-ci ildə qəbul edilən və hazırda qüvvədə olan çox əhəmiyyətli qanunumuz var. Bundan əlavə, “Yeyinti məhsulları haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunlar qəbul etmişik. Bu yöndə misalları artırmaq da olar, amma elə bilirəm ki, bunlar da kifayətdir. Məhz bu qanunlar və bu tipli digər qanunvericilik aktları da ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında, insanlarımızın ekoloji təmiz və yüksək keyfiyyətli qida məhsulları ilə təminatında mühüm əhəmiyyətə malikdirlər. Əgər bir neçə il öncəyə kimi, istifadə etdiyimiz ərzaq və qida məhsullarının böyük əksəriyyəti ölkəmizə xarici ölkələrdən gətirlir, baha qiymətə satılır, bəzən də keyfiyyəti yüksək səviyyədə olmurdusa, indi bunun əksini görürük. Yəni, ölkəmizdə sahibkarlığa və sahibkarlara, fermerlərə, iş adamlarına göstərilən yüksək dövlət qayğısı, əlverişli şərait öz müsbət və effektiv nəticələrini verməkdədir. Artıq öz məhsullarımız, məsələn, Qəbələdə, Ağcabədidə istehsal olunan süd məhsulları keyfiyyətinə görə alıcılar tərəfindən yüksək qiymətləndirilir. Hazırda daxili bazarlarda əsasən yerli məhsullarımız satılır. Həm bolluqdur, həm keyfiyyətlidir, həm ekoloji təmizdir, həm də qiymətləri insanlarımızın maddi durumuna, cibinə uyğundur. Ancaq yuxarıda da qeyd etdiyim kimi, dünyadakı reallıqlar ortadıdır, biz ayrılıqda, ayrıca adada yaşamırıq, təcrid olunmuş vəziyyətdə deyilik, dünya ilə qaynayıb-qarışırıq, inteqarasiya edirik və bütün bunlar da bizlərdən daha diqqətli olmamızı, qida təhlükəsizliyinin təmin olunmasına əvvəlki dövlərdəkindən də qat-qat çox önəm verməmizi tələb edir, şərtləndirir. Bunları mütləq nəzərə və diqqətə almaq gərəkdir. Odur ki, məlum Fərman da bu istiqamətdə atılmış əvəzsiz və təkrarsız bir addımdır”.

eldar-10

 Komitə sədrinin bildirdiyinə görə, adıçəkilən Fərmanla həm də Qida Təhlükəsizliyi Agentliyinin yaradılması nəzərdə tutulur ki, bu da bir daha ölkəmizdə qida təhlükəsizliyinə necə böyük önəm verildiyini əyani şəkildə ortaya qoyur:

“Fərmanda qeyd olunduğu kimi, Azərbaycanda əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Yəni, son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə edilib. Qeyd olunur ki, məhz görülmüş tədbirlərin davamı olaraq, ölkədə əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün də əsas vəzifələrdən biri kimi müəyyən olunub. Həmçinin göstərilir ki, nəzərdə tutulan hədəf ölkədə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsini, milli standartların beynəlxalq tələblərə tam uyğunlaşdırılmasını və beynəlxalq təşkilatlarla əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. Bildiyiniz kimi, ərzaq təhlükəsizliyinin bazasını aqrar sektor təşkil edir və ölkə iqtisadiyyatının prioritet istiqaməti olan bu sektorun inkişafı hörmətli Prezidentimizin diqqət və qayğısı ilə daim əhatə olunub. Aqrar sektor ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı həm də böyük ixrac potensialına malik sahədir. Hazırda bu sektorun qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrə yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ixracını və ölkəyə valyuta axınını təmin etməkdir. Bu məsələnin həllində belə bir agentliyin yaradılmasının böyük əhəmiyyət var. Bu baxımdan da, ölkə Prezidenti ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə bu agentliyin yaradılmasını vacib hesab edib. Agentliyin əsas vəzifəsi qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etməkdir. Fərmanda agentliyin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş nazirinin müavini hörmətli Əli Əhmədovun rəhbərliyi ilə Komissiya yaradılıb. Eyni zamanda Fərmanda Nazirlər Kabinetinə beynəlxalq təcrübə nəzərə alınmaqla “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə verilməsinə dair tapşırıq nəzərdə tutulmuşdur. Hesab edirəm və qəti şəkildə əminəm ki, bu Fərmandan irəli gələn vəzifələr zamanında və vaxtında həyata keçiriləcək, ölkəmizin qida təhlükəsizliyinin təmin olunması prosesində çox önəmli və müsbət nailiyyətlərə imza atılacaq”.

O,  sonda həmçinin qeyd edib ki, MM-in Aqrar siyasət komitəsi hazırlanacaq qanun layihəsinin vaxtında baxılıb, parlamentin plenar iclasına təqdim olunması üçün lazımi tədbirlər görəcək.

Etikxeber.az

Read Previous

“Yüksək vəzifədə həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk”- Spiker

Read Next

Bakıda 4 avtomobil yandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir