“Biz birlikdə güclüyük!”-MİLLƏT VƏKİLİ YAZDI

Azərbaycan xalqı və dövləti son həftə ərzində növbəti dəfə tarix yazdı, dövlət və xalq birliyinin, həmrəyliyinin bariz nümunəsini göstərdi. Baş verən hadisələr həm də dövlətimizin apardığı uzunmüddətli düşünülmüş siyasətin və xalqın bu siyasətə olan etimadının göstəricisi idi.

Bununla uzun illərdən – Azərbaycanın müstəqilliyini qazandığı dövrdən bəri bu birliyi həzm etməyənlərə, müxtəlif şər və böhtan xarakterli çıxışlarla bölücülük etmək istəyənlərə də sərt sillə vurulmuş oldu.

Xalqımızın bu dəstəyi ölkə başçımız cənab İlham Əliyevin siyasətinin uğurunun davamıdır. Azərbaycan bu gün inkişaf etmiş və müstəqil siyasətini yürüdən dövlətdir. Bu gün Azərbaycan 1990-cı illərin, AXC-Müsavat cütlüyünün zəif və məğlub duruma saldığı Azərbaycan deyil.

Həmin dövrdə xalq səriştəsiz idarəetmədən, çarəsizlikdən cana doymuşdu. Hakimiyyətdə olanlar ən yaxın dövlətlərdən belə lazımi dəstək ala bilmir, daxildə münaqişələr, parçalanmalar hökm sürürdü. Bu vəziyyətin öhdəsindən gələ bilməyən ölkə rəhbərliyi isə bunun günahını özündə görmək yerinə hər şeyi kənar qüvvələrin, mövcud zəif hakimiyyətə tabe olmaq istəməyən hansısa fitnəkar, bölücü şəxslərin üzərinə atırdı. Bütün bunlara yalnız Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə son qoyuldu.

Heydər Əliyev Azərbaycan xalqı və dövlətçiliyimizin birliyinin, həmrəyliyinin təminatçısı oldu. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu həmrəyliyi bu gün Azərbaycan xalqı onun yadigarı olan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ifadə etməkdədir.

Xalqımız bu həmrəyliyi ifadə etməklə bəzi üzdəniraq qüvvələrə, bu xalqı hissiyyatsız və mövqesiz hesab edənlərə, xüsusilə də daxildəki beşinci kolona unudulmaz tarix dərsi keçdi. Azərbaycan xalqı təsdiq etdi ki, o, daim heysiyyatlı və mübarizdir. Bununla belə, xalqımız öz müdrikliyi sayəsində heç vaxt dövlətçiliyimizə zərər vuran, dövlət və xalq arasında uçurum yaratmağa çalışan əsassız çağırışlara isti yanaşmayıb və yanaşmayacaq.

Xalqımızın bu illər ərzində müxtəlif provakasiyalara, siyasətlərini yalnız hakimiyyət hərisliyinə qurban vermiş səxslərə, onların çağırışlarına dəstək verməməsi, lakin vətən və dövlət üçün önəmli və dəyərli olan hadisələrə həssas münasibət göstərməsi də sübut etdi ki, xalqımız hər şeyi çox gözəl təhlil etmək bacarığına və düzgün siyasi iradəyə malikdir. Məşhur el məsəlində də deyildiyi kimi, “elin gözü tərəzidir”.

Özünü müxalifət adlandıran provakatorların siyasətinin nəticəsi də bu gün özünü aşkar şəkildə göstərdi. Bu şəxslər bilərəkdən ölkə başçısının əsaslı və haqlı iradlarına, etirazlarına fərqli məna verməklə kifayətləndilər. Onların bu hərəkətlərinə xəyanətdən başqa ad vermək mümkün deyil. Bu şəxslər ölkə başçısını qayğılandıran əsas məsələni bilə-bilə duymaq istəmədilər, çünki onlarda bu heysiyyət yoxdur.

Cənab Prezident xalqımızın son günlərdə göstərdiyi dəstək və şücaətin üzərinə kölgə salınmamasını, bunun hansısa mənfur siyasi məqsədlərə çevrilməməsini istəyirdi, çünki bu kimi hallarla biz tarixdə də çox rastlaşmışıq və daxilimizdəki beşinci kolon bu cür fürsətləri əldən vermir. Cənab Prezidentin uzaqgörənliyi özünü göstərdi. Cəbhədə vəziyyətin gərgin olduğu, buna baxmayaq ordudakı ruh yüksəkliyinin, xalqın və dövlətin birliyinin ən möhkəm səviyyədə olduğu bir vaxtda özünü müxalifət adlandıran bir qrup şəxs buna dəstək vermək yerinə provakativ cəhdlərə əl atdı.

Bəziləri xalqın təmiz niyyətindən kənara çıxaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaratdılar, nəqliyyat vasitəsini aşırdılar, hətta qanunverici orqanın binasına zərər vurdular. Buna baxmayaraq, operativ tədbirlər nəticəsində onların çirkin məqsədlərinə çatmalarının qarşısı alındı. Xalqımız belə şəxslərin əməllərini qəti şəkildə pislədi və hüquq-mühafizə orqanlarına dəstəyini ifadə etdi.

Ölkə başçısı da öz çıxışında aşkar şəkildə bildirdi ki, bu cür provakatorların xalqa heç bir dəxli yoxdur və onlar öz layiqli cəzalarını alacaqlar. Nəinki ölkəmizdə, digər dövlətlərdə yaşayan soydaşlarımız da bu gün xalqımız və dövlətimiz arasındakı həmrəyliyi qürur hissi ilə yaşayırlar. Aparılan dövlət siyasətimizi qərəzli olaraq gözdən salmaq istəyənlər, xarici diasporamızın zəif olduğunu deyənlər isə dünya dövlətlərindən və soydaşlarımızdan gələn dəstəyin qarşısında çox miskin duruma düşüblər.

Rusiya, İsrail, Niderland, İspaniya, Türkiyə, Ukrayna, Polşa, Gürcüstan, İsveç, Amerika Birləşmiş Ştatları, Avstraliya və bir çox dünya dövlətlərində minlərlə soydaşımız milli qürur məsələsi olan Qarabağ üçün yürüşlər, mitinqlər keçirdilər, Azərbaycanın haqq səsinə dəstək verdilər. Həmişə haray salan “siyasi mühacirlər”in, “müxalif”lərin bir çoxundan isə səs çıxmadı ki, çıxmadı.

Səsi çıxanlar isə utanmadan bu addımı hətta pisləyən bəyanatlar belə verdilər. Halbuki, mövzu dövlətçiliyimizə və ölkə rəhbərliyinə qərəzli münasibət olunca bu şəxslər dərhal ortaya atılır, əllərindən gələni əsirgəmir və yalan-yanlış məlumatlarla sadə əhalini aldatmaqla məşğul olurlar.

Daim Qarabağ məsələsi ilə bağlı hakimiyyətə əsassız ittihamlar və böhtanlar yönəldənlər bu cür münasibətləri ilə əslində özlərinin real niyyətini göstərərək Qarabağın onlar üçün yalnız siyasi demaqoqiya və vasitə olduğunu sübut etdilər. Bu şəxslər barəsində ciddi araşdırma aparılmalı, onların çirkin niyyətlərinin arxasında hansı qüvvələrin dayanmasına aydınlıq gətirilməlidir.

Millət vəkili olaraq xüsusilə bu həssas zamanda Azərbaycan xalqına səslənərək bildirirəm ki, ümummilli maraqlar naminə cənab Prezidentin ətrafında sıx birləşməli, dövlətçiliyimizi ona zərər vurmaq istəyənlərdən qorumalıyıq.

Unutmayın ki, biz birlikdə güclüyük!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Gələcəyin əsgəri olan 10 aylıq Həsən “qurdağızlıq” problemindən əziyyət çəkirdi, körpənin taleyi bizi narahat etməyə bilməzdi…”-BƏHRUZ MƏHƏRRƏMOV HƏKİMLƏRƏ MİNNƏTDARLIQ ETDİ

Read Next

Yoluxmada növbəti azalma-388-DAHA 5 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir