“Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik”- ƏLİ HƏSƏNOV

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov bu gün Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

Etikxeber.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə baş nazirin müavini səfirə Azərbaycanın bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verib.
Azərbaycanın müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açdığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Ə. Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir. “Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməlidir. Onlar bu gün Ermənistana təzyiq göstərməlidirlər ki, bizim ərazilərimizi boşaltsın. Beynəlxalq qurumların qəbul etdiyi qətnamələri icra etsinlər”.

Görüşdə Ə. Həsənov Almaniya Federativ Respublikasının ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı aparılan danışıqların intensiv xarakter alacağına ümidvar olduğunu bildirib.
Baş nazirin müavini onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti hazırda ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həllini öz üzərinə götürüb və bu işin öhdəsindən lazımınca gəlir: “Ancaq bunlara baxmayaraq ölkəmizdə beynəlxalq humanitar təşkilatların fəaliyyətlərini davam etdirməsinə də zərurət var. Onların tam şəffaf fəaliyyəti üçün Azərbaycan Prezidenti tərəfindən hərtərəfli şərait yaradılıb”.

Səfir Mixael Kindsqrab ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı sabit və inkişaf edən tərəfdaş ölkə olan Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərdiklərini qeyd edib.

Almaniyalı diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığımızın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Etikxeber.az

Read Previous

“Biz çalışacağıq ki, qalan məsələlər də öz həllini tapsın”-HADİ RƏCƏBLİ

Read Next

Səhiyyə Nazirliyindən 12 yaşlı uşağın cinsiyyətinin əməliyyatla dəyişdirilməsinə reaksiya gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir