“Biz dostlarımızla, əsl müttəfiqlərimizlə birlikdə güclüyük və birlikdə də güclü olacağıq! Uğur, Zəfər, Gələcək bizimdir!-ELDƏNİZ SƏLİMOV YAZDI

“…İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik…”.

Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə cənab İlham Əliyevə məxsusdur.

Bu fikirləri cəmi bir neçə saat öncə İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında tarixi çıxışı zamanı səsləndirdi.

Bu yerdə qeyd edək ki, adıçəkilən təşkilat bir neçə ildir yaradılıb və ötən illər ərzində də uğurlu, səmərəli fəaliyyəti ilə özünü təsdiqləyib.

Ümumiyyətlə, bu gün dünyada böyük təşkilatlardan daha çox mobil, çevik regional qurumlar effektiv və səmərəli fəaliyyətə malik olurlar.

Bunu son illərin təcrübəsi, yaşantısı da göstərib, sübut edib.

Odur ki, İqtisadi Əməkdaşlıq Təşkilatı da qısa zaman kəsiyində məhz səmərəli, effektiv fəaliyyəti, sülhə, əməkdaşlığa, qarşılıqlı anlşamaya, təhlükəsizliyə töhfələri ilə yadda qalıb, özünü doğruldub.

Bugünkü Zirvə toplantısı da bir daha bunun əyani sübutu, təsdiqi oldu.

Zirvə toplantısına sədrlik edən qardaş Pakistanın Baş naziri İmran Xan öncə Azərbaycanın Qələbəsi münasibətilə təbriklərini çatdırdı.

“Mən Azərbaycanın işğal olunmuş ərazilərinin müvəffəqiyyətlə azad edilməsi münasibətilə Prezident İlham Əliyevi xüsusilə təbrik etmək istəyirəm”-deyərək, Pakistanın Baş naziri belə çətin bir zamanda Zirvə toplantısının təşkilinin birgə səylər sayəsində mümkün olduğunu qeyd etdi. O, çıxışında təşkilata üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafının vacibliyini vurğuladı.

Eyni zamanda, qardaş və dost Türkiyəmizin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ölkəsinin təşkilata sədrliyi dövründə görülən işlərdən danışdı. O, bir çox sahələrdə tənəzzülə səbəb olan pandemiyaya yalnız həmrəylik, regional əməkdaşlıq sayəsində qalib gəlməyin mümkün olduğunu qeyd etdi. Cənab Ərdoğan Azərbaycanın işğal altında qalan torpaqlarını uğurla azad etdiyini bildirərək dedi:

“Qardaşımız Azərbaycan erməni işğalı altındakı torpaqlarını şanlı bir Zəfərlə azad etmiş, bölgədə yeni bir dövrün qapılarını açmışdır. Bundan sonra hədəfimiz Qarabağda təhlükəsizlik və sabitliyin formalaşmasına yardım etmək, 30 illik işğalın fəsadlarını birlikdə aradan qaldırmaqdır. Bu prosesdə də təşkilat olaraq Azərbaycan ilə tam həmrəylik içində olacağımıza inanıram. Ermənistanın da atacağı sülhsevər addımlarla regional sabitliyin bir hissəsi olacağına ümid edirik. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm…”.

 Azərbaycan Prezidenti isə çıxışında bir daha qeyd etdi ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə, Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.

“Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır”-deyən cənab Prezident bir daha bildirdi ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.

Daha sonra Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın Qələbəsi və ərazi bütövlüyünü bərpa etməsilə bağlı səsləndirdikləri xoş təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etdi, yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzuladı

“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik”-deyə, sözlərinə davam edən Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, 2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu.

Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.

Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı.

Ancaq Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi.

2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır.

Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.

Dövlət başçımızın da qeyd etdiyi kimi, biz indi gələcək haqqında düşünürük.

Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq.

Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Bu xüsusda da, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Odur ki, biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.

Tarixi çıxışında da dövlətimizin başçısı bu çağırışı, bu təklifi rəsmi şəkildə dilə gətirdi, bəyan etdi.

İnanırıq, əminik ki, bu təklif, bu çağırış da tezliklə dəyərləndiriləcək, öz müsbət həllini tapacaq, öz müsbət töhfələrini də verəcək!

Biz dostlarımızla, müttəfiqlərimizlə birlikdə güclüyük və birlikdə də güclü olacağıq!

Uğur da, Zəfər də, Gələcək də bizimdir!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini – sülh, tolerantlıq və ədaləti təşviq etməliyik… İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (1)

Read Next

Əliyev Ərdoğana-BAŞSAĞLIĞI VERDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir