“Biz elə bil kimdənsə qorxmalıyıq…” – VAHİD ƏHMƏDOVUN ZAKİR HƏSƏNOV VƏ NƏCMƏDDİN SADIQOVLA BAĞLI SƏRT SÖZLƏRİ MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU – YENİLƏNİB – (3)

Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu tənqid edib.

Etikxeber.az məlumat verir ki, deputat çıxışında Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun Azərbaycan dilini təmiz bilmədiyini bildirib:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Zakir Həsənov da, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca yaxşı danışa bilmirlər”.

Deputat separatçı rejiminin yeni “rəhbəri”nin Şuşada “inauqurasiya” mərasiminin keçirilməsinə də toxunub:

“Biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. Sən müdafiə nazirisən. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq”.

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, ehtiyac yaransa, Müdafiə naziri MM-ə dəvət olunar, o da təkliflərini verər:

“Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Bu, artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provokasiyaya getmək olmaz. Bu, uşaq oyuncağı deyil. Ermənistan şou düzəldir. Beynəlxalq aləm bilir ki, Paşinyanın ora gəlməsi də şoudur. Biz bu məsələdə çox soyuqqanlılıqla düzgün qərar qəbul etməliyik. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik. Bu məsələyə 90-cı illərdəki kimi yanaşmaq doğru deyil. İndi dayandoldurum dövrü deyil. İndi raketlər dövrüdür. Bu məsələlərə yanaşanda həssas olmalıyıq”.

***

“Mayın 31-də  Milli Məclisin növbəti iclasında millət vəkili Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir”.

Bu barədə də Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

“Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir”-deyə, sonra bildirilib.

14:46

***

“Çox təəssüf olsun ki, siz buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”.

Bunu plenar iclasın ikinci hissəsində MM Sədrinin birinci müavini Əli Hüseynli V. Əhmədovun çıxışına cavab verərkən deyib.

Birinci vitse-spikerin sözlərinə görə, zalda oturan deputatlar əli silahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü Qarabağlı kimi hiss edir:

“Hər kəs burada Qarabağ deputatıdır. Siz burada nahaq yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı bildirirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova öz növbəsində bildirib ki, Ə.Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir.

15:21

***

“Bundan əvvəlki Müdafiə nazirinin dövründə əsgərlərin çəkmələrini valideynlər alırdı. O pullar da ayrı-ayrı ciblərə gedirdi”.

Bunu da çıxışı zamanı MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.

O, bildirib ki, valideynlər görüş keçirmək üçün pullar ödəyirdi:

“Bu gün Müdafiə Nazirliyi öz işini yüksək səviyyədə qurur. Aprel döyüşlərini aparan Müdafiə Nazirliyinə bunu demək düzgün deyil”.

15:29

***

“Şimaldan, cənubdan, şərqdən və qərbdən uzanan iti caynaqlar və baxışlar bizi kifayət qədər məsuliyyətli olmağa çağırır”-deyən MM Sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Azərbaycanın kifayət qədər düşmənləri var:

“Avropa heyranlarımız var. Belə bir məqamda bizim özümüzdən başqa bir-birimizə söykənib, əl-ələ verib bu çətin məqamlarda ən çətin vəziyyətdən çıxamaq yolu birliyimizdədir. Burada yeni seçilən deputatlar var. Təbii ki, düşüncələrində və fikirlərində səhvlərə yol verə bilər. Bizim kifayət qədər təcrübəli deputatlarımız da var. Müəyyən məsələlər var ki, o məsələlərdə çox diqqətli olmalıyıq. Burada deyilən hər bir söz dünya ictimaiyyətinə çatır və qarşı tərəfə bir mesajdır. Ona görə də hər bir sözümüzü ölçüb-biçməliyik. Millətimiz, dövlətimiz, sərhədimiz və hərbimiz haqqında danışanda yüz ölçüb bir biçmək lazımdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”-SPİKERDƏN İRAD

Read Next

Tibbi maskalarla bağlı cərimələr müzakirələrə səbəb oldu-TOY VƏ YAS MƏRASİMLƏRİ GÜNDƏMƏ GƏTİRİLDİ… – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir