Biz gəlmişik, biz Qarabağdayıq!-JALƏ ƏLİYEVA YAZDI

Müzəffər Ali Baş Komandanın, Qalib Sərkərdə, Xilaskar, ölkə Prezidenti cənab Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun, Azərbaycan Silahlı Qüvvələrinin şücaəti və rəşadəti, dillərə dastan igidliyi, qəhrəmanlığı ilə 32 illik qanlı münaqişəyə son qoyuldu.

44 günlük tarixi, möhtəşəm İkinci Vətən Müharibəsi, İkinci Qarabağ Savaşı ilə işğalçı, faşist, terror dövləti olan Ermənistan dizə gətirildi, təslim edildi, kapitulyasiyaya imza atdırıldı, məğlubiyyəti elə öz dilindən etiraf etdirildi.

Yağı və qəvi düşmən üzərində 32 il səbrlə, təmkinlə, dözümlə gözlədiyimiz tarixi Qələbə və Zəfər çalındı, üçrəngli bayrağımız 27-28 ildən sonra yenidən Qarabağımızın hər bir guşəsində, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Hadrutda, Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, yaralı Xocalımızın kəndlərində dalğalandırıldı.

Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa, bərqərar olundu. 10 dekabr tarixində bütün dünyanın maraqla gözlədiyi, bütün gözlərin zilləndiyi tarixi, möhtəşəm “Zəfər paradı” keçirildi, qardaş və dost Türkiyənin Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı, Azərbaycan və Türkiyə Liderlərinin  tarixi çıxışları ilə dünyaya bir daha birlik və bərabərliyimizin, dost və qardaşlığımızın sarsılmazlığının növbəti mesajları verildi.

Bəli, tarixi Qələbə və Zəfərə qədər böyük yol, məsafə qət edildi. Bu Qələbəni, bu Zəfəri əldə etmək üçün çox böyük, tarixi addımlar atıldı. İkinci dəfə müstəqilliyimizi itirmək, parçalanmaq, məhv olmaq təhlükəsi aradan qaldırıldı, Azərbaycan inkişaf, tərəqqi, sabitlik yoluna qədəm qoydu. Bunlar da heç şübhəsiz ki, 1993-cü ilin gərgin və ağır iyun günlərində ikinci dəfə hakimiyyətə qayıdan, ikinci müstəqil Azərbaycanın qurucusu və memarı, dahi Şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyevin tarixi Xilaskarlıq missiyası nəticəsində mümkünləşdi, baş tutdu.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra torpaqlarımızın, dəyəri heç nə ilə ölçülə bilməyəcək mənəvi, maddi sərvətlərimizin, milli, tarixi, dini abidələrimizin, məscidlərimizin, ziyarət yerlərimizin, qəbiristanlıqlarımızın, açıq və qapalı muzeylərimizin, mənəvi zənginliklərimizin murdar düşmən tapdağından qurtulması, işğaldan azad edilməsi üçün bütün cəbhələrdə, bütün səngərlərdə ardıcıl, sistemli mübarizə başlanıldı. Elə bir tədbir, elə bir yüksək səviyyəli forum olmadı ki, torpaqlarımızın işğalı, mənəvi, maddi sərvətlərimizin barbarizm və vandalizmə məruz qalması, onların azad olunması məsələsi dilə gətirilməsin, səsləndirilməsin.

İstər Ulu Öndərin 10 illik ikinci hakimiyyəti dönəmində, istər onun layiqli davamçısı-ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə, istərsə dövlət başçısının ən yaxın və ən sədaqətli silahdaşı, ölkənin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən illər ərzindəki tükənməz, bənzərsiz ictimai-siyasi fəaliyyəti müddətində bu məsələlər, xüsusilə, milli, tarixi, dini abidələrimizin, sərvətlərimizin vəhşiliklərə məruz qalması, ermənilər, Ermənistan tərəfindən həmçinin mənəvi soyqırımın həyata keçirilməsi hər zaman, hər bir kürsüdə, hər bir tribunada açıq və gur səslə bəyan olundu, lal, kar, kor dünyanın nəzərinə, diqqətinə çatdırıldı.

Nəticə etibarı ilə bir sıra qurumlar, o cümlədən, uzun illərdir səmərəli əməkdaşlıq etdiyimiz UNESCO-nun önəmli qərarlarının qəbuluna nail olundu. Ermənistanın həm hərbi işğalı, həm də mənəvi təcavüzü, işğalı pislənildi, qınanıldı.

Bəli, işğal uzandıqca, mənəvi sərvətlərimizin, mənəvi resurslarımızın işğalı, məhvi bizlərin hər birini-bütün Azərbaycan insanını bir o qədər incitdi, sızlatdı. Xüsusilə də, Qarabağmızın gözü, dilbər guşəsi olan Şuşadakı abidələrimizin, Gövhərağa məscidinin, Ağdam məscidinin, o cümlədən, digər yurd yerlərimizdəki məscidlərimizin, qədim Alban kilsələrinin, Azıx mağarasının, başqa bənzərsiz, təkrarsız sərvətlərimizin dağıdılması, murdarlanması, yerlə-yeksan edilməsi hər birimizin ürək ağrısına, sızıltısına, naləsinə çevrildi.

Bəs vətənindən didərgin salınan, təhqirlərə məruz qalan heykəllərimiz? Üzeyir bəy Hacıbəylinin, Xan qızı Natavanın, Bülbülün heykəlləri güllələndi, məhv edildi. Düşmən bilə-bilə, qəsdən bunları edərək, törədərək, həm öz yırtıcı, ənənəvi insanlıqdan uzaq mahiyyətini ortaya qoyur, həm də bizim milli-mənəvi hisslərimizlə oynayırdı.

Çünki bir daha acı təəssüf və qəzəb hissi ilə qeyd etmək gərəkir ki, işğalın daha amansız xarakter aldığı 1992-93-cü illərdən ötən illər, zaman ərzində işğal altında olan yurd yerlərimizin elə bir guşəsi, elə bir milli, mənəvi, dini, tarixi sərvəti, abidəsi olmadı ki, işğaldan, təcavüzdən ciddi zərər, ziyan çəkməsin…Dağıdılan dağıldı, məhv edilən məhv edildi, qalanlar isə elə bir hala salındı ki, ələgəlməz oldu…

Ancaq 32 illik səbrin, dözümün də bir həddi olmalıydı və oldu…Səbr kasası da daşmalıydı və daşdı…Sentyabrın 27-də Ermənistanın növbəti qanlı təcavüzündən, açıq təxribatından sonra Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrimizə döyüş, “vur” əmri verildi, İkinci Vətən Müharibəsi başlandı və cəmi 44 gündə də 32 illik münaqişəyə, müharibəyə son qoyuldu. İndi işğal altındakı torpaqlarımız, onun üstü də, altı da, o cümlədən, təbii  sərvətlərimiz də öz sahibindədir, bizdədir, Azərbaycandadır.

Ölkə Prezidentinin və Birinci xanımın Cəbrayıla, Xudafərinə, Füzuliyə, Ağdama tarixi səfərlərində də bir daha dünyaya erməni faşizmi, erməni barbarizmi, erməni vəhşiliyi əyani şəkildə nümayiş etdirildi. Dünya bir daha erməni vandalizminə, erməni barbarizminə şahidlik etdi. Şahidlik etdi ki, işğal olunmuş və işğaldan azad edilmiş Azərbaycan ərazilərində daş üstə daş qalmayıb, hər yer dağıdılıb, məhv edilib, vəhşiliklərə, murdarlıqlara məruz qalıb, xüsusilə, bərpası bəlkə də on illər çəkəcək milli, mənəvi, tarixi, dini sərvətlərimiz, abidələrimiz yox edilib…Ağdam məscidi bunun acı və əyani sübutudur.

Ölkə Prezidenti və Birinci xanım 27 ildən sonra erməni vandalizmini hələ də canında, ruhunda hiss edən, yaşadan Ağdam məscidini ziyarət etdikdən sonra Ali Baş Komandan kameralar önünə keçdi,  Ağdam məscidinin önündə tarixi nitq söylədi, bir daha dünyaya səsləndi, çağrış etdi, erməni vandalizminə diqqət çəkdi:

Sitat:

 “Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam”.

Sonra “Biz bu Qələbəni birlik, əzm, iradə və güc hesabına əldə etdik. Bu gün, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri məsələ qaldırırlar ki, bəs, Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri necə olacaq? Həm mənimlə söhbət zamanı, həm rəsmi bəyanatlarda narahatlıq ifadə edirlər. Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar”-deyən Ali Baş Komandan bildirdi ki,   hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar, onların bu barədə danışmağa haqqı yoxdur. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir.

Bəli, Ali Baş Komandanın dediyi kimi, kimsənin, xüsusilə də, illərdir işğala göz yumanların, sərvətlərimizin talan edilməsinə səssiz qalanların “narahatlığı”na heç bir əsas və səbəb yoxdur. Azərbaycanda hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşləri keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb.

Belə olan halda, kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur. Dövlət başçısının göstərişilə və dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub. İnzibati bina tikilir. Müharibə dövründə udin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, Gürcü kilsələri bizim  milli sərvətimizdir. Erməni kilsəsi də dini-mənəvi əhəmiyyət daşıyır və biz onlara da hər zaman hörmətlə yanaşmışıq.

Ancaq vəhşi, qəbilə, yırtcı təfəkkürklü düşmən məscidlərimizdə, xüsusilə Ağdam məscidində inək saxlayıb, donuz saxlayıb və bununla da əsl mahiyyətini ortaya qoyub. Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl bədnam Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olublar. Bəs niyə gördükləri barədə, erməni vandalizmi barədə məsələ qaldırmayıblar? Niyə bu, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar, inək, donuz saxlamaq olar, dağıtmaq olar?!

Dövlət başçımızın da dediyi kimi, əgər belədirsə, belə də desinlər və getsinlər öz ölkələrində problemlərlə məşğul olsunlar, bizim işimizə qarışmasınlar. Bütün o ölkələrin səylərinə rəğmən gəlmişik, bütün təxribatlara rəğmən gəlmişik, qan tökə-tökə gəlmişik və durmuşuq tarixi torpağımızda, Qarabağımızda! Hərə artıq getsin öz işi ilə məşğul olsun. Bizim işimizə qarışmaq istəyənin cavabını vermişik və verəcəyik.

Necə ki, 44 gün ərzində birlik göstərmişik, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaq. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.

Eşq olsun, Azərbaycan xalqına! Eşq olsun, Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Eşq olsun, Müzəffər Ali Baş Komandana!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini

filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

Azərbaycanlılara işgəncə verən erməni barəsində həbs qətimkan tədbiri-SEÇİLDİ…

Read Next

“Deputatlara təşəkkür edirəm ki, onlar sıx qrafik əsasında təqdim edilmiş layihənin müzakirəsinə şərait yaradıblar”-SAMİR ŞƏRİFOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir