“Biz Mübariz kimi Polad olmalıyıq!”-RAQİF ALLAHVERDİ YAZDI

Dəyərli dostlar, yaşadığın cəmiyyətdə baş verən proseslər barəsində öz fikirlərini yazmaq, bunu ifadə etmək özü bir mədəniyyətdir.

Düzdür, çox zaman yazma prosesində bəzi fikirlərimizi bəyənməyib pozuruq, silirik. Bəlkə də pozduqlarımız həmin yazıların içərisində ən əhəmiyyətli və vacib fikirlər olmuşdur.

Çox maraqlıdır ki, həyatda da belədir: Yuxarıdan aşağı baxdığımız, önəmsəmədiyimiz, bəyənmədiyimiz insanlar bəzi hallarda bizim xilaskarımız, qəhrəmanlarımız olurlar. 

Bu baxımdan, biz artıq heç bir təmənna gözləmədən bir-birimizə dəyər vermək imkanlarına sahiblənməliyik. Özü də bunu kimsə bizə hədiyyə etməyəcək. Hətta heç bir xarici ölkədən də “idxal” olunmayacaq.

           Həyat yolu qısa olsa da, lakin ona doğru gedən yol uzundur…

 İlkin mərhələdə buna yalnız və yalnız özümüzü dərk, ictimai məşhurluq sevdasından imtina edərək, özümümzü tanımağa başlamaqla nail ola bilərik. Daha sonra məqsədimizi formalaşdırmalıyıq. Məqsədimiz bizim kimliyimizdir. Kimliyimizi var edən həyat çox qısa olsa da, lakin ona doğru gedən yol uzundur. Demək ki, biz bu yolu şərəfli etmək üçün çalışmalıyıq.

       Qorxaqlıq kölgəsi, itirmək qorxusu səni daim izləyəcək…

Çox xahiş edirəm, hər şeyi iqtisadi göstəricilər və maddi imkanlar üzərindən təhlil edərək, ruh düşkünlüyünə əsla qapılmayaq. Çünki sənin ruhun əzgindirsə, fədakarlığa dayanan məqsədin və məramın yoxdursa, ən böyük maddi sərvətə sahib olsan da belə, sən özünü cəsarətli və güclü hesab edə bilmərsən…Qorxaqlıq kölgəsi, itirmək qorxusu səni daim izləyəcəkdir.

           Gələcək xeyirxahlıq ruhunu daşıyanlarındır

Xeyirxahlıq artıq nəcib sosial akt kimi təbliğ olunmamalıdır. Xeyirxahlıq mərdlik, qəhrəmanlıq simvoludur. Eyni zamanda, xeyirxahlıqla xeyriyyəçiliyi eyniləşdirmək olmaz. Xeyriyyəçilik sahib olduğu 10 paydan 1 pay verməkdirsə, xeyirxahlıq özündən pay verməkdir. Maddi imkanının məhdud səviyyədə olması insanın mənəvi zənginliyə və xeyirxah niyyətinə əsla kölgə sala bilməz. Bir məsələni də xüsusilə vurğulayaraq qeyd etmək istərdim ki, gələcək gənclərin əlində deyil, gələcək xeyirxahlıq ruhunu daşıyanlarındır. Bunu, pafoslu demirəm, əminliklə söyləyirəm.

Diqqət etsək görərik ki, dünyanın bütün xilaskarlarının, qəhrəmanlarının ruhunda və məqsədində xeyirxahlıq var. Odur ki, biz xeyirxahlığa söykənən prinsiplər üzərindən tək özümüz üçün yox, çevrəmizin qorunması naminə xöşməramlı ideoloji xətt üçün vahid məqsədlə yaşamağa səy göstərməliyik. Hər kəs çevrəsində olan imkanlarını və potensialını dəyərləndirərək, xeyirxahlıq dəyərləri üçün öz məqsədini elə özü formalaşdırmalıdır. Biz özümüz üçün yox, yanımızda olanların ayaqda qalması üçün var olmalıyıq. O cümlədən uşaqlarımızın təlim–tərbiyəsi də vacib məsələdir. Bu baxımdan, uşaqlarımızın milli uşaqlıq qəhrəmanları olmalıdır ki, onlarda böyüyəndə əsl qəhrəman kimi olsunlar.

Güclü olmaq üçün bizim üçün ilk düstur Mübariz kimi cəsarətli vətənpərvər, Polad kimi dövlətin dayaqlarına sadiq qəhrəman olmaqdır.

22:09, 24 iyul, 23:59, 25 iyul

Raqif ALLAHVERDİ

Etikxeber.az

Read Previous

“Ermənilərin debatdan imtina etdikləri bildirildi…Hər işdə belədirlər – təkbətək, üz-üzə gəlməkdən çəkinirlər…”-ERKİN QƏDİRLİ

Read Next

Millət vəkili Əmək, Müdafiə nazirliklərinin, Sığorta Şirkətinin və SƏFƏRBƏRLİK XİDMƏTİNİN RƏHBƏRLƏRİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir