“Biz passiv olanda ortalıq boş qalmır, dağıdıcı qüvvələr bizim yerimizi alır”- MUSA QULİYEV

“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” da qanun layihəsi müzakirələrə çıxarılır

“Gərgin zamanlarda ölkədə sosial siyasətə daha çox ehtiyac olur. Ölkədə sosial siyasətin anestezioloqları da bizik. Biz passiv olanda isə ortalıq boş qalmır. Müxalifət, dağıdıcı qüvvələr bizim yerimizi alır”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin parlamentin növbəti yaz sesiyası ilə bağlı yanvarın 26-da keçirilən ilk iclasında deyib. Millət vəkili bu məqamda işləməyin labüd olduğunu diqqətə çatdırıb:

“Maliyyə-iqtisadi gərginlik ilində daha çox dinləmələr keçirilməlidir. Bilirsiniz ki, hər bir nazirliyin özünün marağı var. Həmçinin, sahibkarın, şəxslərin də. Hesab edirəm ki, Əmək Məcəlləsi ilə də bağlı dinləmələr keçirilməlidir. Məcəlləni postneft dövrünün tələblərinə uyğunlaşdırmaq lazımdır. “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin də müzakirəsinə istehlakçılar da dəvət olunmalıdır, onların da fikri öyrənilməlidir. Yəni, burada məqsəd tütünün istehsalının azaldılması deyil, ictimai yerlərdə siqaretçəkmənin məhdudlaşdırılmasıdır. Biz tütün sənayesinə müharibə açmalı deyilik”.

Adıçəkilən komitənin sədri Hadi Rəcəbli də öz növbəsində bildirib ki, Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının qanunvericilik planına daxil edilib:

“Biz neçə illərdir bu sənəd üzərində işləyirik. Bu məsələ çoxdan  bizim “mətbəximizdə”, gündəmimizdədir. Burada da  bir çox ölkələrin təcrübəsi nəzərə alınıb. Məsələn, 2013-də Rusiyada belə bir qanun qəbul edilib, çox gözəl də işləyir, müsbət effektini də verir. Biz də istəyirik ki, bu qanun təkmil və işlək olsun. Hazırda onun üzrəində işlər gedir və ola bilər ki, mart ayında onu plenar iclasa tövsiyə edək, çıxaraq” – deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Məcburi köçkün olan bir məmur hələ 5 il öncə ona verilən yardımdan imtina edib” – HADİ RƏCƏBLİ

Read Next

Əsas kapitala 14,9 milyard manat vəsait yönəldilib?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir