“Biz Qarabağa qayıtmışıq, Qarabağdayıq və əbədi olaraq da Qarabağda qalacağıq!”-ELDAR İBRAHİMOV TARİXİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN BAŞLAMASININ BİR İLLİYİNDƏN YAZDI

Tarixi və müqəddəs İkinci Vətən Müharibəsinin başlamasından artıq bir il ötür.

Düz bir il öncə, sentyabr ayının 27-də, səhər saatlarında təcavüzkar və işğalçı Ermənistanın növbəti qanlı təxribatına, fitnəkarlığına cavab olaraq, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə, Rəşadətli Azərbaycan Ordusuna “Döyüş, Vur!” əmri verildi.

Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum, əks-həmlə əməliyyatına, İkinci Vətən Müharibəsinə başladı.

Müharibənin başlanmasından bir neçə saat sonra Ali Baş Komandan Azərbaycan Televziyası ilə Azərbaycan xalqına tarixi müraciıt etdi.

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”-deyən ölkə Prezidenti Azərbaycan xalqına tarixi müraciətində bəyan etdi ki, biz öz torpağımızda vuruşuruq, Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaq

O, müraciətinin sonunda “Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir”-deyərək, bir daha qətiyyətli və birmənalı şəkildə bildird ki, biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz zəfər çalacağıq.

Ali Baş Komandanın tarixi müraciətindən cəmi saatlar sonra ölkənin ali qanunverici orqanı olan Milli Məclisin növbədənkənar xüsusi iclası keçirildi və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar layihəsi qəbul edildi.

Qərar layihəsi dərhal ölkə Prezidenti tərəfindən imzalandı, hüquqi qüvvəsinə mindi, sentyabrın 28-də isə Ali Baş Komandan tərəfindən ölkədə qismən səfərbərlik elan olundu.

Elə həmin gün və sonrakı bir neçə gün ərzində Səfərbərlik Xidmətinin yerli qurumlarına  cəbhəyə, müharibəyə yollanmaq, getmək arzusu yüzlərlə, minlərlə Azərbaycan gənci müraciət etdi.

Bir anın içində müsəlləh əsgərə dönən Azərbaycan xalqı, Vətən sevdalı Azərbaycan oğulları, Azərbaycan Ordusu bir yumruq kimi Azərbaycan dövlətinin və Ali Baş Komandanın ətrafında sıx birləşdi, düşmənin başına ildırım kimi çaxdı.

Müharibənin elə ilk günlərindən başlayaraq, Azərbaycan Ordusu, idig, qəhrəman Azərbaycan oğulları düşmənə ağır, ölümcül, sarsıdıcı zərbələr endirdi, onu hərbi texnika və canlı qüvvə sarıdan böyük itkilərə məruz qoydu, düşmən pərən-pərən salındı, “erməni ordusu” mifi alt-üst edildi.

İlk günlər Füzuli və Cəbrayılın bir neçə kəndini, Murov dağı iqtiqamətində strateji yüksəklikləri düşmən işğalından azad edən Azərbaycan Ordusu oktyabrın 3-də çox mühüm əhəmiyyətli və strateji bölgə olan Madagizdə Azərbaycan bayrağını dalğalandırdı və ölkə Prezidenti elə həmin kəndin adının Suqovuşan adlandırılması ilə bağlı qərarını bəyan etdi.

Hər gün Qələbəyə addım-addım irəliləyən Azərbaycan Ordusu Talış kəndini, Cəbrayılı, Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını, Xocalının bir çox kəndini və nəinki Qarabağın, bütün Azərbaycanın dilbər guşəsi, göz bəbəyi olan Şuşanı azad etdi, düşmən tapdağından və əsarətindən qurtardı.

Şuşanın işğaldan azad edilməsi ilə bağlı Şəhidlər Xiyabanından  Azərbaycan xalqına Qələbə müjdəsini çatdıran və növbəti tarixi müraciətini edən Ali Baş Komandan dedi:

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bəli,  28 il 6 aydan sonra Şuşa həsrətinə son qoyan Ali Baş Komandanın Rəşadətli Ordusu düşmənə ən ağır və həlledici zərbəsini endirdi.

Artıq düşmənin diz çökməkdən, məğlubiyyəti ilə barışmaq və onun etiraf etməkdən başqa yolu yox idi.

Noyabrın 9-da bir çox vacib strateji yüksəklikləri, 70-dən çox kəndi işğaldan azad edən Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədi, düşmən geri çəkildi.

Noyabrın 9-dan 10-na keçən gecə isə üç ölkənin rəhbərliyinin-Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin birgə bəyanatı səsləndirildi və imzalandı.

Bununla da tarixi İkinci Vətən Müharibəsi başa çatdı, Ermənistan üzərində tarixi Qələbə və Zəfər çalındı, Ermənistan diz çökdürüldü, təslim edildi.

Bir daha qeyd edək, xatırladaq ki, Dağlıq Qarabağ, yəni, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ilin qış aylarından, yanvar-fevral aylarından başladı.

Azərbaycana qarşı əsassız və haqsız ərazi iddiaları ilə çıxış edən Ermənistan və ermənilər qısa zaman ərzində həm Dağlıq Qarabağ və ona bitişik ərazilərdə, həm də Qərbi Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistanda, azərbaycanlıların dədə-baba yurdlarında qanlı hadisələr törətməyə başladılar, artıq 1989-cu ilin sonlarına kimi Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdı, hamısı öz ocaqlarından didərgin salınmış, deportasiya edilmişdilər.

Şovinizm, nasizm, rasizm xəstəliyinə tutulan ermənilər nəinki Dağlıq Qarabağa, Azərbaycanın digər bölgələrinə-Naxçıvan Muxtar Respublikasına da qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar və öz iddialarını reallaşdırmaq hər cür murdarlıqlara, alçaqlıqlara əl atmışdılar.

Yəni, bunları bir daha xatırlatmaqda məqsədim odur ki, 44 günlük İkinci Vətən Müharibəsi ilə təxminən 32 il 9 ay çəkən Qarabağ münaqişəsinə son qoyuldu.

Eyni zamanda, 10 noyabr bəyanatı ilə daha 3 rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, bir Şəhid verilmədən azad olundu.

Uzun illər məğlubiyyət acısı, ağrısı yaşayan Azərbaycan xalqı Qalib xalqa, Azərbaycan dövləti Qalib dövlətə çevrildi.

Bəli, torpaqlarımız qanlar, canlar hesabına yağı tapdağından azad edildi, minlərlə övladımız Şəhidimiz, on minlərlə vətəndaşımız, Vətən sevdalı oğullarımız yaralandı, Qazi oldu.

Qələbə və Zəfərimizə görə, Ali Baş Komandan başda olmaqla, bütün Şəhidlərimizə, Qazilərimizə, Vətən sevdalılarımıza borcluyuq və minnətdarıq.

Hər birinin qarşısında baş əyirik!

Fəxrimiz, Qürurumuzdurlar!

Müharibənin başa çatmasından cəmi bir neçə gün sonra ölkə Prezidenti tərəfindən Şuşanın azad edildiyi gün, 8 noyabr “Zəfər Günü” elan edildi və rəsmiləşdirildi.

Həmçinin, dekabr ayının 10-da Bakı şəhərində, Azadlıq meydanında düşmənə və onun qanlı havadarlarına ikinci bir öldürücü zərbə olan tarixi “Zəfər Paradı” keçirildi.

“Zəfər Paradı”nda hər zaman yanımızda olan, Haqq savaşımıza hər mənada dəstək verən qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı, eləcə də çoxsaylı Türkiyə rəsmiləri iştirak etdilər.

Zəfər Paradı zamanı həm Azərbaycan Prezidenti, həm də qardaş Türkiyənin Prezidenti tarixi nitq söylədilər, bütün dünyaya birgə mesaj verdilər, növbəti dəfə Azərbaycan-Türkiyə qardaşlığını, dostluğunu, həmrəyliyinin bütün beynəlxalq aləmə nümayiş etdirdilər.

Həmçinin, Şəhid ailələlərinə, Qazilərə dəstək məqsədi ilə YAŞAT Fondu, eləcə də, Qarabağın yenidən ayağa qaldırılması və dirçəldilməsi üçün “Qarabağ” Dirçəliş Fondu yaradıldı.

Qısa müddət ərzində Ali Baş Komandan və onun ən sadiq silahdaşı Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa, işğaldan azad olunmuş yurd yerlərimizə tarixi səfərləri başlandı.

Hər bir səfər də tarixi açılışlar, təməlatmalar yaşandı, eyni zamanda, may ayında Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentlərinin birgə imzası ilə tarixi Müttəfiqlik-Şuşa bəyannaməsi imzalandı.

Bəli, müharibənin başlamasından bir il ötməsinə baxmayaraq, artıq Qarabağın dirçəldilməsi, yenidən cənnət məkanına çevrilməsi istiqamətində böyük addımlar atılıb və atılmaqdadır.

Bunu ölkə Prezidentinin bir neçə gün öncə reallaşdırdığı  növbəti Şuşa səfəri bir daha açıq şəkildə ortaya qoydu.

Bəli, biz Qarabağı dirçəldirik və dirçəldəcəyik!

Biz Qarabağa qayıtmışıq və əbədi olaraq da Qarabağda qalacağıq!

Artıq kimsə, heç bir qüvvə Qarabağı bizdən ala, qopara bilməz.

Bu, mümkün deyil və mümkün olmayacaq!

Qarabağ bizdədir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az  

Read Previous

111 gündən sonra nəşi tapılan, 3 medallı-GƏNCƏ VƏ TOVUZUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MURAD VALEH OĞLU İBRAHİMOV… – FOTOLAR

Read Next

“Ədalət Əzizov mənə 500 min verdi…”-SABİQ MİLLƏT VƏKİLİ QALİB SALAHZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir