Biz qayıdırıq və qayıdacağıq… Ali Baş Komandanın dediyi kimi, zamanı gələndə digər arzularımıza da çatacağıq…Əzimimiz, iradəmiz qarşısında kimsə tab gətirə bilməyəcək!-ELDAR İBRAHİMOV YAZDI

“Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir.

Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir…”

Bu fikirlər ölkə Prezidenti, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Bu sözləri dövlət başçımız bugünlərdə İsmayıllı, Ağsu və Qobustan rayonlarına növbəti səfəri zamanı Azərbaycan Televiziyasına geniş, tarixi müsahibəsində dilə gətirdi.

Müsahibəsində həm ölkənin, regionların inkişafı, gələcək perspektivləri ilə bağlı məsələlərə, həm də ətrafımızda və bölgəmizdə yaşanan məsələlərə, Ermənistanın son təxribatlarına münasibəti açıqlayan Ali Bas Komandan yenə də önəmli bəyanatlar, mesajlar səsləndirdi, xəbərdarlıqlar etdi.

Ölkə başçısı bildirdi ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır.

Hər iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.

Həmçinin, sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə – Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub.

Ən önəmli məsələlərdən biri kimi, iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.

Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb.

Çünki hər kəsin də bildiyi kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Bəli, müsahibədə də qeyd edildiyi kimi, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır.

Çünki əhalimiz artdıqca, iş yerlərinə tələbat da artır.

Dövlət də öz tərəfindən həm adları çəkilən layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.

Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək.

Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir.

Eyni zamanda, hər kəsə də yaxşı məlumdur ki, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var.

O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır.

Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminik ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.

Bəli, digər səfərlərdə olduğu kimi, bu səfər zamanı da adları qeyd olunan rayonlarda bir sıra açılışlar oldu, bir sıra obyektlər istifadəyə verildi.

Bunlar bir daha deyilənlərin sadəcə, quru sözlər deyil, əməli işlər, addımlar olduğunu nümayiş etdirdi.

Ən əsası Azərbaycanın öz parlaq inkişafı, tərəqqisi yolunda nə qədər əzmli, iradəli, qətiyyətli olduğunu bir daha gözlər önünə sərdi.

Müsahibəsində Ermənistanın son təxribatlarına geniş və hərtərəfli münasibət bildirən Müzəffər Ali Baş Komandan bir daha dəmir iradəsini, qətiyyəti ortaya qoydu.

Ermənistanın bölgədə yenidən sülhü pozma cəhdlərinə qarşı Azərbaycan sərt reaksiyasını, istənilən təxribatlara, fitnəkarlıqlara anındaca və daha barışmaz şəkildə cavab veriləcəyini dilə gətirdi, öz növbəti xəbərdarlıqlarını etdi.

“…Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi…”-deyən Qalib Sərkərdə bəyan etdi ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır.

Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik.

Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik.

Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq.

Ali Baş Komandanın da dediyi kimi, bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır.

Əminik ki, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik.

Dəfələrlə də Ali Baş Komandan tərəfindən Ermənistana xəbərdarlıq edilmişdi ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar.

Ancaq onlar yenə öz məkrli, fitnəkar əməllərindən əl çəkmədilər və bu dəfə də onlara dərs verməli olduq.

Ona görə ümid edirik ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır.

Bəli, “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr də qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi.

Nəticə də bəllidir, dövlət başçımızın qeyd etdiyim kimi, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik.

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq.

Qayıdırıq və qayıdacağıq.

Yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik.

Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.

Zəngəzur dəhlizi də reallığa çevriləcək, biz onu da gerçəkləşdirəcəyik.

Heç kim bizim əzmimiz, iradəmiz qarşısında tab, duruş gətirə bilməyəcək.

Bəli, növbəti Qələbələr, Zəfərlər də bizimdir və bizimlə olacaq.

Qarabağ Azərbaycandır və Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, iqtisad elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Ermənistan xəbərdarlıqlardan ciddi nəticə çıxarmalıdır, çıxarmasa…”-MİLLƏT VƏKİLİ

Read Next

Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlılarının basdırdığı 991 mina aşkarlanıb-MÜDAFİƏ NAZİRLİYİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir