“Bizdə 100 min nəfərə təqribən 6 hakim düşür, ştat tam heyət formalaşsa, bu rəqəm 8-ə qalxacaq…Bu, istənilən halda Avrozonada ümumi standartlardan ən azı 2,5 dəfə azdır…”-HÜQUQŞÜNAS MİLLƏT VƏKİLİ VƏKİLLƏRİN DƏ SAYININ AZ OLMASINI DİLƏ GƏTİRDİ – (ÖZƏL)

Bu gün Azərbaycanda 800 hakim ştatı mövcuddur, fəaliyyətdə olan hakimlərin sayı isə 530-dur. Yəni, hazırda bizdə 100 min nəfərə təqribən 6 hakim düşür, ştat tam heyət formalaşsa, bu rəqəm 8-ə qalxacaq. Bu, istənilən halda Avrozonada ümumi standartlardan ən azı 2, 5 dəfə azdır. Əlbəttə, hakim azlığı işin keyfiyyətinə təsir göstərir, işin ətraflı araşdırılması imkanını məhdudlaşdırır, hakimdən asılı olmayan süni bürokratiya yaratmış olur.

Bunu Etikxeber.az-a özəl açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Təsəvvür edin, yalnız mülki sahədə hakimə orta hesabla aylıq 200 iş daxil olur, bu işin araşdırılması var, baxılması var, müvafiq qətnamə və qərardadların yazılması var. Bu iş yükündən ideal keyfiyyət gözləmək əlbəttə mümkün deyil. Bu, fiziki olaraq mümkün deyil”-deyən millət vəkili bildirib ki, lakin dövlət artıq bu problemin fəsadlarını görür və ölkə Prezidentinin 3 aprel Fərmanına uyğun olaraq tədbirlər görülməsinə başlanıb, eyni zamanda, həm hakimlərin sosial müdafiəsi, həm də məhkəmələrin maddi texniki təminatı istiqamətində ciddi irəliləyiş var. Üstəlik məhkəmələrdə xoşagəlməz tendensiyaların qarşısının alınması istiqamətində ciddi dəyişiklik var.

“Lakin mən bu qənaətdəyəm ki, əlavə hakim ştatlarının açılması məsələsi bir daha gündəmə gətirilməlidir və inanıram ki, pandemiyadan sonra bu problemə ümdə məsələlərdən biri kimi baxılacaq. Bilirsiniz ki, hakim seçimləri üçün HSK artıq fasiləsiz sənəd qəbulu həyata keçirilir, hələki boş ştatların doldurulması istiqamətində iş gedir. Düşünürəm ki, bu proses eyni zamanda, gələcəkdə əlavə ştatların açılması istiqamətində kadr ehtiyatı baxımından vacib meyar olacaq.

Habelə, vəkillərin say azlığı da eyni qaydada müşahidə olunmaqdadır. Düzdür, son bir neçə ildə vəkil sayı bir neçə dəfə artıb, üstəlik, bilirsiniz ki, Məhkəmə- Hüquq Şurasından da əvvəl Vəkillər Kollegiyası fasiləsiz sənəd qəbulu prosesinə başlayıb. Vəkillər Kollegiyasının rəhbərliyi bu məsələyə çox həssas yanaşır və onların niyyəti ilin sonunadək vəkil sayının ən azı 2 mini aşmasını təmin etməkdir. Yəni, qapılar açıqdır.

Sadəcə, Kollegiya sədrinin də dediyi kimi, ölkədə hüquqşunas azlığı var, vəkil azlığı probleminin də kökündə bu dayanır. Lakin bir daha deyirəm, mən pessimist deyiləm və görülən işlərin vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanıram. Açıq desək, bizim başqa yolumuz da yoxdur, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, təmini, şəffaf və ədalətli məhkəmə hakimiyyətinin möbcudluğu dövlətin ali məqsədlərinin təmin edilməsinin yeganə yoludur”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ABŞ-ın səfirliyi amerikalıları Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa-ÇAĞIRDI

Read Next

TƏCİLİ YARDIM HƏKİMİNİN MƏSLƏHƏTLƏRİ-Racu Nəbiyev danışır – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir