Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Asim MOLLAZADƏ: Ermənistan müstəqil dövlət deyil, o, hərbi bazadır və hərbi bazanı da, təbii ki, sahibləri qoruyacaq
Etikxeber.az-ın müxbirinin suallarını millət vəkili, DİP sədri Asim Mollazadə cavablandırır:
“Paşinyan və onun rejimi hakimiyyətə müvəqqəti gəlmiş bir qrupdur və əslində mənə elə gəlir ki, onlarla danışıqlar aparmaq özü də gülüncdür”
– Asim bəy, bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Qarabağa qanunsuz səfər etdi və “Qarabağ Ermənistandır, Ermənistanındır” dedi, “miatsum” şüarı yenidən dilə gətirildi. Bu baxımdan, proseslər əvvəlki məcrasına dönmür ki?
– Paşinyanın hərəkətləri Ermənistanın real sülhə getmək istəmədiyini nümayiş etdirir. Paşinyanın belə bir riyakar, bir neçə üzlü çıxışı, yəni, xaricə gedəndə bir cür danışır, Qarabağa gedəndə tamamilə başqa cür, Ermənistanda onun öz işlərinin davamına inamının olmadığını göstərir.Bu, qorxunun əlamətləridir. Paşinyan qorxur ki, ondan qabaq Ermənistanı idarə edən hərbi cinayətkar rejim onu devirəcək və təbii olaraq bəhanə kimi də Qarabağ problemindən istifadə olunacaq.
Bu, Ermənistanda bir neçə dəfə baş verib. Xatırlatmaq istəyirəm ki, illər öncə Levon Ter-Petrosyanı hakimiyyətdən devrmiş, bundan sonra da hərbi cinayətkarları Ermənistanda hakimiyyətə gətirmişdilər. Paşinyan da bunu anlayır, onu devirə biləcəklərindən ehtiyatlanır. Eyni zamanda, Paşinyana təzyiqlər millətçi və nifrət hissi ilə yaşayan erməni diasporasından gəldi ki, onlar da təzyiqlərlə baş naziri məlum siyasəti yürütməyə, davam etdirməyə vadar edirlər.
Paşinyan və onun rejimi müvəqqəti hakimiyyətə gəlmiş bir qrupdur və əslində mənə elə gəlir ki, onlarla danışıqlar aparmaq da gülüncdür. Çünki, o, hansısa bir etibarlı və dayanıqlı siyasət apara bilmir və onun bəyan etdiyi strategiya da, demək olar ki, Ermənistan dövlətçiliyini məhvə sürükləyən bir strategiyadır.
– Sizcə, Azərbaycan dövləti və hakimiyyəti bu davranışlarla bağlı hansı addımları atmalıdır. Qeyd edək ki, Siz özünüz hər zaman münaqişənin hərb, müharibə variantı ilə həllinin əleyhinə olmusunuz. Ancaq hadisələrin gedişatı bu variantı diktə etmirmi?
-Bəli, mən hərb variantının əleyhinəyəm. Söhbət də ondan gedir ki, hərb variantı olanda, bizim hərbimiz, döyüşümüz Ermənistanla olmayacaq və biz qalib gəlməyə imkan verməyəcəklər. Onun üçün də səbrli olmalı, beynəlxalq ictimaiyyətin diqqətini bu davranışlara, Ermənistanın bu addımlarına cəlb və Ermənsitana qarşı müvafiq sanksiyaları tətbiq etməyi tələb etməliyik.
Ermənistan işğalçı ölkədir. Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozub. Onun üçün biz bütün beynəlxalq platformalarda beynəlxalq hüququn aliliyini tələb etməliyik. Hansısa hərbi əməliyyatlara gəlincə, hamı yaxşı bilir ki, bunun qarşısı kimin tərəfindən bunun alınacaq və Ermənistanın real sahibləri kimdir, nədir. Ermənistan hansısa bir müstəqil dövlət deyil. O, hərbi bazadır və hərbi bazanı da, təbii ki, onun sahibləri qoruyacaq.
“Sülh danışıqları bizim üçün dünyaya məhz Azərbaycanın mövqeyini və haqlı olduğunu nümayiş etdirmək üçün lazımdır”
-Bəs, sülh danışıqlarının necə, perspektivi varmı?
– Sülh danışıqları bizim üçün dünyaya məhz Azərbaycanın mövqeyini və haqlı olduğunu nümayiş etdirmək üçün lazımdır. Biz hüququn aliliyini tələb edirik. BMT-nin qətnamələrinin icrasını tələb edirik. Beynəlxalq təşkilatların qətnamələri ki, qəbul olunub, bunun icraatı olmalıdır.
Yəni, hüququn aliliyi bizim üçün ən əsas məsələdir. Bizim xarici siyasətimiz də məhz bu prioritetlərlə həyata keçirilir ki, biz dünyaya haqlı olduğumuzu ilk öncə isbat eləməliyik. Bu istiqamətdə də işlər aparılmalıdır. Danışıqlarında mahiyyəti bizim üçün bundan ibarətdir.
-Ümumiyyətlə, yaxın illərdə, yaxın gələcəkdə münaqişənin sülh yolu həlli mümkün olacaqmı?
– Mənim heç şübhəm yoxdur ki, Azərbaycanın qələbəsi mütləq və Azərbaycanın haqlı olduğuna görə baş verəcək.
-Son olaraq, Paşinyanın siyasi aqibəti necə olacaq? “Qarabağ klanı” yenidən hakimiyyətə qayıda bilərmi?
– Yəni, bu da onların sahiblərindən asılıdır. Bazanın sahibləri özləri müəyyənləşdirəcəklər, Paşinyan bir müvəqqəti fiqurdur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az