“Bizi özümüzə bağlayan sənət dünyamızın ayrılmaz parçası olan Aşıq sənəti də Muğamımız kimi inkişaf yolundadır…” – ƏFLATUN AMAŞOV – FOTO

Bir neçə gün öncə Beynəlxalq Muğam Mərkəzində əslən Gürcüstandan olan qocaman şair, ustad Dünyamalı Kərəmin 100 illiyi qeyd edildi. Tədbirin təşkilatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu idi.

Bəribaşdan deyim ki, toplantı institutun adına yazılacaq mötəbər, xeyirxah qədirbilənlik gecəsi idi. Nə gözəl ki, yubilyarın özü də tədbirdə iştirak edirdi. 100 yaşında uzun məsafə qət edərək Gürcüstandan gəlib mərasimə qatılmaq əksəriyyətimiz üçün heyrət doğuran xöş sürpriz idi. Hiss olunurdu ki, yubilyardan çox, onun soydaşları sevinir, qürur hissi keçirirlər. Bu canlı salnamənin yaşından azı 20-30 il gümrah görünməsi insanın həyat eşqinin təcəssüm göstəricisiydi. Bizlər bu eşqlə baş-başalığın məmnunluğunu da yaşadıq.

Məclisdəki xoş ovqat yubilyar sənətkarı da vəcdə gətirdi. Aşıqlar onun şerlərinə qoşduqları mahnıları oxudular. Dünyamalı müəllimin özü də bir neçə poetik nümunəsini canlı-canlı iştirakçılara ərməğan etdi, ustadnamələri, lirik səpgili poetik düşüncələri ilə könülləri oxşadı. Tədbirdə mənə də söz veriləndə onun sənət dünyasına nəzər saldım…

Ümumən düşünürəm ki, bu sayaq tədbirlərin keçirilməsi üç cəhətdən vacibdir. Birincisi, 100 yaşlı yaradıcılıq adamı ilə görüşmək. O, nə edib, necə yaşayıb ki, köksündə, qəlbinin dərinliklərində bu qədər sənət alovunu gəzdirməklə bərabər, uzun ömür məsafəsi qət edə bilib? Ondan yaşam, həm də könüllərdə yaşam sirlərini öyrənmək hər kəs üçün maraqlıdır. Görünür, yaradıcılığın, düşüncənin insanı cavan saxladığı ayrıca zövq dünyası da mövcuddur və həmin dünyada bezmək, usanmaq, ruhdan düşmək kimi anlayışlar yoxdur. Hesab edirəm ki, Dünyamalı Kərəmin fəth etdiyi də elə bu vəhdət zirvəsidir. Yaradıcılıqla yaşamın vəhdət zirvəsi. Şair dünyaya o zirvədən baxır.

İkincisi, bu tədbir istər-istəməz daha çox aşıq məclisi etüdləri ilə yadda qaldı. Unutmayaq ki, bizim milli-mənəvi dəyərlərimizin iki xətti var. Birincisi türkçülükdür. Yəni türk düşüncəsi və həyat tərzi. Bu tərzin yaradıcılıq tərəfində aşıq sənəti, şifahi xalq yaradıcılığı müstəsna yerə və rola malikdir. Digər məqam, heç şübhəsiz, İslam dəyərləri ilə bağlıdır. Təsadüfi deyil ki, muğam sənətimiz dinimizlə assosiasiya olunur. Sevindirici haldır ki, son zamanlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz, tariximizdə qalacaq müstəsna xidmətləri sayəsində muğamımızın inkişafı, onun dünyada təbliği ilə istiqamətində çox böyük işlər görülüb. Birmənalı şəkildə demək olar ki, Azərbaycan dünyanın muğam mərkəzidir. Mən tədbirdə Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin gənc aşıqlarını görəndə əmin oldum ki, qədim, bizi özümüzə bağlayan sənət dünyamızın ayrılmaz parçası olan Aşıq sənəti də Muğamımız kimi inkişaf yolundadır.

Nəhayət, diqqət etmək istədiyim üçüncü məqam. Yubilyar Dünyamalı Kərəmin doğulduğu, yaşayıb-yaratdığı yurd doğma Borçalımızdır. Bu qədim elin yetişdirdiyi elm, mədəniyyət xadimlərinin, dühaların, fikir və söz adamlarının sayı bir çox xalqların ayrılıqda dünya mədəniyyətinə bəxş etdiyi simaların sayından çoxdur. Bu el, bu oba sənət, yaradıcılıq coğrafiyamızda yüksək təmsilçilik hüququna malikdir.

Əminəm ki, Dünyamalı Kərəmin yaratdığı irs həm də bu yüksək təmsilçiliyin dəyərli, gələcək nəsillərə miras qalacaq töhfəsidir.

Əflatun AMAŞOV,

Millət vəkili, Mətbuat Şurasının sədri

Etikxeber.az

Read Previous

Avroliqada 1/16 final mərhələsi-BAŞLAYIR…

Read Next

“Atalanta” və “Tottenhem” sevincli…- NƏTİCƏLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir