“Bizim səfirlərin bəziləri xaricə sanki işləməyə yox, istirahətə gediblər…”-SABİQ DEPUTATDAN BƏZİ DİPLOMATLARA KƏSKİN İTTİHAMLAR

İyulun 12-də Tovuzla sərhəddə atəşkəsi pozaraq təxribat törədən Ermənistan, Azərbaycan Ordusunun vurduğu zərbələrdən yəqin ki, hələ uzun müddət özünə gələ bilməyəcək.

Düşmənin itkiləri böyükdür. Əsgərimiz ermənilərin xeyli canlı qüvvəsini, istehkamlarını, hərbi infrastrukturunu, silah – sursat anbarını, texnikasını məhv etmişdir. Cəbhədə nisbi sakitlikdir.

Görünən odur ki, düşmən döyüş əməliyyatlarından çəkinir. Lakin bir çox sahələrdə ermənilər ölkəmizə,xalqımıza qarşı hücüma keçiblər. Onların əsl hibrid müharibəsinə start verdikləri göz qabağındadır.

Rusiya, Avropa Birliyi ölkələri, ABŞ,dünya siyasətinin formalaşdırılmasında rolu olan dövlətlərdə mətbuat, televiziyalar vasitəsilə yaydıqları dezinformasiyalar, apardıqları informasiya savaşları, kiber təxribatlar, diplomatik hay-küylər, diaspor qaragüruhçuluğu, lobbi hücumları, iqtisadi zərər vurmalar- bu gün ermənilərin bizə açdığı hibrid müharibəsinin elementləridir.

Bütün bu antiazərbaycan fəaliyyətin mütəşəkkilliyi və vahid mərkəzdən idarə olunması da dediklərimi sübut edir. Həyasızlığa, qanunsuzluğa söykənən bu əməllərin qarşısı təəssüflər olsun ki, nə bizim diplomatlarımız, nə də,diaspor təşkilatlarımız tərəfindən lazımi səviyyədə alınmır. Mən demirəm ki, yumruq davasına çıxmaq lazımdır.

Buna gərək yoxdur, bizə heç yaraşmaz da. Yumruğumuzu, təpiyimizi,silahımızı, ermənilər gördülər və hələ qarşıdakı böyük savaşda onun dadını lap yaxşı dadacaqlar. Hüquqa söykənən, qanuna arxalanan addımlar, sərt diplomatik gedişatlar sərgiləmək lazımdır.

Baxın,ABŞ-ın Los Angeles şəhərində, Belçikanın paytaxtında, Parisdə həmin ölkələrdəki azərbaycanlı icmalarının keçirdikləri aksiyalarda dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri ,o cümlədən, daşnaksütün partiyasının üzvləri, ASALA terror təşkilatının tərəfdarları tərəfindən vandalizm aktları törədilmiş, həmvətənlərimiz müxtəlif bədən xəsarətləri almışlar.

Əfsuslar olsun ki, bizim diplomatik missiyalarımız quru bəyanatlarla kifayətləniblər. Beynəlxalq hüququn verdiyi bütün imkanlardan operativ şəkildə istifadə edilməlidir. Həm təxribatçılar, həm sözügedən ölkələrin məsul işçilərinin ciddi cəzalandırılması üçün hər bir qanuni yola üz tutmalıyıq. Kiçik bir hadisəni belə, böyük diplomatik skandala çevirməliyik.

Bizim səfirlərin bəziləri xaricə sanki işləməyə yox, istirahətə gediblər. Amerika, Avropa, Rusiya mətbuatı ermənilərin haqsız mövqelərini dəstəkləyən məqalələrlə doludur. Düşmənlərimiz fəallıqları ilə, çevik addımları ilə bir çox hallarda ictimai fikirdə bizi üstələyə bilir, haqq işimizə kölgə salmağı bacarırlar. Götürək 2 milyona yaxın azərbaycanlının yaşadığı Rusiya Federasiyasını.

Tovuz hadisələri zamanı ermənilər bu ölkənin kütləvi informasiya vasitələrində, telekanallarında tozanaq qopardılar, yalan – palanla hadisələrə baxış bucağını öz xeyirlərinə dəyişməyə müvəffəq oldular. Biz isə adekvat cavab verə bilmədik.

Qarşıda bizi böyük müharibə gözləyir- ermənilər bizə başqa yol qoymayıblar. Prezident Ilham Əliyevin dediyi kimi, bu münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir.

Hamımız o savaşa hazır olmalıyıq. İlk növbədə diplomatiyamız, diasporumuz, beynəlxalq parlamentar qurumlardakı nümayəndələrimiz ortaya daha keyfiyyətli fəaliyyət qoymalıdırlar.

Dövlətimiz bu işlərə çox böyük vəsaitlər xərcləyir. Lakin əldə etdiyimiz faydalı nəticələr həmin vəsaitlər qədər böyük deyil.

Döyüş meydanında qazanacağımız uğurlar,sözsüz ki, bir sıra hallarda yuxarıdakı istiqamətlərdə aparacağımız işlərdən asılı olacaq.

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az


Read Previous

“Tovuz, Los Anceles, Brüssel, Praqa…Biz təxribat törətmirik, təxribatları da cavabsız qoymuruq!”-QƏNİRƏ PAŞAYEVA YAZDI

Read Next

“Özünü Azərbaycanın Rusiyadakı səfirindən daha çox, Azərbaycana düşmən ölkələrin səfiri kimi aparır! Artist ki, artist!”-RÜSTƏM BEHRUDİ POLAD BÜLBÜLOĞLUNU SƏRT TƏNQİD ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir