“Bölgəmizdə yeni bir səhifənin açılmasının zamanı gəlib…”-ƏRDOĞAN – FOTO – YENİLƏNİB

Savaşda olduğu kimi sülhdə də Azərbaycanı, qardaşım İlham Əliyevi dəstəkləyirik.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün gün “TEKNOFEST Azərbaycan” festivalında çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Deyib ki, daimi sülhün təmini istiqamətində Azərbaycan Prezidentinin təşəbbüslərini dəstəkləyirlər:

“Qarabağın hava qapısını qardaşım İlham Əliyevlə birlikdə açmışdıq. Qarşıda Zəngilan Hava Limanı, Ağdam və Araz sənaye zonaları var. Qardaşımızın dediyi kimi, bölgəmizdə yeni bir səhifənin açılmasının zamanı gəlib. Bu hədəflərin həyata keçirilməsi üçün Azərbaycanla koordinasiyanı davam etdirəcəyik. Mövlam yolumuzu açıq etsin. “Texnofest Azərbaycan”nın qardaş ölkəyə faydalı olmasını bir daha arzu edirəm. Əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram ”.

“Sizlərə “Can Azərbaycan!”, “Qarabağ!” deyəndə qəlbində fırtınalar qopanq 85 milyonun salamını gətirdim”-deyən Ərdoğan bildirib ki, Azərbaycan qarşılaşdığı saysız haqsızlığa rəğmən mədəniyyətdə və inkişafda dastan yazıb:

“Biz haqsızlıq qarşısında susanlardan olmadıq, olmayacağıq. Bu vəsilə ilə Heydər Əliyev atamızı da yad edirəm, məkanı cənnət olsun. Biz təhdidlə qorxudulanlardan olmadıq, olmayacağıq. Haqlı davamızı müdafiə etməkdən geri durmadıq, durmayacağıq. Bizim kimsənin torpağında gözümüz olmadığı kimi kiməsə verəcəyimiz bir qarış torpağımız yoxdur. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Müzəffər Ali Baş Komandan, qardaşım İlham Əliyevin qərarlı duruşu ilə Qarabağ işğaldan azad edildi. Ağıl, texnologiya və vətənpərvərlik bir araya gələndə nələrin olduğunu bütün dünya gördü”.

16:40

***

Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı-TAM MƏTN:

– Hörmətli Prezident, əziz Qardaşım.

Xanımlar və bəylər, əziz gənclər, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi-qəlbdən təbrik edirəm. İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm. Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını behişt etsin. Rəbbim bizləri də şəhidlərimizin müqəddəs və mübarək yolundan ayırmasın.

İki həftə əvvəl Rize-Artvin Hava Limanının açılışını əziz qardaşım hörmətli İlham Əliyev ilə birlikdə gerçəkləşdirmişdik. Bu gün isə küləyi sərt, insanı mərd bu gözəl paytaxt Bakıda bir başqa tarixi görüşə yenə birlikdə imza atırıq. Əziz qardaşım İlham Əliyevin timsalında Can Azərbaycanın mümtaz xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.

Xəzərin incisi Bakıda “bir millət, iki dövlət, tək festival” şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – “TEKNOFEST”i keçiririk. Bu qürurlu günümüzdə sevincimizi bölüşdüyü üçün dəyərli alimimiz Əziz Səncərə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əzəli və əbədi qardaşlığımızı Rəbbim daimi etsin.

Əziz qardaşlarım, bu il diplomatik əlaqələrimizin yenidən qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsa da, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Aramızdakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə ifadə etmək istəyirəm:Bir ananın iki oğlu,Bir ağacın iki qolu,O da ulu, bu da ulu,Azərbaycan, Türkiyə. Dinimiz bir, dilimiz bir,Ayımız bir, ilimiz bir,Eşqimiz bir, yolumuz bir,Azərbaycan, Türkiyə.

Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?Ellərin yurdunda çiçək açarkənBizim elə qar gəlir, qardaşım.Bu hüdudu kimlər çəkib könlümə,Dar gəlir, dar gəlir, qardaşım.

Bəli, biz könüllərimizə çəkilən hüdudları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır. Türkiyə və Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi, şükür olsun, əvvəlcə strateji tərəfdaşlıq, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdıq. Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurduq. Burada Selçuk qardaşıma, onun böyük qardaşına, Bayraktar ailəsinə təşəkkür edirəm. Xüsusi vurğulamaq istəyirəm ki, silahlı pilotsuz uçuş aparatlarının zirvə nöqtəsi olan “Akıncı” PUA-ları İstanbuldan buraya fasiləsiz uçuş həyata keçirməklə rekorda imza atdı. İnşallah, uğurlarımız daha çox olacaq və onları da görəcəyik.

İlham qardaşımın da misilsiz töhfələri ilə ikitərəfli əlaqələrimizi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırdıq. Gələcəyimiz olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəklərinə inanıram. Səfərimin Azərbaycanın qədim şəhərinə həsr olunan “Şuşa İli”ndə gerçəkləşməsi də xüsusi məna daşıyır. Sizlərdən əziz şəhidlərimizin şanlı mirasına lazım gəldikdə canınız bahasına da olsa, sahib çıxmağınızı gözləyirəm.

Əziz gənclər, bu gün buraya aramızdakı məhəbbətin göstəricisi olaraq geniş heyətlə gəldik. Hər birinizə qəlbi sizinlə döyünən gənclərimizin salamını gətirdim. Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ” deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim. Sizlərə əllərini hər dəfə səmaya açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarınızın salamını gətirdim. Sizlərə Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağıları ilə hüzünlənən milyonlarla dostunuzun, qardaşınızın salamını gətirdim. Sizlərə bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyimizin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdim. Qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr edirik. Qardaşım İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyini məmnuniyyətlə görürük. Sizlərə bu il anadan olmasının 130-cu ilində rəhmətlə andığım Azərbaycanın milli şairi Əhməd Cavadın bu sözləri ilə müraciət etmək istəyirəm:Mən Türk övladıyam, dərin ağlım, zəkam var,Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!

Bəli, biz haqsızlıq qarşısında susanlardan olmadıq və olmayacağıq. Fürsətdən istifadə edərək Heydər babamızı da rəhmətlə yad edirəm. Məkanı cənnət olsun.

Biz təzyiqlə, təhdidlə qorxudulanlardan olmadıq, əsla olmayacağıq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Bizim heç kimin torpağında, ərazi bütövlüyündə gözümüz olmadığı kimi, xəbis niyyətlilərə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq. Çünki biz təsadüflərin bir araya gətirdiyi insanlar deyil, tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıyıq. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. Bu məqam çox həssasdır, 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir. Bu prosesdə Azərbaycan ilə paylaşdığımız müdafiə sənayesi məhsullarımızın uğuruna bütün dünya şahid olmuşdur. Müdafiə sənayesi məhsullarında çatdığımız səviyyə önəmlidir. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir.

Bu gün “TEKNOFEST”i ölkə xaricində ilk dəfə Can Azərbaycanda təşkil etməyin həyəcanını və haqlı qürurunu sizinlə bölüşürük. Bura Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platformadır. “TEKNOFEST” yarışlarında öz işləri ilə fərqlənən siz gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edən və inkişaf etdirən alimləri olacaqsınız. Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyik.

“TEKNOFEST Azərbaycan”da Türk Dövlətləri Təşkilatını təmsil edən qonaqlarımızın da yer alması məmnunluğumu daha da artırır. Türk dünyasının ən müasir texnologiyalar istehsal edəcək gənc nəsillərlə mühüm nailiyyətlər əldə edəcəyinə ürəkdən inanıram. “TEKNOFEST”çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycanda da eyni uğuru əldə edəcəyimizə şübhə etmirəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram.

Hörmətli Prezidentim, dəyərli qardaşım, sevgili gənclər, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində bildirdiyimiz kimi, müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması istiqamətində səylərimiz qətiyyətlə davam edir. Hər sahədə olduğu kimi, kosmos və aviasiya sahələrində də Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrimizdəki kosmos agentlikləri və müvafiq nazirliklər bir araya gəlirlər. Artıq bu torpaqlarda uğur, sülh və inkişaf hekayəsi yazmağın vaxtıdır. Keçmişdən və əvvəlki illərdə yaşadığımız acılardan dərs çıxaran bölgə xalqları olaraq hamımız gələcəyi birlikdə inşa etməliyik.

Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq. Regionda sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq fəal şəkildə dəstəkləyirik.

Azərbaycanın bütün sahələrdə inkişaf yolunda nümayiş etdirdiyi uğurlara şəxsən şahidlik edirəm. Qarabağda və Şərqi Zəngəzurda Türkiyənin də rol aldığı bərpa-quruculuq işləri ilə “Böyük Qayıdış” üçün daimi şərait yaradılır. Atalarımızın dediyi kimi, nə əkərik, onu biçərik.

Biz illərdir minalanmış bu torpaqlara artıq inkişafın, tərəqqinin, rifahın, sülhün toxumlarını əkirik. Qarabağın dünyaya açılan qapısı Füzuli Beynəlxalq Hava Limanını keçən il qardaşım İlham Əliyev ilə birlikdə açmışdıq. İndi sırada Zəngilan və Laçındakı hava limanı layihələri var. Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da işğaldan azad olunan torpaqlardakı potensialdan istifadə edilməsinə imkan verəcək. Bu bölgələrdə “ağıllı kənd”lərin qurulması ilə bağlı layihələrdə birlikdə çalışırıq, qarşıdakı dövrdə çalışmaqda davam edəcəyik.

Əziz Qardaşımın da dediyi kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyamızı davam etdirəcəyik.

Allah yolumuzu, bəxtimizi açıq etsin. Bu düşüncələrlə bu gözəl festivalın keçirilməsində əməyi olan bütün qurumlarımıza təşəkkür edirəm. “TEKNOFEST Azərbaycan”ın qardaş ölkələrimizə bir daha xeyirli olmasını Rəbbimdən arzu edirəm. Bu gözəl festivalın təşkilinə görə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, Sənaye və Texnologiya Nazirliyimizə və T3 Vəqfinin rəhbərliyinə, iştirakçı gənclərimizə və əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm.

Hamınızı hörmət və sevgi ilə salamlayıram. Salamat qalın.

Etikxeber.az

Read Previous

“Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın-GÖRÜŞÜ OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir