BŞBPİ və prokurorluq Tofiq Yaqublunun həbsilə bağlı-MƏLUMAT YAYDI, MÜXALİFƏT KƏSKİN ETİRAZ ETDİ…YENİLƏNİB – (1)

Martın 22-də saat 15 radələrində Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi özünə məxsus “Toyota Corolla” markalı 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. 

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilib.

Məlumata görə, araşdırma zamanı T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib. Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülmüş, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilmiş, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.Məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən E.Cəbrayılov və arvadı Cəvahir Cəbrayılovanın bədənləri üzərində hadisə zamanı yetirilməyə xarakterik olan xəsarətlər aşkar edilib.

Toplanmış ilkin sübutların məcmusu T.Yaqublu tərəfindən cinayət törədilməsinə dəlalət etdiyindən  o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin əməllə bağlı ittiham elan edilmişdir. T.Yaqublunun iştirakı ilə aparılan prosessual hərəkətlərdə müdafiəçinin iştirakı təmin edilib. Təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə rayon prokuroru tərəfindən baxılarkən müqavilə əsasında dəvət edilmiş vəkili  Elçin Sadıqov və dövlət hesabına təyin edilmiş vəkili Elxan Aslanovun iştirakı təmin edilmiş, həmin vəsatət əsaslı hesab edilməklə Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdimat verilib. Məhkəmədə təqsirləndirilən şəxs T.Yaqublunun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə onun hüquqlarını müdafiə edən vəkil E.Sadıqovun iştirakı ilə baxılıb və T.Yaqublu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

“Bu ölkədə Qarabağ savaşında göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına təqdim edilmiş, mərdliyin, kişiliyin simvoluna çevrilmiş, dəfələrlə həbs və işgəncə sınaqlarından üzüağ çıxıb sınmamış, əyilməmiş Tofiq Yaqublunun öz xanımı ilə bazarlıq edərkən əlinə vintaçan alıb bir qadını döyməsinə inanan bircə insan varmı?! Və bu ölkədə Tofiq Yaqubluya qarşı törədilən bu əməlin iyrənc təxribat, açılan cinayət işinin saxta, uydurma və əsassız olmasına səmimi-qəlbdən inanmayan bircə insan (hətta onu siyasi sifarişlə şərləyən müstəntiq, prokuror, hakim də daxil olmaqla) göstərə bilərsinizmi?! Bütün ölkə Tofiq Yaqublunu susdurmaq, onu haqq yolundan döndərmək üçün son çarə kimi bu iyrənc yola əl atıldığını görmədimi?! Sizcə, bunu duyan, anlayan insan, hətta hakimiyyətyanlısı olsa belə, bu durumda öz vicdanı ilə Tofiq bəyə haqq verəcək, yoxsa onu şərləyib tutduranlara?!”

Bunu isə sabiq deputat Gültəkin Hacıbəyli deyib.

“…Bu savaşı Tofiq Yaqublu qazandı, sizlər isə uduzdunuz!”-deyə, o, əlavə edib.

***

Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər öz növbəsində bildirib ki, koronavirus şəraitində zindanları mümkün qədər boşaltmaq, siyasi məhbusların hamısını, digər məhbusların da əksərini azad etmək əvəzinə rejim yeni həbslərə başlayır.

“Görünür yeni mərhələdə rejim xalqdan, cəmiyyətdən, müxalifətdən daha çox qorxmağa başlayıb və qorxduğu üçün də qorxutmağa çalışır.Bizim də etməli olduğumuz, edəcəyimiz bəllidir:Tofiq Yaqublunun və bütün siyasi məhbusların müdafiəsini davam etdirmək.Onların azad olunması tələblərimizi davam etdirmək.Ölkədə vəziyyət, xalqımızın problemləri, rejimin mahiyyəti haqda gerçəkləri deməyə davam etmək.Bir sözlə Yola Davam!”-deyə, İ. Qəmbər sonra bildirib.

Etikxeber.az

Read Previous

“İşçiləri ixtisar etməsinlər, sahibkarlara xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək…”-PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ombudsmandan Azərbaycan xalqına-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir