“Bu, Azərbaycanın da maraqlarına uyğundur…” – ELXAN ŞAHİNOĞLUNUN BAXIŞI

İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır

Prezident İlham Əliyev fevralın 20-də İtaliyaya səfər etdi.

İlham Əliyev Romada İtaliyanın prezidenti Sercio Mattarella və baş nazir Cüzeppe Konte ilə görüşdü. İtaliya prezidenti iki il əvvəl Bakıya səfər etmişdi. Qarşılıqlı səfərlərin artması hər iki ölkə üçün əhəmiyyətlidir.

Birincisi, İtaliya Avropa ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır.

İki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə 6 milyard dollar olub. Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür.

Bundan sonra əsas məqsəd iki ölkə arasında ticarət əlaqələrini şaxələndirməkdir.

Azərbaycanın Avropa İttifaqı ilə strateji sazişi imzalaması həm də İtaliya kimi dövlətlərlə ticarət əlaqələrini şaxələndirmək baxımından vacibdir. Romada səslənən açıqlamalarda Bakı ilə Brüssel arasında danışıqların sürətləndirilməsi istəyi səsləndirildi.

İkincisi, TAP layihəsi bu il tamamlanacaq. Azərbaycan bu boru xətti ilə İtaliyaya qaz da satacaq. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.

Üçüncüsü, İtaliya Avropa İttifaqının Azərbaycanla inteqrasiyasına dəstək verir. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür.İki ölkə arasında mövcud olan sazişə görə, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var.

Dördüncüsü, İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Roma Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqların nəticə verəcəyinə inanır.

Beşincisi, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu iki ölkə arasında himanitar əlaqələrin inkişafına da təkan verəcək. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

Beləliklə, İtaliya Cənubi Qafqazda Azərbaycanla siyasi, iqtisadi və ticarət əlaqələrini üst səviyyəyə çatdırmağa çalışır.

Bu, Azərbaycanın da maraqlarına uyğundur.

Elxan ŞAHİNOĞLU,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Etikxeber.az

Read Previous

Deputatlar həbsdə olan eks-prezidentin səhhəti ilə maraqlandı və…

Read Next

İki turist qar uçqunu nəticəsində vəfat etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir