“Bu azadlığı bizə İlham Əliyev verib…”-ƏFLATUN AMAŞOV – FOTOLAR – YENİLƏNİB – (1)

MƏHƏRRƏM QULİYEV: “1988-1993-CÜ İLLƏR HEYDƏR ƏLİYEVSİZ AZƏRBAYCANDIR”

“10 may 1923-cü il tarixi Azərbaycanı dünyaya tanıdan İlahi şəxsiyyətin, müasir Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin dünyaya gəldiyi gündür. Həmin gün Heydər Əliyev dünyaya, Azərbaycana bir günəş kimi doğdu”.

Etikxeber.az xəbər verir ki, bu sözləri Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 7 may 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının binasında təşkil edilən “Heydər Əliyev siyasəti və Qarabağ amili: uğursuzluğu zəfərə çevirən müqəddəs amal” adlı tədbirdə çıxışı zamanı dilə gətirib.

Qeyd edək ki, iki saatdan çox davam edən tədbir mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Tədbirdə Məhərrəm Quliyev başda olmaqla, Goranboy rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, akademik Fuad Əliyev, Şəhid ailələri, yerli ziyalılar, Goranboy rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən öncə qonaqlarla birlikdə mərhum Heydər Əliyevin abidəsi ziyarət olunub, eks-prezidentin abidəsi önünə gül dəstələri düzülüb.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Daha sonra sözügedən tədbir başlayıb.

15:00

***

Məhərrəm Quliyev: “İki dəfə-1993-cü ildə və 2003-cü ildə Allaha dua etdim ki…”

Tədbirdə öncə mərhum Heydər Əliyev və cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə ilk çıxış edən İcra başçısı Məhərrəm Quliyev mərhum dövlət başçısının həyat yolundan, ictimai və siyasi fəaliyyətindən, hakimiyyət illərindən danışıb.

Bildirib ki, Heydər Əliyev sovetlər dövründə-1969-cu ildə ilk dəfə hakimyyətə gələndə Azərbaycan keçmiş müttəfiq respublikalar arasında ən geridə qalmış bir respublika idi.

Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə çox qısa zamanda Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl və ən öndə gedən respublikalarından birinə çevrildi.

Məhz Azərbaycandakı fəaliyyətinə görə Heydər Əliyev ötən əsrin 80-ci llərində SSRİ rəhbərliyinə-yüksək vəzifəyə irəli çəkildi.

“1987-ci ildə Heydər Əliyev vəzifədən getdikdən sonra Azərbaycan yenidən geriləməyə başladı. Səriştəsiz, idarəçilikdən xəbəri olmayan rəhbərlər Azərbaycanı çox geriyə saldılar. Ölkə parçalanmaq, vətəndaş müharibəsi həddinə gətirildi, Cənubda və Şimalda separatizm meylləri yaranmağa başladı. Ümumiyyətlə, 1988-93-cü illəri Heydər Əliyevsiz Azərbaycan adlandırmaq olar. Məhz Azərbaycan xalqının təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaqdan, parçalanmaqdan, müstəqilliyini itirməkdən xilas etdi. Qısa bir zamanda Azərbaycanı yenidən inkişaf relsinə qaytardı”-deyən M. Quliyev mərhum prezidentin ikinci hakimiyyəti dönəmində, eləcə də onun layiqli davamçısı-indiki dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada addımladığını sözlərinə əlavə edib.

“İki dəfə Allaha dua etdim. Birinci dəfə 1993-cü ildə Allaha dua etdim ki, nə yaxşı ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı, Azərbaycanı məhv olmaqdan xilas etdi. İkinci dəfə isə 2003-cü ildə Allaha dua etdim ki, nə yaxşı ki, hakimiyyətə onun layiqli davamçısı İlham Əliyev hakimiyyətə gəldi. Çünki o vaxt İlham Əliyev hakimiyyətə gəlməsəydi, indiki Qalib, güclü Azərbaycan olmazdı”-deyən M. Quliyev eyni zamanda, istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyevin Goranboy rayonuna xüsusi diqqət yetirdiyini dilə gətirib.

“Goranboylular da hər zaman Ulu Öndərin və onun layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşiblər, onların siyasətini birmənalı şəkildə dəstəkləyiblər”-deyə, M. Quliyev sonra qeyd edib.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov isə mərhum Heydər Əliyev və onun davamçısı-indiki dövlət başçısı İlham Əliyevin Azərbaycan mətbuatına yüksək diqqət və qayğısından söz açıb.

O, eyni zamanda, Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, 2002-ci ildə “Jurnalistlər dostu” mükafatının təqdimatı zamanı mərhum dövlət başçısı ilə arasında olan səmimi dialoqu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Heydər Əliyevin məsləhətləri, tövsiyələri sanki atanın öz doğma övladına məslətləri, tövsiyələri idi. Aramızda o dərəcədə səmimiyyət yaranmışdı”-deyə, Ə. Amaşov vurğulayıb.

Ə. Amaşov həmçinin, indiki dövlət başçısının fəaliyyətindən, Qarabağ münaqişəsini uğurla başa çatdırmasından danışaraq bildirib ki, bugünkü azadlığı bizə İlham Əliyev verib.

“Bəli, bu azadlığa, Qarabağımızın işğaldan azad olunmasına görə İlham Əliyevə minnətdarıq. Bəlkə də bu gün onun fəaliyyətini olduğu kimi dəyərləndirə bilmirik. Onun fəaliyyətini, nələr etdiyini yalnız 50, 100 ildən sonra olduğu kimi dəyərləndirmək mümkündür”-deyə, Ə. Amaşov fikirlərini tamamlayıb.

Bununla yanaşı, tədbirdə akademik Fuad Əliyev, Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə Aslanova və digər şəxslər çıxış ediblər.

Sonda qonaqlara hədiyyələr təqdim olunub.

16:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyevlə Fitso bir arada-SƏNƏDLƏR İMZALANDI, BƏYANATLAR VERİLDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

“Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir