“Bu, bizi, xüsusilə, beynəlxalq ictimaiyyəti narahat etməlidir” – AZAY QULİYEV

“Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması” təsis edilir

Milli Məclisin (MM) təşkilatçılığı və ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlıq çərçivəsində “Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” və “Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması”nın təsis konfransı başlayıb.

Etikxeber.az məlumat verir ki, tədbirdə ATƏT PA-nın prezidenti Georgi Tsereteli və vitse-prezidenti Azay Quliyev, MM sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç, Almaniya, Türkiyə və Azərbaycanın deputatları, səfirləri və media nümayəndələri iştirak edir.

Tədbirdə qeyd edilib ki, əsas məqsəd regional təhlükəsizliyə təhdid yaradan amillərin qarşısının alınması yolları, qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi, nəqliyyat və energetika sahələrində mövcud əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək, həmçinin üç ölkənin parlamentarilərindən ibarət Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasını yaratmaqdır.

Həmçinin, bildirilib ki, Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması çərçivəsində Regional təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının hər il iyun ayında Bakıda keçirilməsi planlaşdırılır.

azay-azay

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev isə qeyd edib ki,  heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginliyin zəifləməsinə və yeni yaranmış münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı:

 “Əksinə dünyada xüsusi ilə ATƏT ərazisində dövlətlərarası münaqişələr alovlanmağa, beynəlxalq terrorçuların, silahlı ekstremistlərin, separatçıların fəaliyyəti daha geniş vüsət almağa, məcburi köçkün və qaçqınların, qanunsuz miqrasiyanın sayı kəskin artmağa başladı və bu neqativ hal indi də davam etməkdədir”.

Onun sözlərinə görə, bununla yanaşı, beynəlxalq sülhün, kollektiv təhlükəsizliyin və əməkdaşlığın qarantı rolunda çıxış edən, ölkələr üçün davranış qaydaları və öhdəlikləri müəyyənləşdirən beynəlxalq hüququn böhranı aşkar şəkildə özünü büruzə verir:

“Təssüflər olsun ki, bizim region da uzun müddətdir ki, bu cür problemlər və təhdidlərlə üz-üzə qalıb, bütün cəhdlərə baxmayaraq ATƏT ərazisindəki, xüsusilə də Cənubi Qafqazdakı münaqişələr öz həllini tapmayıb, sülh və təhlükəsizlik bu bölgədə hələ də təmin olunmayıb. Bu isə yeni fəlakətlərə, daha təhlükəli və dağıdıcı nəticələr doğuran qarşıdurmalara gətirib çıxara bilər ki, bu da bizi, xüsusilə də beynəlxalq ictimaiyyəti narahat etməlidir”.

O, sonra qeyd edib ki, bölgədə həll olunmayan münaqişələrlə bağlı yaranan hazırki gərgin vəziyyətin bir sıra səbəbləri var:

“Bu səbəblərdən biri də geosiyasi maraqların bu regionda kəskin toqquşması, problemin həllinə yönəlik təşəbbüslərin monopoliyada saxlanmaq cəhdi və beləliklə, bir sıra regional və qlobal oyunçuların sülh yaratma missiyasından kənarda qalmasıdır. Bu isə region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir. Ona görə də düşünürəm ki, mövcud çağırışların birgə həlli, regionda sülh və təhlükəsizliyin bərqərar olması naminə beynəlxalq təşkilatların, regional və qlobal güclərin əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsinə, bu istiqamətdə yeni yanaşmalara və təşəbbüslərə ciddi ehtiyac var”.

A.Quliyev  bu baxımdan  hesab edir ki, ATƏT PA-nın iştirakı ilə Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament konfransının Bakıda keçirilməsinin, Almaniya, Türkiyə və Azərbaycandan olan parlamemtarilərin ilk dəfə olaraq belə formatda nir araya gələrək regionu narahat edən məsələləri müzakirəyə etməyə başlamasının çox böyük əhəmiyyəti və perspektivi var.

K. HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

“Müasir dövrdə güc və qüdrət yalnız bu yolla əldə edilir…” – ZÜLFÜQAR HÜSEYNZADƏ – FOTOLAR

Read Next

“Dialoqun gücləndirilməsinə çalışmaq lazımdır…” – TSERETELİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir