“Bu, bütün dünya üçün ciddi təhdiddir…” – ƏLİ HƏSƏNOV – FOTOLAR – YENİLƏNİB – (3)

Aprelin 15-də Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradacaq.

Əvvəlcə fəxri qarovul dəstəsi tərəfindən Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət bayraqları salona gətirilib.

Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ABŞ-ın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

***

novruz-yeni

novruz-yeni-1

sefir-abs-yeni

ali hasanov-yeni-oxu

Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı səmərəli və faydalı əməkdaşlıq prinsipinə əsaslanır.

Bunu isə  baş nazir Novruz Məmmədov çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan beynəlxalq sülhə töhfə vermək üçün bütün qlobal platformalarda fəal iştirak edir: “Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. Ölkə ABŞ-ın antiterror əməliyyatına qoşulanlardan biri olub. Azərbaycan və ABŞ səmərəli əməkdaşlıq edirlər”.

Baş nazir vurğulayıb ki, Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi böyük enerji layihələri dünyanın enerji xəritəsini dəyişib: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

O əlavə edib ki, narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsi dünyanı narahat edən ən ciddi problemlərdən biridir: “Narkotiklərin qanunsuz dövriyyəsi həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər törədir. Azərbaycan bu bəlanın ölkəmizdə yayılmasına qarşı qətiyyətli mövqe nümayiş etdirir, narkotiklə mübarizəni prioritet istiqamət kimi müəyyən edib, bu sahədə müvafiq beynəlxalq konvensiyalara qoşulub. Bu istiqamətdə hüquq-mühafizə orqanları qarşısında ciddi vəzifələr qoyulub. Son 5 il ərzində Azərbaycanda 8 ton 354 kq narkotik vasitə dövriyyədən çıxarılıb”.

Baş nazir həmçinin qeyd edib ki, 25 ildən çoxdur ki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonunun erməni işğalı altında olması bu ərazidə beynəlxalq terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi üçün səmərəli şərait yaradır.

***

Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-ın etibarlı tərəfdaşıdır.

Bunu öz növbəsində  ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer  deyib.

Səfir bildirib ki, Azərbaycan beynəlxalq sülhün təmin olunmasına mühüm töhfə verir, Əfqanstana sülhməramlı qoşunlarını göndərir.

O qeyd edib ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə narkotiklərə qarşı mübarizədə mühüm rol oynayır.

Ö.Litzenberqer Azərbaycanın mühüm geostrateji məkanda yerləşdiyini də vurğulayıb.

***

Azərbaycan narkotiklərə qarşı dövlət səviyyəsində mübarizə aparır.

Bunu da baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində üç dövlət proqramı uğurla icra edilib və 4-cü proqram hazırlanaraq cənab Prezident İlham Əliyevə təqdim edilib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurub: “Azərbaycan mühüm coğrafi mövqedə yerləşir və əsas problemlərdən biri də ölkəmiz vasitəsilə narkotiklərin daşınmasına edilən cəhdlərdir”.

O deyib ki, Azərbaycanda müasir texnologiyalar vasitəsilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır və son dövrlərdə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Ə.Həsənov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin əkilməsi, istehsalı və tranzit bazasının yaradılması, terrorçu qrupların yaradılması və onlara təlim keçərək digər ölkələrdə münaqişə zonalarına göndərilməsi təhlükənin miqyasının nə qədər böyük olduğunu göstərir və bunun təkcə region deyil, bütün dünya üçün ciddi təhdid yaratması aydın görünür.

***

Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır.

Bu fikir Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məxsusdur.

S.Mehdiyev bildirib ki, Azərbaycanın bütün dövlət gömrük keçid məntəqələrində müasir avadanlıqlar quraşdırılıb və daşınan yüklər millimetrinə qədər yoxlanılır: “Görülən ciddi tədbirlər nəticəsində 2019-cu ilin ilk 3 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 dəstə aşkar edilib və 520 kq narkotik vasitə dövriyyədən çıxarılıb. Dövlət Gömrük Komitəsi bütün mümkün vasitələrdən istifadə etməklə ölkənin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət göstərir”.
Etikxeber.az

Read Previous

Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır – DİM

Read Next

“Beynəlxalq hüquq işləmədiyi yerdə ən başlıca amil gücdür, qüdrətdir…” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir