“Bu çətin günlərdə bir daha sübut olundu ki, dövlət-ordu-xalq həmrəyliyi sarsılmazdır…Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq!”-FATMA YILDIRIMDAN İKİ AÇIQLAMA

Dövlətimiz daim humanizm və sülh mövqeyindən çıxış edir, amma görünən odur ki, işğalçı Ermənistan ona verilən son şansını dəyərləndirmək istəmir, öz çirkin niyyətindən əl çəkmir. Azərbaycanın ikinci böyük şəhəri, hər bir azərbaycanlı üçün böyük mənəvi dəyəri olan Gəncə şəhərinin bir neçə dəfə ağır silahlardan atəşə tutulması, insan tələfatının və dağıntıların baş verməsi bunu deməyə əsas verir.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, Moskva danışıqlarının 11 saatadək davam etməsi prosesin gərgin bir şəraitdə aparılmasının göstəricisidir:

“Humanitar müvəqqəti atəşkəs müharibə qanunları uyğun olmağına baxmayaraq, müharibənin sonu demək demək deyil. Amma işğalçı Ermənistan yenə də öz xislətinə sadiq qaldı. Belə ki, danışıqlar aparılan müddətdə belə işğal Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərinə hücumlar edib. Düşmən yenə də, igid əsgərlərimiz tərəfindən layiqli cavabını alıb. Müzəffər ordumuzun qarşısında aciz olan işğalçılar hiyləgər əməllərindən qalmayaraq, mülki əhalimizə qarşı hücumlarını gücləndirməyə başladılar. Cəbhə xəttindən xeyli uzaqda yerləşən şəhərlərimizə – Gəncə, Mingəçevir, Bərdə, Goranboy, Ağcabədi və digər yaşayış məntəqələrinə xaincəsinə edilən raket hücumları nəticəsində dinc insanlar arasında dinc insanlar həlak olmuş, yaralanmış və infrastruktura ciddi ziyan dəymişdir”.

Deputat qeyd edib ki, bu gün müəyyən beynəlxalq dairələr tərəfindən Azərbaycana təzyiqlər göstərilir:

“Amma Prezident cənab İlham Əliyev hər zaman yenilməz siyasi iradə, əzm, qətiyyət nümayiş etdirir, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Hesab edirəm biz çox xoşbəxt xalqıq ki, bizim cənab İlham Əliyev kimi güclü liderimiz var. Bu çətin günlərdə bir daha sübut olundu ki, dövlət-ordu-xalq həmrəyliyi sarsılmazdır və heç bir güc bu iradəni qırmağa qadir deyil”.

“Hesab edirəm mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan təcili hazırlanmalıdır. Son hərbi əks-hücum əməliyyatları Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi. Artıq hərbi və siyasi şərtləri Azərbaycan diktə edir”-deyən, F. Yıldırım onu da söyləyib ki, hələ də dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar ikili standardlar tətbiq edirlər.

“Gəncə şəhərinə gecə yarısı “Toçka-U” raketinin atılması və bunun nəticəsində günahsız insanların, qadınların həlak olmasına, uşaqların ağır yaralanmasına heç bir ədalətli münasibət bildirilmədi. Dünya bu vəhşiliyi görməzdən gəlir, erməni terroruna hələ də layiq olduğu münasibəti bildirmir. Biz dünya ictimaiyyətini ədalətli olmağa, terrorçunu adı ilə çağrılmasını istəyirik”-deyə, o, sonra bildirib.

***

“Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması yolunda qətiyyətli mövqe nümayiş etdirir. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində öz qətiyyətli mövqeyini bird aha beynəlxalq birliyin diqqətinə çatdırıb”.

Bunu isə F. Yıldırım saytımıza növbəti açıqlamasında deyib.

F. Yıldırım bildirib ki, işğalçı Ermənistan tərəfindən Moskvada razılaşdırılmış humanitar atəşkəs faktiki olaraq pozulub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, atəşkəs real həyatda baş vermədi. Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyi davam edir və onlar Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər edir. Digər tərəfdən isə humanitar atəşkəs sülh demək deyil. Bu atəşkəs o məqsədlə edilir ki, tərəflər öz hərbçilərinin cəsədlərini döyüş meydanından çıxarsın, həm də əsirlər dəyişdirilsin.Millət vəkilinin sözlərinə görə, əslində Moskva görüşü Azərbaycanın diplomatic uğuru sayıla bilər:

“Çünki Paşinyan hakimiyyəti danışıqların formatını və baza prinsiplərini inkar etmək yolunu tutmuşdu. Həmin razılaşmada isə Ermənistan həm baza prinsiplərini, həm də danışıqların qüvvədə olan formatını qəbul etmiş oldu. Bununla belə, erməni xisləti hər kəsə məlumdur. Humanitar atəşkəs razılığından dərhal sonra erməni tərəfi mövqelərimizə hücum etdilər, Gəncə şəhərini isə raket atəşinə tutdular. Bu, açıq şəkildə, bəşəriyyətə və insanlığa qarşı meydan oxumaqdır, əsl vandalizmdir. əlbəttə ki, Azərbaycan Ordusu ermənilərin bu cinayətini cavabsız qoymayır və bundan sonra da qoymayacaq. Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz”.

Deputat qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində bir daha Türkiyənin regiondakı rolunu xüsusi vurğulayıb:

“Təbii ki, Türkiyə böyük dövlət kimi bölgədə söz sahibidir. Qərb dövlətləri bunu qəbul etmək istəməsələr də, Türkiyənin bölgədə atran rolunu inkar etmək mümkün deyil. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Türkiyənin fəal iştirakı reallıqdır. Digər tərəfdən, Türkiyə bir çox ölkələrdən fərqli olaraq bu məsələdə ədalətin tərəfindədir. Ədalətli tərəf isə Azərbaycandır. Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır. Azərbaycan xalqı bu dəstəyə görə Türkiyəyə minnətdardır. Yri gəlmişkən, bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun geniş formatda toplantısı keçirilməli və həmsədrlər hesabat verməldirlər. Bu, diplomatik baxımdan çox doğru bir təşəbbüsdür. Çünki vasitəçiliyi yalnız həmsədrlər inhisara ala bilməz. Zatən həmsədrlər münaqişənin ədalətli həlli üçün heç bir addım atmayıblar”. 

 F. Yıldırım əminliyini bildirib ki, tezliklə işğal altında olan bütün torpaqlarımız azad ediləcək və həmin torpaqlarda kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq:

“Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaq. İnşallah, həmin gün tezliklə gələcək!”

Etikxeber.az

Read Previous

Tərtər yenidən atəş altında-AzTV-NİN MAŞINI, DÜYƏRLİ KƏND MƏKTƏBİ ATƏŞƏ TUTULDU, DAĞINTILAR, YARALANANLAR VAR – İKİ İCRA NÜMAYƏNDƏSİ DƏ YARALANIB – YENİLƏNİB – (1)

Read Next

“Ermənistan rəsmiləri açıq şəkildə müraciət edərək xarici ölkə vətəndaşlarını könüllü adı altında muzdlular kimi Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edirlər…”-PREZİDENTİN KÖMƏKÇİSİNDƏN KƏSKİN ETİRAZ VƏ XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir