“Bu cinayətləri törədən cəlladlar öz layiqli cəzalarını alacaqlar…”-DEPUTAT

Qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər dəfələrlə xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı isə ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, qandondurucu səhifəsidir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkili bildirib ki, erməni şovinist-millətçi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir:

“Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan edərək günahsız soydaşlarımızı qəddarcasına qətl ediblər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən genosid kimi tanınmalıdır”. 

Deputatın sözlərinə görə, bu gün biz 29 il sonra Xocalı soyqırımı gününü qalib ölkənin qalib xalqı olaraq anırıq:

“Əminəm ki, bu gün Xocalıda törədilmiş soyqırımı nəticəsində həlak olmuş bütün günahsız insanlarımızın ruhu şaddır. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsində müzəffər ordumuz həlak olmuş soydaşlarımızın qanını yerdə qoymayaraq döyüş meydanında onların qisasını almışdır. Fatma Yıldırım Xocalı soyqırımı həqiqətlərinin dünyada təbliği baxımından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini vurğulayıb.

Ötən illər ərzində dövlətimiz mütəmadi olaraq Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən düzgün hüquqi qiymət verilməsi istiqamətində bir çox işlər görmüşdür. Bu prosesdə Azərbaycan Diasporunun fəaliyyəti də danılmazdır və onlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işində dövlətimizə dəstək olmuşdurlar. Qeyd etmək istəyirəm ki, Avropada yaşadığım illərdə Qarabağ həqiqətləri, Xocalı faciəsinin Avropa ictimaiyyətinə çatdırılması üçün diaspor işi ilə məşğul olmuşam, həmin dövr ərzində “Avropa Azərbaycanlıları Mərkəzi”nin rəhbəri olaraq fəaliyyət göstərmişəm. Bir məqamı yada salmaq istəyirəm, 2004-cü ildə Brüsseldə, Avropa Parlamentinin qarşısındakı “Şuman” meydanında ilk dəfə Xocalı soyqırımınına həsr olunmuş genişmiqyaslı aksiya keçirtdik. Günahsız insanların, qətl edilmiş soydaşlarımızın, uşaqların, yaşlıların şəkillərini Belçika ictimaiyyətinə nümayiş etdirdik, müxtəlif dillərdə Xocalı faciəsi ilə bağlı bəyanatlar verdik.

Bu hadisə böyük əks-sədaya səbəb olmuşdu və kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdı. Lakin hələ o illərdə bizə qarşı ikili standartların tətbiq edilməsi hiss olunurdu.  Belə ki, Xocalı faciəsi ilə bağlı təbliğat işlərinə başladıqdan sonra Belçikada müxtəlif rəsmi dairələr bizi görüşə dəvət etməyə başladılar və keçirdiyimiz aksiyalarda bu faciəni əks etdirən şəkilləri nümayiş etməməyimizi xahiş etdilər. Səbəb olaraq da, ictimaiyyətin psixologiyasına mənfi təsir göstərdiyini qeyd etdilər. Biz cavab olaraq onlara bildirdik ki, siz bu vəhşilikləri görməkdən çəkinirsiniz, ancaq bizim xalqımız  bu dəhşəti canlı olaraq yaşayıblar. Bəs bu faciəni görən soydaşlarımızın, analarımızın, övladlarımızın psixoloji vəziyyəti niyə nəzərə alınmır?! Görünən o idi ki, bu təzyiqlər və ikili standartlar erməni lobbisinin fəaliyyətinin nəticəsi idi. Çünki onların çirkin üzlərini artıq dünya ictimaiyyəti görməyə başlayırdı.

Lakin ötən illər ərzində dövlətimiz heç bir əngələ məhəl qoymadan Xocalı Soyqırımını, müasir dövrdə törədilmiş erməni vandalizminin dünyaya çatdırılmasına nail olmuşdur. Bu çətin yolda faciənin tanıdılmasında Leyla Əliyevanın rəhbərliyi ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətli dərəcədə təsiri olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün artıq İslam Əməkdaşlıq Təşkilatına daxil olan 7 ölkə Xocalı soyqırımını rəsmi olaraq tanıyıb. Eləcə də, Çexiya, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışlar.

Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub. Hesab edirəm ki, bütün bunlar cənab Prezidentimiz İlham Əliyevin və Birinci-vitse prezidentimiz Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü mühüm işlərin nəticəsidir.İnanıram ki, ədalət bir gün mütləq bərpa olunacaq, Xocalı faciəsi bütün dünya ölkələri tərəfindən genosid olaraq qəbul ediləcək və bu cinayətləri törədən cəlladlar öz layiqli cəzalarını alacaqlar”.

Etikxeber.az

Read Previous

“Ermənistan daha da ağır duruma düşəcək…Bu, onlar üçün sui-qəsd, vəziyyət bundan da qat-qat pis olacaq… “-İLHAM ƏLİYEV – FOTO-VİDEO – YENİLƏNİB – (3)

Read Next

“Dövlət başçısı ilklər müəllifi kimi daha bir Tarix yazdı, daha bir ustad Dərsi keçdi…”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ ÖLKƏ PREZİDENTİNİN 4 SAATLIQ MƏTBUAT KONFRANSINI DƏYƏRLƏNDİRDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir