“Bu, çox ciddi xəbərdarlıqdır, çoxları bundan ciddi dərs, nəticə çıxarmalıdır və su problemi minimuma endirilməlidir…”-DAHA BİR MİLLƏT VƏKİLİ SU PROBLEMİNDƏN VƏ “SU MÜŞAVİRƏSİ”NDƏN DANIŞDI

Bütün dünyada olduğu kimi, ölkəmizdə də təəssüflər olsun ki, ciddi su qıtlığı, su problemi yaşanır. Xüsusilə də, son iki ildə havaların isti, quraqlıq keçməsi, əsas su mənbələrimizdən olan Kür çayında suyun azalması bu problemi daha da ciddiləşdirib. Onsuz da tarixən Azərbaycanın su ehtiyatları, su mənbələri çox, geniş olmayıb, tarixin bütün mərhələlərində bu yöndə problemlər mövcud olub. Eyni zamanda, son 32 ildə yaşanan münaqişə, Ermənistan-Azərbaycan konflikti nəticəsində su mənbələrimizin əhəmiyyətli bir hissəsini itirmişik. İşğalçı və təcavüzkar ölkənin işğalı nəticəsində su ehtiyatlarımızın, su mənbələrimizin əhəmiyyətli bir hissəsindən məhrum olmuşuq. Çünki Qarabağ və ona bitiişik işğal altında olan ərazilərimizdə su ehtiyatlarımız var ki, işğal nəticəsində onlardan məhrum olunmuşuq.

Xüsusilə də, Aran Qarabağı, Goranboy və başqa nir neçə bölgəni su ilə təmin edən “Sərsəng” su anbarı uzun illərdir ki, düşmən işğalındadır və həm də bir növ təhdid mənbəyinə çevrilib. Çünki bu su anbarı sovetlər dövründə tikilib və ötən dövrdə də orada heç bir bərkidilmə işləri və sair mühüm işlər görülməyib, hər an ətraf bölgələr üçün çox böyük təhlükələr yarada bilər. Bununla da bağlı Azərbaycan tərəfindən dəfələrlə məsələ qaldırılıb, həyəcan təbili çalınıb, narahatlıq ifadə edilib. İstər ATƏT, istərsə də, digər beynəlxalq qurumlar qarşısında bu məsələ ilə bağlı düşmən tərəfə təzyiqlərin edilməsi və sair məsələlər qaldırılıb. Düzdür, ölkə vətəndaşlarının, suya ehtiyacı olan obyektlərin, təsərrüfatların su ilə təmin edilməsi istiqamətində son illər böyük işlər görülüb, addımlar atılıb, bunlar hamısı göz qarşısındadır. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, Ceyranbatan su anbarının daha müasir vəziyyətə gətirilməsi, Göytəpə, Tovuzçay su anbarlarının inşası, Taxtakörpü, Şəmkirçay ilə bağlı addımların atılması və sair deyilənlərin əyani sübutudur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldənizi Səlimov deyib.

Millət vəkili bildirib ki, bunların nəticəsində xüsusilə, Abşeron, Bakı və Bakıətrafı kənd və qəsəbələrin suya, xüsusilə, içməli suya olan tələbatanın ödənilməsində xeyli müsbət irəliləyişlər özünü göstərib, o cümlədən, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, dövlət proqramları nəticəsində bu istiqamətdə işlər davam etdirilməkdədir.

“Amma çox təəssüflər olsun ki, dünən ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən su müşavirəsində də narahatlıqla ifadə olunduğu kimi, su qıtlığı özünü kəskin şəkildə göstərməkdədir, xüsusilə də, ölkənin Mil-Muğan bölgəsində, Neftçalada, Biləsuvarda və digər bölgəlırimizdə. Bu problemin belə ifrat həddə çatmasında təbii ki, bu sahəyə cavabdeh olan bəzi yerli və mərkəzi icra hakimiyyəti qurumların, məsul şəxslərin də məsuliyyət payı az deyil. Laqeydlik, səhlənkarlıq göstərilməsəydi, suyun paylanmasında ədalətsizliklər olmasaydı, həmçinin, su məsələlərinin həlli ilə bağlı büdcədən ayrılan vəsitlər vaxtında düzgün bölüşdürülsəydi və düzgün məcraya yönəldilsəydi, vəziyyət bu həddə gəlib çatmazdı.

Görünür ki, bəzi qurumlar və şəxslər hələ də öz məsuliyyətlərini sonacan anlamırlar və ya anlasalar da, üzərlərinə düşən vəzifənin öhdəsindən gəlməkdə maraqlı deyillər. Odur ki, bu cür hallara tamamilə və təcili şəkildə son qoyulmalıdır. Müşavirədə də deyildiyi kimi, qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.Dövlət başçısının çıxışından sitat:

“Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır…”.

Bəli, elə hesab edirəm ki, burada əlavə, uzun-uzadı izahata da yer qalmır, hər şey öz açıqlığı ilə özünün əksini tapıb. Bu, çox ciddi xəbərdarlıqdır, çoxları bundan ciddi dərs, nəticə çıxarmalıdır və su problemi minimuma endirilməlidir…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Belələri ilə nəinki su qıtlığını aradan qaldırmaq, heç bir çaynik su gətirməyə də getmək olmaz…”-MİLLƏT VƏKİLİ “SU MƏMURLARI”NI YIXIB-SÜRÜDÜ…

Read Next

“Həmin tikilinin təmir edilərək Rəşad Mahmudovun ev muzeyinə çevrilməsi məsələsini qərarlaşdırdıq”- MİLLƏT VƏKİLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir