“Bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir”-MİLLƏT VƏKİLİ

Müstəqil siyasət yürüdən Azərbaycan inkişaf modeli və təkmil islahatları ilə beynəlxalq aləmin diqqət mərkəzindədir. Şübhəsiz ki, bu da dünya birliyində dostlarımızın, tərəfdaşlarımızın sayını getdikcə artırır, beynəlxalq təşkilatlarda ölkəmizin reytinqini yüksəldir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, biz bu günlərdə Azərbaycan dövlətinin getdikcə artan nüfuzunun bir daha şahidi olduq:

“BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu. Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi”.

N.Həmzəyev diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünya siyasətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi:

“120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev açılış nitqi ilə çıxış etdi. Dövlət başçısı koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılmasının Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. 2019-2021-ci illər üzrə Qoşulmama Hərəkatında sədrlik edən ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin – planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi”.

“Azərbaycan Prezidenti İlham Əliyevin hazırda rəhbərlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından koronavirusla mübarizədə birgə tədbirlər görmək üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi atılan addımların davamı oldu. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur qaydaları”na müvafiq bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni, 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verib” – deyə, sonra deputat qeyd edib.

N. Həmzəyev həmçinin bildirib ki, bu çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi Azərbaycanın üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməsi örnəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, onun Prezidentinə olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir:

“Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə birliyin formalaşmasına təkan verəcək. Sessiya həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səylərini birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq”.

Etikxeber.az

Read Previous

Daha 544 yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

Paşinyan həmin aləti də itirdi…-TƏHLİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir