“Bu da qismət, tale məsələsidir…Şəhidlik yox, Qazilik varmış qismətimdə…”-BALAKƏNLİ QAZİMİZ, BƏDƏNİNDƏ HƏLƏ DƏ 79 QƏLPƏ GƏZDİRƏN BAŞ LEYTENANT HACI MURADOV – FOTOLAR

Bir il iki aydan sonra mənim üçün Goranboy, Qızılhacılı qədər doğma və əziz olan Balakəndəyəm…

Yenə Balakənli qardaşlarımın, dostlarımın arasındayam…

Balakənə (bir yazımda-statusumda da qeyd etmişdim) ötən ilin sentyabr-oktyabr aylarında gəlmək istəyirdim, amma həm koronavirus səbəbi, həm də İkinci Vətən Müharibəsi ilə bağlı gələ bilməmişdim…

Çox sağ olsun,bir neçə gün öncə hörmətli millət vəkilimiz Nəsib Məhəməliyevin köməkçisi Yusif müəllim mənə mesaj yazaraq, Balakənə getməklə bağlı təklifini səsləndirdi və mən də bu təklifi çox minnətdarlıqla qəbul edərək, vaxt təyin edərək, onunla birlikdə bu gün nəhayət, Balakənə, Balakənimə gəldik…

Bir daha həm Nəsib müəllimə, həm də Yusif müəllimə öz dərin minnətdarlığımı, təşəkkürlərimi ifadə edirəm!

Beləliklə, Balakəndə dostlarım, qardaşlarım Nasirlə, Mehmanla, Anarla, ilk dəfə Talalarda Anarın gözəl ailəsi ilə bir araya gəldim…

Və hələ Balakənə gəlməzdən öncə vəd etdiyim kimi, İkinci Vətən Müharibəsi Qəhrəmanımız, İgid baş leytenantımız, Qazi qardaşımız Hacı Muradova baş çəkdim, onun Qazma kəndindəki evində oldum…

Sosial şəbəkə hesabımda və Etikxeber.az-da da yazdığım kimi, Qazimiz dostum-qardaşım Anarın yeznəsidir…

Onun İkinci Qarabağ Savaşında bir hərbçi kimi iştirak etdiyini və Kəbəcər istiqamətində döyüşlərdə iki dəfə yaralandığını, ölümdən döndüyünü də Anar mənə demişdi…

Müharibənin ilk saniyəsindən cəbhə bölgəsində olan Qazimiz, İgidimiz oktyabrın 1-də döyüşlərdə yaralansa da, bir daha yaralı halda döyüşlərə atılıb və oktyabrın 2-si axşam yenidən və çox ağır şəkildə yaralanıb…

Əvvəlcə Göygöl, sonra Gəncə xəstəxanalarına, daha sonra Şəmkir hospitalına yerləşdirilib…

Bir xeyli müddət orada-Şəmkir hospitalında müalicə aldıqdan, əməliyyat edildikdən sonra da evinə-məzuniyyətə göndərilib…

Başından-beynindən 7 sm uzunluğunda qəlpə çıxarılan, qolundan yaralanan, bədənində 79 qəlpə gəzdirən İgidimiz hələ də müalicələrini davam etdirir…

Bir neçə gündən sonra yenidən Bakıya gedəcək, hospitala yerləşəcək, müalicəsini davam etdirəcək…

İxtisasca tarixçi olsa da, 2016-cı ildən həyatını hərblə bağlayan Qazimiz iki gözəl övlad, şirin-şəkər qız atasıdır…

Qazimiz Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə”“Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub…

Ailədə 7 uşaq-5 bacı, 2 qardaş olan Hacının digər hərbçi-mayor qardaşı da İkinci Vətən Müharibəsinin Qəhrəmanlarındandır…

O da Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunub…

İki qardaş, İki Qəhrəman…

Qazimizin anası “Şükür bu günə, bu gününə…Allah Hacımı mənə hədiyyə etdi yenidən”-deyərək, hər iki oğlu ilə fəxr etdiyini bildirdi…

Qazimiz öz isə “İnsan üçün ana, ata, ailə, övlad əzizdir, doğmadır, müqəddəsdir…Amma Vətən onlardan da əzizdir…Bu, adi söz, pafos deyil…Müharibədə iştirak edərkən, döyüşərkən…bunu daha çox hiss edirsən, edirdik…Vətən başqa bir hissdir, heç nə ilə əvəz, müqayisə oluna bilməz…Biz orada olarkən ancaq Şəhidliyi düşünürdük, Şəhid olmağı arzulayırdıq…Hətta ikinci dəfə yaralananda bir anlıq elə bilmişdilər, elə bilmişdim ki, mən də Şəhid olmuşam…Bu da qismət, tale məsələsidir…Şəhidlik yox, Qazilik varmış qismətimdə…”-dedi və öz sənətini, peşəsini-müəllimliyi hərb sənətinə dəyişməsindən də peşman olmadığını, əksinə, bundan qürur duyduğunu bildirdi…

Qazimiz danışdıqca, bir daha gözümdə ucaldı, bir daha belə İgidimizin, Qəhrəmanımızın, Cəsur Vətən oğlunun olması ilə qürur duydum, fəxr etdim…

Allah İgid Qazimizi, gözəl ailəsini qorusun, onu tezliklə əvvəlki sağlamlığına qovuşdurun…

Fəxrimizdir, qürurumuzdur, minnətdarıq, borcluyuq ona və onun kimi Oğullara…

Bir daha Allah köməyi və köməkləri olsun!

Amin!

15.01.2021, Qazma, Balakən

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək…”-FATMA YILDIRIM

Read Next

18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat-FƏALİYYƏT GÖSTƏRMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir