Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün 2020-ci il İyul-Tovuz döyüşləri Şəhidlərindən olan Rəşad Rəşid oğlu Mahmudovun doğum günüdür…
Rəşad Mahmudovun bu gün 32 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur…
Cənnətdəki dördüncü doğum günündən bir gün öncə, dünən-1 iyul 2024-cü il tarixində Şəhidimizin Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki ocağını, tək-tənha yaşayan anasını-Sevda Ananı, Sevda Mahmudovanı ziyarət etdik…
Ziyarətdə mənimlə birlikdə tək övladlarını Şəhid vermiş, həm də Rəşad Mahmudovla tələbə yoldaşı olmuş İkinci Vətən Müharibəsi Şəhidi Həsənağa Abdullazadənin valideynləri-anası Səmilə xanım, atası Şakir Abdullazadə, o cümlədən hər zaman Şəhid ailələrinə xüsusi diqqəti və həssas münasibəti ilə seçilən xeyiriyyəçi Vəfa Muradova və onun xeyirxah əməl sahibi dostları iştirak edirdi…
Ziyarət zamanı Şəhidimizin anası Sevda Anaya Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!”-dedik…
Şəhidimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…
Bir ömür boyu Qəhrəman, Vətən sevdalısı Rəşadlara, cəmi Şəhidlərimizə borclu olduğumuzu bildirdik…
Rəşad Mahmudov da daxil olmaqla, cəmi Şəhidlərimizi, onları bu Vətən üçün yetişdirən Qəhrəman ailələri, Qəhrəman valideynləri unutmağa haqqımız olmadığını dilə gətirdik…
Bu yerdə qeyd edim ki, Dərdli, Yaralı və Qəhrəman Sevda Ana illər öncə digər-sonbeşik oğlunu da vaxtsız və faciləli şəkildə itirib…
İki övlad, iki oğul və ikisi də Haqqın dərgahına qovuşub…
Biri cəmi 15 yaşında faciəli şəkildə bu fani dünyaya, bu amansız həyata “əlvida” deyib, biri isə cəmi 28 yaşında Vətən yolunda qəhrəmancasına Şəhid olub…
Və dörd ildir ki, Sevda Ana tək-tənha yaşayır…

2020-ci ilin iyuluna kimi sonbeşik oğlunun-Rəisinin yolunu gözləyən Sevda Ana dərdi azmış kimi Tovuz döyüşlərindən sonra da böyük oğlunun, Şəhidinin-Rəşadının yolunu gözləyir…
Dərd, Kədər dolu gözləri hər gün yoldadır…
Amma…
Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanıSevda Ana ilə danışarkən, təsəll verməyə çalışarkən…həyəcanlamamaq, göz yaşlarına boğulmamaq mümkün deyildi…
Gerçəkdən də yenə söz bitdiyi yer idi…
Təkbaşına, minbir əzab-əziyyətlərlə, çətinliklərlə böyütdüyü hər iki oğlu, hər iki övladı bu gün həyatda deyil…
Çox ağır, çox acı, sözlə ifadə edilməsi mümkün olmayan mənzərə…
Sevda ananın qəhər içində dediklərindən:
“Bu evi Rəşad özü tikdirməyə başlamışdı…Hətta evin, həyətin qapısını başqa-yol istiqamətinə qoydurmuşdu…Deyirdi ki, qoy yola yaxın olsun, həyatdır, bilmək olmaz…Sən demə, Şəhid olacağını bilirmiş…Bu evi tikdirib başa gətirmək balama nəsib olmadı (Gözləri dolur)…Mən özüm onu tikdirib başa çatdırdım…Bu, artıq Rəşadın ocağdır…Bu evi xalqımız, insanlarımız üçün tikdirib başa çatdırdım…Gəlib balamı ziyarət etsinlər…Hər kim gəlib balamın ocağını ziyarət edirsə, Allah ondan min dəfə razı olsun! Mənə heç nə lazım deyil..Mən, sadəcə, istəyirəm ki, gəlib balamın ocağını ziyarət etsinlər, ruhunu sevindirsinlər…”
Onu da qeyd edim ki, ailənin iki oğlan övladından biri olan Rəşad Mahmudov 1992-ci ilin iyul ayının 2-də Biləsuvar rayonun Aşağı Cürəli kəndində-çox kasıb bir ailədə dünyaya gəlib…
Uşaq vaxtlarından anası-anaları Sevda xanım onlara həm analıq, həm atalıq edib…
Aşağı Cürəli kənd orta məktəbində oxuyan Rəşad sonradan təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib…
Hərbi Liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alıb…
Ali hərbi təhsilli, peşəkar hərbçi olub…
Leytenant, sonra isə Baş leytenant rütbəsini daşıyıb…
İllər öncə tək qardaşını-Rəis Mahmudovu çox erkən və faciləli şəkildə itirib…
Və 2020-ci ilin İyul-Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun Baş leytenantı kimi əfsanəvi general Polad Həşimovla birlikdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəş 13 iyul 2020-ci il tarixində Aşağı Cürəli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “İgidliyə görə” medalı ilə təltif olunub…
28 yaşında Şəhidlik məqamına ucalan Rəşad həm də subay olub…
Məqamı Uca, dərgahı, Cənnətdəki dördüncü doğum günü bir daha mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az