“Bu faktın özü Azərbaycanın mövqeyinin müdafiə olunduğunun göstəricisidir…”-ELNUR ALLAHVERDİYEV – GUAM PA AZƏRBAYCANA DƏSTƏYİNİ İFADƏ ETDİ

Bu gün Azərbaycanın təşəbbüsü ilə GUAM Parlament Assambleyasının (PA) növbədənkənar Büro iclası keçirildi. İclasda həmkarlarım Azər Kərimli, Fatma Yıldırım və Qüdrət Həsənquliyev də iştirak edirdi. Bu təşəbbüsün başlıca məqsədi Ermənistanın Azərbaycana qarşı yönəlmiş son aqressiyasının müzakirəsi idi və biz tərəfdaşlarımız – Gürcüstan, Ukrayna və Moldovaya səsimizə yekdilliklə dəstək verdiklərinə görə təşəkkür edirik. Büro iclası ümumdünya miqyaslı problem – Covid-19 pandemiyası fonunda baş tutduğundan təbii ki, tərəfdaşlarımızla bu mövzuya toxunmaya bilməzdik. Nümayəndə heyətləri öz ölkələrində koronavirusla bağlı vəziyyətə dair məlumat verdikdən sonra qərara alındı ki, bu istiqamətdə gələcəkdə də qarşılıqlı əməkdaşlıq gücləndirilsin.

Etikxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev bildirib.

“Bugünkü iclasımız onunla da əlamətdar oldu ki, üzv dövlətlərin nümayəndə heyətləri yekdilliklə təşkilatın sıralarının genişlənməsi perspektivləri ətrafında məhsuldar müzakirələrə ehtiyacın olduğunu bildirdilər. Hesab edirəm ki, bu faktorun çox pozitiv perspektivləri var və güman ki, qarşıdakı dövrdə məsələ ətrafında fəal müzakirələr aparılacaq”-deyən millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, tərəfdaş dövlətlərin nümayəndə heyətləri Azərbaycanın Büro iclasını məhz Ermənistanın işğalçılıq əməllərinin müzakirəsi üçün çağırmasına ilk gündən dəstək verdi, bu gun isə problem ətrafında aktiv disskusiya aparıldı.

“Bu faktın özü Azərbaycanın mövqeyinin təşkilatın Parlament Assambleyası tərəfindən müdafiə olunduğunun göstəricisidir. Hər bir üzv dövlətin nümayəndəsi bəyan etdi ki, ölkələrinin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeləri dəyişməz olaraq qalır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və bu məsələnin şübhə altına alınması istisna olunur. Moldovadan olan həmkarım Aleksandru Jizdan qəti şəkildə bildirdi: “Mövqeyimiz dəyişməzdir və bu, müzakirə oluna bilməz!”Şübhə yoxdur ki, Azərbaycanın beynəlxalq çəkisinin çox yüksək olduğu dövrdə Ermənistanın sərhəd bölgələrimizdə yeni təxribatlara əl atmaq cəhdi bizim yaxın müttəfiqlərimiz tərəfindən pislənilir və bu, bizim beynəlxalq platformalarda ermənilərin mövqelərinə sarsıdıcı zərbələr vurmaq imkanlarımızı genişləndirir. Hesab edirəm ki, növbədənkənar Büro iclası Azərbaycanın maraqları baxımından olduqca uğurlu nəticələrlə yekunlaşdı. Bu uğur bizə gələcəkdə imkan verəcək ki, GUAM-ın tərəfdaş təşkilatlarında da Azərbaycanın maraqlarının qəbul olunması istiqamətində məhsuldar fəaliyyət həyata keçirilsin”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 9 ölüm-DAHA 332 YOLUXMA…

Read Next

“Minsk qrupunun üzvlərindən biri kimi Rusiya Qarabağ probleminin sülh yolu ilə həllinə maksimum səy göstərir”-SƏFİR SAHİBƏ QAFAROVA İLƏ GÖRÜŞÜNDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir