“Bu fikirlər Ermənistan və onun havadarları üçün də ciddi mesajdır…”-MİLLƏT VƏKİLİ

Bu gün Azərbaycan cəmiyyəti torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R. Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsində dövlətimizin möhtəşəm Qələbəsini şərtləndirən bir sıra mühüm amillər var:

“Ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xarici siyasətində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərində bərabərhüquqlu tərəfdaşlığa və beynəlxalq hüquqa istinad edir”.

Deputatın sözlərinə görə, son 17 il ərzində mərhum Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu:

“Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Digər vacib məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, son 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində də məqsədyönlü iş aparıb. Məhz düşünülmüş və uzaqgörən siyasət nəticəsində işğal faktı 44 günlük Vətən müharibəsi ilə aradan qalxdı.

Fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti dəfə işğaldan azad edilmiş ərazilərə -Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına etdikləri səfərə toxunan R.Məmmədov söyləyib ki, bu səfər azad olunmuş torpaqlarımıza böyük qayıdışın ifadəsidir. Artıq Laçın rayonunda ilk infrastrukturun açılışı oldu. Bu isə o deməkdir ki, həmin ərazilərdə quruculuq işləri böyük sürətlə aparılacaq”.

Deputatın dediyinə görə, ölkə Prezidenti səfər zamanı bir daha mühüm bəyanatlar verdi və qeyd etdi ki, biz daim bu torpaqlarda yaşayacağıq:

“Dövlətimizin başçısının fikirləri Ermənistan və onun havadarları üçün də ciddi mesajdır”.

R. Məmmədov həmçinin qeyd edib ki, tarixdən ibrət dərsi götürməliyik və gələcəkdə belə faciələri yaşamamaq üçün işğal tarixini unutmamalıyıq:

“Dövlətimizin başçısı qeyd etdiyi kimi, 1990-cı illərin əvvəlində torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasının başlıca səbəblərindən biri respublikamızdakı qeyri-sabitlik, xaos və hakimiyyət uğrunda mübarizə idi. Bu gün radikal müxalifət Azərbaycanın xalqının qazandığı möhtəşəm Zəfərin əhəmiyyətini kiçiltməyə çalışır. Amma hər kəsə məlum olan faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub.

Amma Vətən müharibəsində biz bu torpaqları düşməndən azad etdik. Müzəffər Ali Baş Komandanımız fevralın 14-də işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçın rayonunda oldu. Biz artıq tarixi torpaqlarımıza qayıtmışıq. Bu qalibiyyətin əsas səbəbkarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və qəhrəman Azərbaycan Ordusudur. Eyni zamanda, milli birliyimiz və həmrəyliyimiz Qələbəmizdə mühüm rol oynadı. Ona görə də radikal müxalifət heç bir halda Qələbəmizə kölgə sala bilməyəcək”.

Etikxeber.az

Read Previous

“Dördüncü səfər, dördüncü Zəfər, dördüncü Qələbə! Yolumuz, Haqqımız, Zəfərimiz mübarək olsun!”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

“Belə anlaşılır ki, adamın yalnız özünü deyil, verilişini də işdən çıxarırlar”-DEPUTAT – VAQİF MUSTAFAYEV “SPACE”-DƏN GEDƏNDƏN SONRA VERİLİŞİ DƏ “İŞDƏN” ÇIXARILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir