“Bu fotolara yaxşı, diqqətlə baxın…Birinci Qarabağ Savaşını, onun ağrı-acısını canında, bədənində, ruhunda yaşadan İgid…”- KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Bu, mənim sözün əsl mənasında İgid, Qorxmaz, Qəhrəman, Birinci Qarabağ Savaşının, Birinci Vətən Müharibəsinin (1993-cü aprelindən 1994-cü ilin yanvarınacan ən ağır döyüşlərdə olub, döyüşüb, vuruşub…Goranboy-Tərtər-Ağdərə istiqamətində…) İştirakçılarından, Qazilərindən, Goranboy qartallarından, məşhur Goranboy batalyonun döyüşçülərindən olan əmim oğlu, həm də on illik sinif yoldaşım Elşən Əvəz oğlu Həmidovdur…

Bugünlərdə 49 yaşı tamam oldu…

İxtisasca bədən tərbiyəsi müəllimidir…

İki övlad, bir qız, bir oğlan atasıdır…

Uşaq vaxtlarından da atasını-əmimi itirib…

Anası-Humay mamam minbir əziyyətlə böyüdüb onu, həm də qardaş və bacısını…

Xatırlayanlar bilər, yadlarına düşər: bir müddət öncə, İkinci Vətən Müharibəsinin ən qızğın günlərində də onun haqqında FB-də geniş status yazmışdım…

26 il keçir yaralanmasından (Ağdərədə, Akop-Kamaridə), ölümdən dönməsindən və hələ də bədənində, ruhunda, canında o günlərin, o döyüşlərin ağrı-acısını yaşayır, yaşadır, daşıyır…

Hələ də bədənində qəlpələr qalmaqdadır…

Hətta bu yaxınlarda-26 il keçəndən sonra məlum olub ki (həkim müayinəsindən, aparatdan keçərkən), bədənində daha bir qəlpə qalır və cərrahiyyə əməliyyatı keçməlidir…

Ancaq koronavirusa görə, çəkinib, ehtiyat edib, əməliyyata razılıq verməyib…

26 il keçir, ancaq hələ də bədəni, qıçları, əli, qolu nə gündədir…Sözlə ifadəsi mümkün deyil…

Bununla belə, 26 ildir dözür, yaşayır…Çünki ruhən, mənən, fizikən güclüdür, çox güclü…

Bu günə qədər də heç nəyin sahibi, yiyəsi deyil…

Nə əlillik dərəcəsi verilib, nə sonradan müalicə-müayinəsi ilə maraqlanılıb, nə də evlə, maşınla təmin olub…

Hələ ev, maşın qalsın bir tərəfə, ən azı əlillik dərəcəsi almalı və igidliyinə görə, təltiflənməlidir…Bunu haqq edir, özü də sonunacan!

Özündə də səhlənkarlıq, səhvlər az olmadı, deyilənlərə də vaxtında qulaq asmadı…

Amma artıq yaşa dolur, övladları, onların gələcəyi var, haqqını alması lazımdır, haqqı tanınmalıdır, ən azı əlillik dərəcəsi verilməlidir…

Hazırda Azərbaycandan kənardadır, amma buna baxmayaraq, inanmaq istəyirəm ki, əmim oğlunun da halal haqqı tanınacaq, gərəkən layiqli qiymətini alacaq!

***

Eyni zamanda, onunla bağlı yazdığım köhnə Fb statusumu da burada bölüşürəm:

“1994-cü ilin hər mənada qarlı-tufanlı, qaranlıq günləri, qışı idi… Ağdərə istiqamətindən od yağdırılırdı, Kəlbəcərlə bağlı dəhşətli uğursuz əməliyyat olmuşdu…Goranboyla Tərtərin işğalı an məsələsi idi…

Dəhşətli döyüşlər gedirdi…Amma Vətən oğulları, Goranboy, Tərtər…igidləri dirənirdı sonacan…5 mərtəbəli Goranboy xəstəxanasında koridorda belə yer yox idi, ölü, yaralı sayı itmişdi…Ah-nalələr yeri-göyü inlədirdi…İnsanlıq dramı yaşanırdı… Həmin vaxt bir neçə, 10-a yaxın qohumum döyüşlərdə idi…Döyüşən Qızılhacılıların sayı-hesabı yox idi…Əmim oğlu və sinif yoldaşım Elşən Akop-Kamaridə ağır yaralanmış, pəhləvan cüssəli Cabbarla Bəşir Şəhid olmuşdu və digərləri…Həkimləri də qınamaq olmurdu, başlarını itirmişdilər…

Əsas ağırlıq da rəhmətlik Faiq həkimlə Mehman doktorun çiyinlərinə düşmüşdü…Göydə Allahın, yerdə rəhmətlik papamın, adları çəkilən həkimlərin, eləcə də, güllə, mərmi…yağışı altından (həyatını risq altına qoyaraq), döyüş bölgəsindən çıxaran digər, böyük əmimizin oğlu, Qarabağ Veteranı Məsudun sayəsində Elşəni yenidən həyata döndərmək mümkün oldu…

Sanki Allahın bir möcüzəsi idi onun həyata qayıtması…Həmin vaxt qış tətilində, kənddəydim… Tətil olmasa belə, gələcəkdim… Elşənin başında növbə çəkirdik…Bir də gördük ki, kəndçimiz, qohumumuz Sədi kişi ağlaya-aglaya papaımı axtarır…Kiçik oğlu Kəlbəcər əməliyyatında yaralanmış, qar uçqunu altında qalmış, ayaqlarını don vurmuş, ən azı bir ayağı kəsilməli idi…

Papama yalvarırdı ki, Elşənin həyatını necə xilas etdirdinsə, oğlumun həyatını da xilas etdir, qoyma ayagını kəssinlər… Papam ilk dəfə idi ki, çar-naçar qalmışdı, həkimlərlə danışmış, onlar da mümkünsüz olduğunu bildirmişdilər… Rəhmətlik Sədi kişinin gözləri isə papamda idi… Həm də vaxtı ilə papama bilmədən olsa da, böyük haqsızlıq etmişdi deyə utanırdı…

Axırda dözə bilmədim, papamın qollarından sallaşdım ki, papa, qadan alım, qurbanın olum, mənim xətrimə bir daha həkimlərlə danış, qoyma uşağın ayağını dibindən kəssinlər…Göz yaşlarımı da saxlaya bilmirdim…Papam dedi ki, yenə cəhd edərəm və yenidən həkimlərlə danışmağa getdi…Bir də gördüm uşaq kimi, sevinə-sevinə gəldi ki, ayağını kəsməməyə razı oldular, ancaq qanqrenanın irəliləməməsi üçün barmaqlarını kəsəcəklər…Tez gedib bu xəbəri Sədi kişiyə çatdırdıq…

Sevincindən bilmirdi ki, nə etsin, minnətdarlıq etmək istəyirkən də, papam dedi ki, lazım deyil, insanlıq borcumdur, həm də mənə yox, Kamilə minnətdarlıq düşür…Üstündən 26 il keçir…Həmin oğlan indi ailə-uşaq sahibidir, Allah başacan, xoşbəxt etsin…Bugünlərdə isə Sədi kisinin nəvəsi, qızının tək oğlu Vətən uğrunda döyüşlərdə Şəhid oldu…

Nur içində yatsın, məkanı cənnətlik olsun, Fariz balamızın… Qanı yerdə qalmır və qalmayacaq… Qələbə bizimdir və bizim olacaq!”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dağıdılmış, erməni vəhşiliyinə məruz qalmış bəzi yerlər, binalar olduğu kimi, saxlanılmalıdır, gələcək nəsillərə çatdırılmalıdır”-PARLAMENTİN KOMİTƏ SƏDRİ

Read Next

Zahid Orucun illər öncə səsləndirdiyi “QARABAĞ” Universiteti təklifi-REALLAŞACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir