“Bu, gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək” – SPİKER – FOTO

Oqtay Əsədov: 2,5 trilyon kubmetr qaz ehtiyatımız var

Bizim “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Milli Məclisin (MM) sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya səfəri zamanı Azərbaycan parlamentinin sədri tərəfindən səsləndirilib.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb. O.Əsədov Birinci vitse-prezident Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən O. Əsədov diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb.

Görüşdə MM-in sədri Ermənistan-Azərbaycan  münaqişəsi barədə də danışıb.

Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Senatın sədri Maria Elisabetta Alberti Kasellati öz növbəsində Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

spiker-kasselati-2

O.Əsədov İtaliya-Azərbaycan Dostluq Qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşündə isə bildirib ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır:

“İndiyədək İtalyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyata alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6,22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1,48 milyard dollar həcmində ticarət əməliyyatı həyata keçirilib”.

Görüşdə enerji sahəsindəki əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub:

“Bizim “Şahdəniz”, “Abşeron”, “Ümid” və digər yataqlarımızda təsdiq olunmuş 2,5 trilyon kubmetr qaz ehtiyatları var ki, bu da gələcək 100 il ərzində bizə və tərəfdaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq

Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şaxələndirməni təmin etmiş olacaq. Bu layihələrin (“Şahdəniz-2”, TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir”.

K.HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sayımız Güney Qafqazı dövrələməyə yetər! – SAHİB ALIYEV

Read Next

Deputatlar Azərbaycanın narahatçılığını gürcülərin diqqətinə çatdırdı – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir