“Bu günə qədər də telefonum susmur…” – NURİYYƏ HÜSEYNOVA

Nuriyyə Hüseynova: Konsertimdən sonra bir çoxlarını həyatımdan, dostluğumdan sildim
Etikxeber.az  tanınmış sənətçi, Əməkdar artist Nuriyyə Hüseynovanın müsahibəsini təqdim edir:
– Nuriyyə xanım,bugünlərdə Heydər Əliyev adına Respublika Sarayında “Eşq bir sirrdir” adlı solo-konsert verdiniz. Bir sadə vətəndaş Nuriyyə Hüseynova olaraq, müğənni Nuriyyə Hüseynovanın sənət gecəsindən razı qaldınızmı?
– Çox razı qaldım. Çünki mən ürəyimin səsi ilə, sevdiyim mahnıları oxuyurdum. Musiqi, mahnı seçimləri özümün ürəyimdən gələnlər idi. Bu baxımdan, çox xoşuma gəldi. Yəni, bir var ki, sənin bir mahnını sənə zorla oxutdursunlar, bir də var ki, sən sevdiyin mahnıları oxuyasan. Mən, sadəcə, ürəyimin səsini oxuyurdum, öz ruhumu oxuyurdum. Eyni zamanda, təbii ki, tədbirin təşkilatı tərəfləri çox ağır və məsuliyyətli idi.
Çünki Heydər Əliyev adına Respublika Sarayında konsert vermək çox da asan məsələ deyildi. Sadəcə, mənim bütün işlərimə Allah özü kömək edirdi, sanki özü belə düzmüşdü sıraya, mərhələ-mərhələ. Çox maraqlıdır ki, çoxları konsert, sənət gecəsi üçün hədsiz dərəcədə çox pul xərcləyir, çox vaxt da ziyana düşür, zərərə gedir. Mən oradan pul qazanmadım. Mənim ən böyük qazancım o tamaşaçı alqışı və konsertimin yüksək səviyyədə, uğurla keçməsi idi.
nur-2
Hamı bilirdi ki, bu konsertin sponsoru yoxdur. Təbii ki, bir dövlət sənətçisi olduğum üçün İctimai Televiziya mənə dayaq oldu, gəldilər, çəkdilər. Mədəniyyət Nazirliyi, Resapublika Sarayı mənə dəstək oldu, Sarayın qapısını üzümə açdılar, məndən yüksək məbləğlər, filan tələb etmədilər. O qədər özümə qarşı sayğı gördüm, o qədər hörmət gördüm ki, bunlar mənə ruh verdi, mənəvi dayaq oldu.
Respublika Sarayının direktoru Fərhad müəllimin bir sözünü heç vaxt unutmayacağam, o, mənə dedi ki, “Nuriyyə xanım, siz sənətkarsınız, bu, öz yerində, amma siz həm də şəxsiyyətsinizz. Ona görə bizim qapılarımız sizin üzünüzə həmişə açıqdır. Nə vaxt siz konsert versəniz, biz sizə dəstək olacağıq”.
Mən bu sözləri heç vaxt, sözün həqiqi mənasında, unutmaram. Özümə borc bildim və sizə bu müsahibəni ona görə verdim ki, həqiqətən də insanlar görsün ki, vətənimə, millətimə, mədəniyyətimə xidmətim əbəs yerə deyil. Gerçəkdən mən özümə qarşı bir sevgi, sayğı bir gördüm. Təbii ki, küsdüyüm insanlar da var…
-Elə bu məsələyə də toxunacaqdıq. Çünki siz konsertdən dərhal sonra belə bir açıqlama ilə çıxış etdiniz ki, bir çox dostları, yaxınları həyatımdan sildim. Sizi küsdürən, incidən kimlər və nələr idi? –
Elə insanlar var ki, onlar mənim qohumlarımdır, öz ellilərimdir, öz yerlilərimdir. Onlar hamısı yaxşı bilirlər ki, bu günə qədər özüm öz ayaqlarımın üzərində durmuşam və sənətə özüm öz gücümə gələn insanam, heç bir vaxt heç kimdən dəstək görməmişəm.
Mənə Allah kömək edib, istedadım kömək edib. Qarşıma çıxan yaxşı insanlar da olub ki, onlar mənə pislik etməyiblər, yolumu kəsməyiblər. Mən əziyyətimlə, zəhmətimlə getmişəm, addımlamışam bu sənət yollarında. Sadəcə, elə insanlar var ki, onlar tanıdığım adamlardır, öz ellilərim, yerlilərim, qohumlarımdır. Həmçinin, dostlarım, rəfiqələrim var ki, onlarla bizim münasibətlərimiz həmişə saf, səmimi olub.
Görürsünüz ki, böyük işdir, böyük bir yükdür bu. Bir insandan soruşarlar ki, nə problemin var? Bir maraqlanarlar. Ancaq mən bunu onlardan görmədim. Bu dəstəyi hiss etmədim. Çox insanlar var ki, onlara dost demişəm, rəfiqə demişəm, qohum demişəm, yerlim demişəm, amma məndən heç inciməsinlər də, küsməsinlər də, onların heç birindən bu mənəvi dəstəyi görmədim, hiss etmədim. Və mən özüm bir daha belə bir qərar qəbul etdim ki, bu dünyada bir özünə güvən, bir də Allaha. Mən saxtalığı sevmirəm. Açıq söyləyəcəm, bəziləri məni görəndə yalandan “ay sənin sənətini sevirik, ay sən bizim fəxrimizsən, ay sən bizim ucalığımızsan, ay filansan, ay səb feşməkansan” və sair deyirdilər.
Mən belə saxta söhbətləti sevmirəm. Olduğun kimi, göründüyün kimi ol, yetər. Mənim bir kimsədən nə hansısa istəyim olub, nə də bu günə qədər kimsədən bir şeylər istəmişəm, sadəcə, bu konsertdə düşünürdüm ki, Saray çox böyükdür, 2000 nəfərlik yerdir, oranı doldurmaq çox çətindir. Təbii ki, böyük konsertlərdə böyük təşkilatlar, böyük sponsorlar olur.
Birdən mənim də zalım boş olar? Birdən mən də nəyləsə qarşılaşaram? Amma heç qarşılanmadım. Yəqin ki, özünüz də gördünüz ki, insanlar hamı mənim sənətimi sevərəkdən gəlmişdilər və bu günə qədər də mənim telefonum susmur. Hamı konsert təəssüratlarını mənimlə bölüşür.
Sanki, həqiqi sözümdür, mənə elə bil İlahidən bir vəhy gəlmişdi, konsertdə bir eşq var idi, bir sevgi var idi. O sevgilərin içində İlahi eşq var idi, Vətən eşqi var idi, dünyaya, həyata, yaşamağa bağlı olan bir sevgi, eşq var idi. Onlar insanın içində tükənməsin. Onlar tükəndisə, insan həyatda məhv olub gedir, depressiyaya düşür, çox pis hallar keçirir. Yəni, bu sevgiyə çağırmışdım, bu işığa toplamışdım insanları. Bir sirri də açım. Konsertdən dörd gün əvvəl möhkəm xəstələndim, qrip oldum.
Düşünürdüm ki, yəqin konserti təxirə salmalı olacağıq, çünki bu xəstəliklə, bu ağrı ilə oxumaq olmayacaq. Mən üç-dörd gün həkimlərdə qaldım, getdim-gəldim, çox əziyyət çəkdim, çox stresslər yaşadım, amma yenə deyirəm, mənim İlahiyə o qədər böyük bir sevgim var ki, o konsertdə mənə elə bir İlahidən vəhy gəlmişdi ki, mən heç nəyi hiss etmirdim. Siz özünüz də hiss etdiniz ki, Allahımın izni ilə mənim səsim həmişəkindən də qat-qat tər-təmiz, aydın işlədi.
nur-3
Təbii ki, mənə dəstək olan insanlar da çox oldu. Mən onların adlarını – birini çəksəm, birini çəkməsəm, ayıb olar və onlar elə insanlardır ki, adlarını çəksəm utanarlar, deyərlər, çox böyük səhv eləmisən, bunlara gərək yox. Onlar hamısı yaxın ailə dostlarım, mənim öz rəfiqələrim idi. Doğurdan da, insanları bir çətinliyə, dara düşəndə tanımaq olur, bilirsən ki, sənin yanında kim var, kim yoxdur. Bunlar çox vacib şeylərdir. Nə isə, çox giley-güzar eləməyək, gileydən söhbət getmir, söhbət uğurlu konsertdən gedir.
– Siz yuxarıda şəxsiyyət məsələsinə də toxundunuz. Sənətlə, yaradıcılıqla, istedadla şəxsiyyətin üst-üstə düşməsi, bir-birini tamamlaması çox vacibdir. Ancaq çox təəssüflər olsun ki, bəzən bunun əksinin şahidi oluruq. Baxırsan ki, sənəti, istedadı var, amma şəxsiyyəti kamil deyil və ya şəxsiyyəti var, amma sənəti, istedadı yetərli deyil…
-Bilirsiniz, şəxsiyyət sonradan olmur. Şəxsiyyət olmaq üçün şəxsiyyət doğulmalısan. Qardaş türklər demişkən, “əsalət” sonradan yaranmır, “əsalət” gendən, nəsildən, ailədən gələcək şeylərdir. Elə insanlar var ki, bir az əynini-başını düzəldir, bir az modern görünür, bir az müasir olmağa çalışır, amma birdən onun hərəkətlərində, onun davranışında hardasa elə bir eybəcərlik, elə bir xoşa gəlməyən bir şey ortalığa çıxır ki, orada artıq o kübarlıq, o əsalət, filan onların hamısının yanında bir dəqiqədə yox olub gedir. Yəni, bu o deməkdir ki, bu, sonradan yaranan bir şey deyil. Əgər varsa var, yoxsa da yox.
Qaldı ki istedada, istedadlı insanlar çox ola bilər. Bizim torpağımız elədir ki, vətənimizin hər bir yerində istedadlı insanlar hər zaman yetişir və bu, hər zaman da olub, yenə də olacaq. İstedadla da şəxsiyyətin ikisinin bir arada olması, bayaq dediyim kimi, ailədən, gendən gələcək bir şeydir, yoxdusa yox, varsa da var. O istedadın üzərinə bir az da təhsil qatılacaq, bir az şəhər həyatı, bir az görmələr, gəzmələr, dünyanın bir çox yerlərinə getmək-gəlmək dünyagörüşünün formalaşması, mütaliə, bunlar hamısı səni kamilləşdirəndə, sən artıq həm şəxsiyyət, həm bir sənətkar kimi öz sözünü deyə, bir şəxsiyyət çevrilə bilirsən.
Yox, əgər, bunlar genində, qanında yoxdursa, bir balaca gəldin, gördün, şöhrət sənin başını qatdı, oğurluq-doğurluq, oradan-buradan beş manat, üç manat pul tapdın, geyindin-keçindin, bahalı maşın, ev, filan, yüksəldin, bir az da başın gicəlləndi ki, ay, bağ belə, bostan belə, məndən yoxdur, o zaman bu, nə şəxsiyyət olur, nə də sənət olur.
Zamanla o insan elə özü də o xarakteri ilə yox olub gedir. Daxili dünyası zəngin, daxili dünyası ağır çəkidə olan insanlar həmişə həm istedad, həm şəxsiyyət sahibi olurlar. Onlar heç vaxt – nə sənətləri, nə istedadları, nə var-dövlətləri, nə şan-şöhrətləri ilə öyünürlər. Sadəcə, düşünürlər ki, mən həyata gəlmişəm, bu, mənim missiyamdır, mən bunu həyata keçirirəm.
Nə gözəl ki, mənim işim var, nə gözəl ki, mənim məşğuliyyətim var, nə gözəl ki, insanlar məndən faydalanır, əksəriyyət məndən xeyir götürür, dincəlir, ruhu qidalanır, əylənir, istirahət edir. Bunlar Allahın bir lütfüdür insana. Əgər sən bunları edə bilirsənsə, nə xoş sənə!
nur-1
konsert-2
konsert-4
konsert-6
konsert-7
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Həyat yoldaşımın da məzarını qucaqlaya biləcəm” – GÜLÜSTAN ƏLİYEVA – FOTOLAR

Read Next

Prezident ATƏT PA-nın prezidentini qəbul etdi… – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir