Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bu gün-1 oktyabr 2024-cü il tarixində İkinci Qarabağ Savaşı Şəhidlərindən Ramal Məmmədovun, Tural Şakir oğlu Abdullayevin və Ziyadxan İbrahim oğlu Əliyevin Əbədiyyətə uğurlanmalarının altıncı ili tamam olur.
Etikxeber.az xəbər verir ki, əslən Gəncəli olan Ramal Məmmədov 2000-ci il, əslən Laçın-Xocalılı olan Tural Abdullayev 1990-cı il, əslən Cəbrayıllı olan Ziyadxan Əliyev isə 1997-ci il təvəllüdlüdür.
Ramal Məmmədov 2000-ci ilin yanvarın 1-də Gəncə şəhərində, Ziyadxan Əliyev 1997-ci ilin yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində, Tural Abdullayev isə 1990-cı ilin 26 fevral tarixində Laçın rayonunun Əriklıi kəndində dünyaya gəlib.
Qeyd edək ki, Tural Abdullayevin doğum günü Xocalı soyqırımı günü ilə üst-üstə düşdüyünə görə sağlığında heç zaman qeyd edilməyib…
Ramal Məmmədov evin-ailənin tək övladı olub, körpə vaxtlarından anası, əslən Qarabağlı İlhamə xanım tərəfindən təkbaşına böyüdülüb…
Ziyadxan Əliyev ailənin 3 övladından biri, Tural Abdullayev isə evin tək oğlu, iki bacının tək qardaşı olub…
Ziyadxan Əliyev ali təhsilli, Tural Abdullayevlə Ramal Məmmədov isə orta təhsilli olub…
Tural Abdullayev peşəkar hərbçi-Xüsusi Təyinatlı, Ziyadxan Əliyev İkinci Vətən Müharibəsinin könüllü iştirakçısı, Ramal Məmmədov isə Azərbaycan Ordusunun Əsgəri idi…
Hər üçü də subay olublar…
Tural Abdullayev Kəlbəcər-Murovdağ istiqamətində, Ramal Məmmədov Füzuli istiqamətində, Ziyadxan Əliyev isə Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıblar…
Şəhidliklərindən sonra üçü də orden və medallarla təltif olunublar…
Bakının Binə qəsəbəsində ailəsinin yaşadığı küçəyə Tural Abdullayevin adı verilib…
Tural Abdullayev Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında, Ramal Məmmədov Lökbatan qəsəbə Şəhidlər Xiyabanında, Ziyadxan Əliyev isə Kürdəmir rayon Şəhidlər Xiyabanında dəfn edilib.
***

Eyni zamanda, bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Mehman Nəriman oğlu Qəmbərov və Səbuhi Şakir oğlu Məmmədovun Anım günləridir.
27 may 1981-ci il təvəllüdlü və ailədə üç övlad- iki qardaş, bir bacı olan Mehman Qəmbərovgil əslən Ağdam rayonunun Maqsudlu kəndindəndirlər.
1993-cü ildən, Ağdamın işğalından sonra Bərdəyə, Qarağacı kəndinə pənah gətiriblər.
Köçkün düşən vaxt 5-ci sinifdə oxuyan Mehman Vətən torpaqları, doğma Ağdamı işğalda olduğu üçün hərb sənətini seçməli olub.
Ali təhsilli, peşəkar hərbçi olan Mehman Qəmbərov polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən isə döyüşlərə atılıb və döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.
Nəşi isə bir gün sonra, oktyabr ayının 1-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…
İgidliyinə və Qəhrəmanlığına görə bir neçə medalla və “Qarabağ” ordeni ilə təltif olunub…
Şəhidimizin iki övladı Vətənə əmanət qalıb.
Səbuhi Məmmədov isə 1982-ci ilin oktyabrın 21-də Mingəçevir şəhərində anadan olub.
9 ilin hərbçisi Səbuhi Məmmədov həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub.
İkinci Vətən Müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində ağır döyüşlər zamanı, sentyabrın 30-da qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 1-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmət görə” ordeni ilə təltif olunub.
Şəhidin anası da oğul dərdinə dözə bilməyib, övladının qırxından az sonra dünyasını dəyişib.
Səbuhi Məmmədovun üç övladı-iki oğlu və bir qızı-Aytac, Ədilşah və Ömər Vətənə əmanət qalıb.
Qızı Aytac Məmmədova hazırda ailəlidir.
***
Bu gün həm də İmişli rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əsəd Fərhad oğlu Həsənovun Anım Günüdür.
Onun da Əbədiyyətə uğurlanmasından 6 il keçir.
Qeyd edək ki, Əsəd Həsənov 1988-ci ilin aprelin 16-da İmişli rayonunun Şahverdili kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Ali-hərbi təhsilli, peşəkar hərbçi idi.
Hərbi xidmət dövründə Kapitan rütbəsinəcən yüksəlib.
Qərargah rəisi işləyib.
İkinci Vətən Müharibəsinin 5-ci günündə, oktyabrın 1-də isə Ağdam rayonunun Mirəşelli kəndi istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi doğulub boya-başa çatdığı Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
O, həm də Şahverdili kəndinin iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Əsəd, eyni zamanda, ailəli-iki övlad atası olub.
Qızına anasının adını-Mələk adını verib, oğluna isə Hüseyn adını qoyub.
İmişli rayonunda adını daşıyan küçə var.
Həmçinin, ötən il Şəhid olduğu yerdə-Mirəşellidə ailəsi tərəfindən xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Bununla yanaşı, ailəsi-anası Mələk Həsənova Əsəd Həsənovun “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülməsini istəyir və bu barədə dövlət başçısına müraciət ünvanlanıb.










Məkanları cənnətlik, məqamları Uca olsun!
Nurlar içində uyusunlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





